Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7143/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı (QBTK) X1 (MMM) Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, e-2(001)-2739/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(001)- 2739/2022 saylı qətnaməsinə əsasən, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2755 manat əsas, 337,19 manat faiz, 30 manat cərimə borcu olmaqla ümumilikdə 3122,19 manat məbləğində borcun müştərək qaydada Cavabdeh, Zamin1 və Zamin2 tutularaq İddiaçı QBKT MMM-ə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərardadına əsasən qaytarılmışdır (apellyasiya şikayəti müəyyən edilmiş formada və məzmunda tərtib edilmədiyindən, habelə şikayətini bir hissəsi latın, digər hissəsi kiril qrafikalı hərflərlə tərtib edildiyindən). Cavabdeh həmin qərardaddan poçt vasitəsi ilə şikayət vermiş, lakin şikayət elektron kabinet vasitəsilə verilmədiyindən, habelə imzalanmadığından məhkəmənin 01 sentyabr 2022-ci il tarixli qərardadına əsasən qaytarılmışdır. Sonradan Cavabdeh məhkəmənin 01 sentyabr 2022-ci il tarixli qərardadından elektron kabinet vasitəsilə şikayət vermiş, şikayət məhkəmənin 09 sentyabr 2022-ci il tarixli qərardadına əsasən qaytarılmışdır (şikayət formasına və məzmununa tam riayət olunmadığından). Hazırda Cavabdeh məhkəmənin 09 sentyabr 2022-ci il tarixli qərardadından şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) riayət etmədən vermişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən ilk dəfə verilmiş apellyasiya şikayəti daha əvvəl eyni əsasla qaytarılmış, cavabdeh həmin qərardadı mübahisələndrməmiş, lakin çatışmazlıqları da aradan qaldırmadan analoji şikayəti yenidən vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən qətnamədən verilmiş şikayətin qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı (QBTK) X1 (MMM) Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, e-2(001)-2739/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, e- 2(001)-2739/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7143/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7143/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver