Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7141/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(001)-1269/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olur. Cavabdeh MMC-də satış və hasilat üzrə nümayəndə səlahiyyəti ilə sürücü kimi işləmiş, onun vəzifəsi müştərilərə satılan mallara görə yığılan pulları şirkətin xəzinəsinə ödəmək olsa da, işlədiyi müddət ərzində o, müxtəlif mağazalardan yığdığı pulları MMC-nin kassasına təhvil verməmişdir. Onun borclu olmasını xx.xx.2016-cı il tarixdə onun özünün də iştirakı ilə tərtib edilmiş akt təsdiq edir. MMC-nin xx.xx.2015-ci il tarixli əmrinə əsasən o, xx.xx.2016-cı il tarixdən işdən azad edilmişdir. Ona dəfələrlə xəbərdarlıq edilmiş, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ona rəsmi olaraq məktubla müraciət edilərək borcunu ödəmək üçün müddət verilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(001)- 1269/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 35000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayında “xxxxxxxxx” MMC-də sürücü kimi işə başlamışdır. İşə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmamışdır. Ona şifahi şəkildə bildirmişlər ki, əsas vəzifəsi malları ünvanlara çatdırmaqdır. Bir müddət bu qaydada işlədikdən sonra onunla əmək müqaviləsi bağlanmadığı üçün idarə etdiyi maşını firmaya təhvil verib işdən çıxmışdır. İddia ərizəsində və qətnamədə tərəflər arasında bağlanmış əmək müqaviləsinə istinad edisə də iş materiallarında əmək müqaviləsi mövcud deyil. İddiaçı ünvanladığı məktubda mövcud olmayan əmək müqaviləsinin 3-cü bəndinə istinad edir ki, hətta həmin bənddə belə onun pul vəsaitlərinin yığıb firmaya təhvil verməli olduğu göstərilməmişdir. Məhkəmə qətnaməsində göstərilib ki, guya borcu etiraf etmiş, amma məbləğ şişirdilib. Məhkəmədə belə bir izahat verməmişdir. Əksinə bildirmişdir ki, heç bir borcu yoxdur və heç bir aktı da imzalamamışdır. Nə işə qəbulla bağlı, nə işdən azad olmaqla bağlı, nədəki borcunun olması ilə bağlı heç bir yerə imza atmamışdır. Həmin imzalar firmanın öz nümayəndələri tərəfindən onun imzasına oxşadılaraq atılıb. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxx 2020-ci il tarixli 2(103)- 305/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rədd edilməsi və məhkəmə xərci olan 124 və 61,52 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxx 2020-ci il tarixli 2(102)-3534/2020 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 305/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh qeyd etdi ki, o, işə başlayarakən və işdən çıxarkən hər hansı təhvil-təslim aktı olmamışdır. Sürücü işləmiş, onun pul yığmaq səlahiyyəti olmamışdır. Heç bir akta imza atmamışdır. Nümayəndəsi isə göstərdi ki, Cavabdeh MMC-də sürücü işləmiş, lakin onunla nə əmək müqaviləsi, nədəki xidmət müqaviləsi imzalanmamışdır. Fariz sürücü kimi mağazalara mal daşımış, hər hansı pul məsələsinə qarışmamışdır, hər hansı qəbz yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Əvvəla, iş materialları ilə müəyyən edilib ki, cavabdeh birinci instansiya məhkəməsində yalnız borcunun şişirdilməsini bildirərək, iddiaçının istinad etdiyi aktı mübahisələndirməmiş, aktdakı imzanın ona məxsus olmamasına dair heç bir etiraz verməmişdir. Cavabdeh yalnız apelyasiya şikayətində aktdakı imzanın ona məxsus olmamasını bildirmiş, eləcə də birinci instansiya məhkəməsində borcunu qismən etiraf etməsi barədə izahat vermədiyni demişdir. Birinci instansiya məhkəməsində iddiaya etirazın dəlilləri ilə apelyasiya şikayətində irəli sürülən dəlillər yeni və ziddiyyətli olsa da, apelyasiya məhkəməsi bu ziddiyyəti araşdırmamış, həmin ziddiyyətləri aradan qaldırmağa yönələn halları müəyyən etməmişdir. Həm aktın kserosurət nüsxəsində, həm də əslindəki imzanın cavabdeh tərəfindən icra edilməsi ekspert rəyi ilə təsdiq edilir. Bu baxımdan, aktın əslinin yalnız sonradan təqdim edilməsinə əsasən iddiaçı təşkilatda cavabdehin adından istənilən sənədin tərtib edilməsi barədə gəlinən ehtimal əsaslı hesab edilə bilməz.Apelyasiya məhkəməsi məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30359 saylı rəyini təqdim edilən aktın kserosurəti ilə əslinin fərqli olması barədə suala cavab üzrə qiymətləndirsə də, işdəki kserosurət olan aktın əslindən çıxarılması barədə sual üzrə isə qiymətləndirməyib. Halbuki işin bu halı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.” Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh “xxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləmiş, xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdən işdən azad edilməsini xahiş etmiş və xx.xx.2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. “xxxxxxxxx” MMC tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubla bildirilmişdir ki, şirkətin anbarından təhvil aldığı qida məhsullarını müvafiq təyinatlar üzrə çatdırıb və obyektlərdən məhsulların dəyərini qanunsuz olaraq mənimsəyərək şirkətin xəzinəsinə təhvil verməmiş və bununla da şirkətə 35000 manat dəyərində borc öhdəliyi yaranmışdır. Borc öhdəliyinin olması ilə bağlı iş materiallarında xx.xx.2016-cı il tarixli aktın surəti var. Həmin sənəddən görünür ki, şirkətin satış təmsilçisi və hasilat üzrə nümayəndəsi Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə edərək satılan malların dəyəri olan 35000 manat vəsaiti mənimsəyərək şirkətin xəzinəsinə təhvil verməmişdir. Həmin aktı şirkətin direktoru, cavabdeh və şirkətin hüquqşünası imzalamışlar. Cavabdeh apellyasiya şikayətində aktdakı imzanın ona məxsus olmamasını bildirmiş, eləcə də birinci instansiya məhkəməsində borcunu qismən etiraf etməsi barədə izahat vermədiyini demişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh izahatında göstərmişdir ki, “xxxxxxxxx” MMC-yə borcunun olmasını qəbul edir, lakin borc 35.000 manat deyil. Məbləğ şişirdilib. Aktdakı imzanı mübahisələndirmir, lakin aktın məzmununda nə yazılması yadında deyil (iş.v.44). MPM-nin 271-ci maddəsinə görə, məhkəmə iclasının protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir (maddə 271.1.). İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (maddə 274.1.). Lakin iş materiallarından görünür ki, cavabdeh hazırki iş üzrə keçirilmiş məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, o, məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə-texniki və xətşünaslıq ekspertizası təyin edilmiş, sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 30359 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 8-ci səhifəsində olan xx.xx.2016-cı il tarixli aktın mətni, 1,2,3-cü bəndin qarşısında olan imzalar kserosurət olub, surətçıxaran aparat vasitəsilə çıxarılmışlar, həmin aktın kserosurətinin üzərindəki möhür əksi mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədin üzərinə birbaşa vurulub. Aktın kserosurətinin üzərindəki möhür əksinin sağ tərəfindəki imza, “əsli ilə düzdür” əl yazısı hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa əllə icra edilmişdir. Həmin aktın kserosurəti mülki işin 94-cü səhifəsində olan aktın kserosurəti və 114-cü səhifəsindəki aktın əsli ilə eyni nüsxə deyil, başqa nüsxənin əslindən çıxarılmış aktın kserosurətidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 114-cü vərəqəsində olan xx.xx.2016-cı il tarixli aktda 2-ci sıra nömrəsində “Cavabdeh” yazıları qarşısındakı imza və mülki işin 8-ci vərəqəsində olan kserosurət aktda 2-ci sıra nömrəsində “Cavabdeh” yazıları qarşısında əks olunmuş imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, mülki işin 8-ci səhifəsində olan xx.xx.2016-cı il tarixli aktın kserosurəti 94-cü səhifədə olan aktın kserosurəti və 114-cü səhifəsindəki aktın əsli ilə eyni nüsxə olmasa da, başqa nüsxənin əslindən çıxarılmış aktın kserosurətidir. Yəni mülki işin 8-ci vərəqində olan xx.xx.2016-cı il tarixli akt kserosurət olsa da, əslindən çıxarılmış kserosurətdir. İşin 8-ci səhifəsində olan xx.xx.2016-cı il tarixli aktın kserosurəti ilə 114-cü səhifəsindəki aktın əsli məzmunca eyni sənədlərdir. Hər ikisində olan imzanın Cavabdeh tərəfindən icra olunması da təsdiq edilmişdir. Cavabdehin imzanın ona məxsus olmaması, hər hansı aktı imzalamaması ilə bağlı qeyd etdikləri təkzib olunur. Həmçinin Kollegiya qeyd edir ki, işin 114-cü səhifəsindəki aktın əslinin sonradan təqdim edilməsi daha əvvəl təqdim edilmiş və əslindən çıxarılmış kserosurət olması ekspert rəyi ilə müəyyən edilmiş işin 8-ci səhifəsində olan xx.xx.2016-cı il tarixli aktın mötəbərliyini şübhə altına almağa əsas verən hal deyildir. Hər iki aktın məzmun, üslub, mətnlərdəki ara məsafəsi, nöqtə, vergül və s. işarələrin, habelə vərəqələrin üzərindəki kənar işarələrin (nöqtələrin) və vərəqələrin sağ tərəfində çap maşının buraxdığı qara izlərin birə-bir eyni olması məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, original olaraq cəmi bir akt tərtib olunmuş, sonra isə surətçıxaran maşın vasitəsilə həmin aktın surətləri çıxarılaraq, həmin surətlər ayrı-ayrılıqda imzalanmışdır. İşin 8-ci və 114-cü vərəqələrində olan aktlar da məhz bir nüsxədə çap olunmuş aktın surətləridr. Ona görə də mətnlər və s. eyni olsa da, imzaların yerləşməsi fərqlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(001)- 1269/2019 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 manat və 61,52 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7141/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7141/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver