Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7145/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı mülki iş (Açar sözlər: «mülkiyyətin müdafiəsi, mülkiyyətə edilən qanunsuz müdaxilənin aradan qaldırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (“İzmir” restoranı) və ona aid 0.32875 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır və restoran 1995-ci ildən fəaliyyətə başlamışdır. Restoranın əvvəllər nəqliyyat vasitələrinin yolu kimi istifadə edilən girişçıxış qapısının önü mişar daşı ilə "xxxx" QSC tərəfindən bağlanmışdır.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, araşdırma zamanı əməkdaşları tərəfindən mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Müəyyən edilmişdir ki, “İzmir” restoranının həyətyanı ərazisinə gedən məhəllə daxili avtomobil yolu aparılan inşaat işləri ilə əlaqədar Cavabdeh MTK-nın nümayəndələri tərəfindən bağlanmışdır. Gələcəkdə hər-hansı fövqəladə hadisənin baş verməsinin qarşısının alınması məqəsədi ilə qeyd edilən ünvanda obyektlərin perimetrləri boyunca keçidlərin açılması üçün xx.xx.2015-ci il tarixli məktubla Cavabdeh MTK-nın rəhbərliyinə və xx.xx.2014-cü il tarixli məktubla Yasamal Rayon İcra Hakimiyyətinə məktublar göndərilmişdir.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilib ki, həqiqətən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 076/081 nömrəli tikintiyə icazə sənədi əsasında Cavabdeh MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binalarının ərazisinin daş hasara alınması zamanı sözügedən restoranın giriş-çıxış yolu bağlanmışdır.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli İddiaçı, Yasamal Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə ünvanlanmış məktublarda göstərilib ki, göstərilən ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının ətrafının daş hasara alınması zamanı İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranının da istifadə etdiyi və əvvəllər mövcud olmuş nəqliyyat vasitələrinin gediş-gəliş yolu bağlanmışdır. Həmin gediş-gəliş yolunun açılaraq bərpa edilməsi üçün aidiyyəti orqanlara müraciətlər olunsa da, bu yolun açılması təmin edilməmişdir. Birinci məktubda Baş İdarə həmçinin qeyd olunanlarla bağlı Yasamal Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə məktub ünvanlamasına baxmayaraq gediş-gəliş yolunun bərpa edilməsi üçün bugünə kimi heç bir konkret tədbir görülmədiyi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyətinə qarşı mülkiyyətin müdafiəsi, mülkiyyətə edilən qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha. torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdehin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiada göstərilir ki, qısa müddətdə həmin restoran şəhər sakinlərinin və turistlərin daimi istirahət yerinə çevrilmişdir. Restoranda 60 nəfər daimi çalışan işçi olmuşdur. Lakin 8 ilə yaxındır ki, restorana gedən məhəllə daxili avtomobil yolu Cavabdeh-ın rəhbərliyi tərəfindən qanunsuz olaraq daş hasar çəkilməklə tam bağlanılmışdır. Həmçinin cavabdeh də həmin yoldan hər hansı kənar məqsəd üçün deyil, öz təyinatı üzrə bina sakinlərinin gediş-gəliş yolu kimi istifadə edir. Yəni, onların restorana gedən yolun açılması cavabdehin hər hansı hüquq və mənafelərinə toxunmur və həmin yol ümumi istifadə üçün nəzərədə tutulmuşdur. Bir nəfər mühafizəçidən başqa bütün işçilər qaçıb dağılmışdır. Bu hal onların restoranın fəaliyyət göstərməsinə tam mane olmuş, restoranın işgüzar nüfuzuna, onların maddi və mənəvi mənafeyinə mühüm ziyan vurmuş və vurmaqda davam edir. Onlar faktiki olaraq əmlakı idarə etmək imkanından və bundan əldə edəcəyi gəlirlərdən xeyli dərəcədə məhrum olmuşlar. Bütünlükdə Cavabdeh-nın qanunsuz hərəkətləri nəticəsində onlara külli miqdarda ziyan vurulmuşdur. Xüsusilə, həmin yerdə yanğın, uçqun və sair fövqəladə hallar baş verərsə yanğından mühafizə, təcili tibbi yardım və digər xilasetmə qüvvələri maşınlarının hazırda ora daxil ola bilmək imkanı yoxdur. Bu da ilk növbədə insanların həyat və sağlamlığını real təhlükə qarşısında qoymaq deməkdir. Qanunların ən öndə məqsədi və vəzifəsi insan həyatının aliliyinin qorunmasıdır. Bu mənada restoranın ətrafında, sağ və sol tərəfdə yaşayış binalarının olması da məsələnin nə dərəcədə ciddi, fövqəladə olmasından xəbər verir. Hər hansı yanğın halında xüsusi təyinatlı maşınların (texnikaların) müdaxiləsi əlçatmaz olar və baş verən yanğın qarşısı alınmaz ola bilər. Bu isə ağır bərpaolunmaz itkilərin yaranmasına gətirib çıxara bilər. Bu problemin həlli ilə əlaqədar dəfələrlə edilmiş müraciət və xəbərdarlıqlara baxmayaraq onlara restoranın normal fəaliyyəti üçün şərait yaradılmamış, haqlı tələbi təmin edilməmişdir. Tələbi ona görə haqlı hesab edir ki, Cavabdeh bir hüquqi şəxs kimi hələ təsis edilmədiyi vaxtlarda İzmir restoranı mövcud olub tanınmış restoran kimi fəaliyyət göstərmişdir. Həmin vaxt restorana avtomobillərin sərbəst giriş-çıxış yolu, həmin yolun önündə isə avtomaşınların dayana biləcəyi geniş avtodayanacaq mövcud olmuşdur. Fəaliyyətə başladığı gündən indiyədək xüsusi mülkiyyət hüququ əsasında ayrı-ayrı şəxslərin mülkiyyətinə keçmiş bu restorana Əmlak Məsələləri Dövlət Komitəsindən hər dəfə verilən texniki pasportlarda da avtomobillər üçün bu giriş-çıxış yolunun olması öz əksini tapmışdır. Yəni, onlar Cavabdehdan torpaq payı istəmir, qanunun və ədalətin verdiyi öz haqqını tələb edir. Onu da qeyd etmək vacibdir ki, restorana həmin yoldan başqa, alternativ giriş-çıxış yolu yoxdur. Onlar mülkiyyətə edilmiş qəsd və ya başqa maneələrlə bağlı aidiyyəti icra hakimiyyəti və hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etməklə Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən bu hərəkətlərə son qoyulmasına köməklik göstərilməsini xahiş etmişdir. Hüquq mühafizə orqanları tərəfindən araşdırmalar və yerli baxış zamanı göstərilən hüquqpozma, yəni məhəllə daxili avtomobil yolunun Cavabdeh Mənzil Tikinti Kooperativinin rəhbərliyi tərəfindən qanunsuz olaraq daş hasar çəkilməklə tam bağlanılması faktı öz təsdiqini tapsa da, hazırki məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də pozulmuş hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilərək iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması; yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ilk olaraq cavabdehin hazırki iddia üzrə iddiaçının subyektiv hüququnun olmaması, hazırki iddia üçün digər mülkiyyətçinin də mütləq razılığının olması ilə əlaqədar gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında, həmiçinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İş materiallarında olan çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ½ hissədə paylı mülkiyyətdədir. Həmçinin həmin torpaq sahəsi natural qaydada bölünməmiş, mülkiyyətçilər arasında torpaq sahəsinin ayrıca istifadə qaydası müəyyən edilməmişdir. Bununla belə, mübahisə predmeti, iddia predmeti həmin mülkiyyətin daxilində deyil, ümumi mülkiyyətə gedən nəqliyyat vasitələri yolunun açılması ilə bağlıdır. Bu isə öz növbəsində digər mülkiyyətçinin də mənafeyinə xidmət etmiş olur. Nəticə etibarı ilə digər mülkiyyətçinin iddiasının və razılığının olmaması mövcud vəziyyətdə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz və bu hal hazırki iddia üzrə iddiaçının subyektiv hüququnu, yəni tələbetmə hüququnu istisna edə bilməz. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, “İzmir” restoranının həyatyanı ərazisinə gedən məhəllə daxili avtomobil yolu inşaat işləri ilə əlaqədar Cavabdeh MKT-nın nümayəndələri tərəfindən bağlanmışdır. Gələcəkdə hər-hansı fövqəladə hadisənin baş verməsinin qarşısının alınması məqəsədi ilə qeyd edilən ünvanda obyektlərin perimetrləri boyunca keçidlərin açılması üçün xx.xx.2015-ci il tarixli məktubla Cavabdeh MKT-nın rəhbərliyinə və xx.xx.2014-cü il tarixli məktubla Yasamal Rayon İcra Hakimiyyətinə məktublar göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həqiqətən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 076/081 nömrəli tikintiyə icazə sənədi əsasında Cavabdeh MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binalarının ərazisinin daş hasara alınması zamanı sözügedən restoranın giriş-çıxış yolu bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, göstərilən ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının ətrafının daş hasara alınması zamanı İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranının da istifadə etdiyi və əvvəllər mövcud olmuş nəqliyyat vasitələrinin gediş-gəliş yolu bağlanmışdır. Həmin gediş-gəliş yolunun açılaraq bərpa edilməsi üçün aidiyyəti orqanlara müraciətlər olunsa da,bu yolun açılması təmin edilməmişdir. 10/693 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri, planlı yerləşməsi və digər texniki parametrləri xx.xx.2018-ci il tarixli, **********23-06301 reyestr nömrəli texniki pasporta uyğundur. Həmin texniki pasportda ərazinin şimal tərəfindəki sərhəd hasarında giriş-çıxış qapısının olması qeyd olunsa da, faktiki vəziyyətdə həmin qapının önündə mişar daşından hasar inşa edilməklə yol bağlanmışdır. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri, planlı yerləşməsi və digər texniki parametrləri Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 10/121 nömrəli 2014-cü il tarixli Ayrıc Aktına uyğundur. İddiaçının gediş-gəliş yolu kimi iddia etdiyi sahə 10/121 nömrəli 2014-cü il tarixli Ayrıc Aktı ilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya verilmiş 0,9479 ha torpaq sahəsinə düşür. Rəydən həmçinin görünür ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə (nəqliyyat vasitəsi ilə ) hər-hansı alternativ gediş-gəliş yolun olmadığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, sözügedən torpaq sahəsinə faktiki vəziyyətdə parkın ərazisindən keçən piyada yolu mövcuddur. Həmin piyada yolunda müvafiq icra hakimiyyəti qurumları ilə razılaşdırdıqdan sonra əraziyə uyğun tərtib olunacaq layihə əsasında yenidənqurma işləri aparılmaqla “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun açılması texniki cəhətdən mümkündür. Həmçinin, işdə olan cavabdeh tərəfin təqdim etdiyi texniki pasportda mübahisəli ərazinin avtodayanacaq kimi göstərildiyi,iddiaçının texniki pasportunda isə iddia edilən giriş-çıxış qapısının həmin avtodayanacağa açıldığının əks olunduğu müəyyən edilir. Göründüyü kimi, mübahisə edilən yol əvvəllər də mövcud olmuş və “İzmir” restoranı tərəfindən istifadə edilmiş və “İzmir” restoranının həyətyanı ərazisinə gedən yeganə məhəllə daxili avtomobil yolu inşaat işləri ilə əlaqədar cavabdeh tərəfindən bağlanmışdır. Eyni zamanda həm cavabdeh tərəfin təqdim etdiyi texniki pasportda mübahisəli ərazinin avtodayanacaq kimi nəzərdə tutulması, həm də iddiaçının texniki pasportunda iddia edilən nəqliyyat üçün giriş-çıxış qapısının əks olunması onu göstərir ki, həmin yer bu təyinatlı ümumi istifadədə olan yol olmuşdur. İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 10/121 nömrəli 2014-cü il tarixli Ayrıc Aktı ilə mübahisəli sahə cavabdehin istifadəsinə ayrılmışdır. Əmlakın istifadəyə verilməsi tam şəkildə mülkiyyət anlamını ehtiva etmir. İstifadə hüququ mülkiyyət hüququnun üç ünsüründən (sahiblik, istifadə, sərəncam) biridir. Hətta,cavabdehin mübahisəli yola istifadə hüququ əsasında mülkiyyətə bərabər hüququ olsa belə, bu həmin əmlakdan, xüsusi ilə ümumi istifadədə olmuş yoldan istifadə edən digər şəxslərin hüquqlarının xitamına əsas deyildir. Belə ki, Mülki Məcəllənin 158-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmçinin,iddiaçının istifadə etdiyi avtomobil yolunun cavabdeh tərəfindən bağlanması mülki hüquq subyektlərinin bərabərliyi, mütənasiblik prinsipinin pozulmasına, nəticə etibarı ilə mülkiyyətçinin həddən artıq fərdi yükə məruz qalmasına, şəxsə ağır bərpa olunmaz zərər vurulmasına gətirib çıxarır. Baxılan işin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh ayrıc aktı ilə ona mübahisəli yol ayrılmamışdan əvvəl həmin yolun avtodayanacaq olduğunu, “İzmir” restoranına gedən yol kimi istifadə olunduğunu bilirdi. Yəni, cavabdeh ayrıc aktı ilə həmin istifadə hüquqlarını əldə edərkən torpaq üzərindəki iddiaçıya məxsus restoranın mövcudluğundan və həmin restorana gedən yolun iddiaçı və restoranın müştəriləri tərəfindən istifadə olunmasından xəbərdar olmuş, dolayısı ilə də əmlakı yüklü şəkildə qəbul etməyə razılıq vermişdir. Belə olan təqdirdə isə, qanunun tələbinə əsasən, cavabdeh həmin yol üzərində mövcud olan yüklülüyə, yəni iddiaçının həmin avtomobil yolundan istifadə və sahibliyinə dözməlidir. Göstərilənlərdən əlavə məhkəmə iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza rəyinin “parkın ərazisindən “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun açılmasının texniki cəhətdən mümkün olması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Məhkəmə hesab edib ki, ümumi istifadədə olan həmin park vətəndaşların istirahət yeridir. Parkda olan çoxillik qiymətli ağacların kəsilməsi həm ekoloji, həmdə iqtisadi cəhətdən yolverilməzdir və bu yalnız mühüm dövləti məqsədlər üçün mümkündür. Əks təqdirdə cəmiyyətin maraqları ilə fərdin maraqları arasında ədalətli balans pozulmuş olar. Eyni zamanda əvvəllər mövcud olmuş avtomobil yolunun açılaraq bərpa edilməsi daha az zərər vurulmaqla qanunun qeyd olunan normasının tələbi baxımından ağlabatan və məqsədəmüvafiqdir. Həmçinin həmin yolun tərəflər arasında müştərək qaydada istifadə olunması cavabdehin hər hansı hüququnun pozulmasına və onun mənafeinə hər hansı zərər vurulmasına səbəb olmur. Bununla belə cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdehin əmlaka istifadə hüququnun olması mahiyyət etibarı ilə mülkiyyətə bərabər tutulur. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyət hüququ əsasında yola sahiblik hüququnun olması faktı iddiaçının həmin yola məhdud əşya hüququ baxımından istifadə hüququnu istisna etmir. Xüsusi ilə vurğulanmalıdır ki, iş materiallarında olan dövlət orqanlarının, hüquq mühafizə orqanlarının arayışlarından da görünür ki, həmin yol daha əvvəllər mövcud olmuş və “İzmir” restoranı tərəfindən istifadə olunmuşdur. Bu isə hüquqi müəyyənlik prinsipi baxımından iddiaçının yoldan istifadə hüququnun cavabdehdən (ayrıc aktının verilməsindən) daha əvvəl yarandığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243-cü maddəsinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki,iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh tərəfindən yaradılmış maneə, yəni bağlanmış avtomobil yolu açılmalı, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalı və Cavabdeh QSC-nin qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54.4-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə həmin sahədən piyada və ya nəqliyyat vasitəsilə keçmək servitutu müəyyən edilə bilər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh "xxxx" MTK QSC (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmiş, sözügedən əmlakın digər mülkiyyətçisinin işə cəlb edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Digər tərəfdən, sözügedən torpaq sahəsinin Cavabdeh QSC-nin istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı qüvvədədir və iddiaçının avtomobil yolu kimi istifadə edildiyini iddia etdiyi ərazinin də daxil olduğu sahə daimi istifadə hüququ ilə “Star Construction” şirkətinə məxsus olmuş və buna dair çıxarış verilmişdir. Hansı ki, Cavabdeh QSC “Star Construction” şirkətinin 100 faiz nizamnamə kapitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Həmin ərazidə Cavabdeh QSC tərəfindən yaşayış binası inşa edilərkən iddiaçının avtomobil yolu kimi istifadə edildiyini iddia etdiyi ərazi yaşayış kompleksinin baş planında nəzərdə tutulmuş və bu plan BŞİH və Memarlıq-Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Əgər iddiaçının belə bir subyektiv hüququnun olduğunu qəbul etsəydik, bu halda iddiaçı sözügedən ərazidən istifadə etmək hüququnun pozulduğunu iddia edirsə, ilk növbədə həmin ərazinin cavabdehə verilməsinə əsas olan BŞİH-nin sərəncamının ləğvi və ya dəyişdirilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. İnzibati məhkəmə qaydasında işə baxılan zaman müəyyən edilsəydi ki, həqiqətən də BŞİH tərəfindən sərəncam əsasında Cavabdeh QSC-nin istifadəsinə sözügedən torpaq sahəsinin verilməsi ilə iddiaçının hüquqları həqiqətən pozulub və iddiaçının həmin ərazidən istifadə etmək hüququ təmin edilməlidir, bu halda iddiaçının iddiası qanuni və əsaslı olardı. Beləliklə, işə baxan məhkəmə MM-in 213.6-cı maddəsini yanlış olaraq tətbiq etmiş və maddi hüquq normasının tələbini pozmuşdur. İddiaçı öz tələbinin əsası kimi göstərmişdir ki, mübahisə edilən ərazi əvvəllər avtomobil yolu olmuş və “İzmir” restoranına giriş-çıxış məhz həmin yol vasitəsilə mümkün olmuşdur. İşə baxan məhkəmə də Qətnamədə qeyd etmişdir ki,“işin mübahisəsiz halıdır ki, iddiaçının iddia etdiyi, əvvəllər nəqliyyat vasitələrinin yolu kimi istifadə etdiyi giriş-çıxış qapısının önü mişar daşla inşa edilməklə həmin yol cavabdeh tərəfindən bağlanmışdır”. Məhkəmə bu qənaətə gələrkən heç bir tutarlı əsas göstərməmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən **********10-12301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,71495 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3418,5 kv.m. ümumi sahəsi olan əmlak kompleksi Cavabdeh MTK-nın adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin əmlaka dair tərtib olunmuş xx.xx.2013-cü il tarixli Texniki Pasportun situasiya planından görünür ki, əmlak kompleksi ilə “İzmir” restoranı arasında avtodayanacaq ərazisi mövcud olmuşdur. Həmçinin, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı Sərəncamına əsasən Yasamal rayonu, İzmir küçəsi ünvanında 0,9479 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya verilmişdir. Göründüyü kimi, Texniki Pasportun situasiya planı və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı Sərəncamı onu deməyə əsas verir ki, iddiaçının əvvəllər “avtomobil yolu” kimi istifadə edildiyini iddia etdiyi ərazi əslində avtodayanacaq olub və həmin avtodayanacaq da, o cümlədən sərəncamla Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsi də dövlətin mülkiyyətindədir və Cavabdeh MTK həmin torpaq sahəsindən istifadə hüququ əsasında təyinatı üzrə istifadə edir. İşə baxan məhkəmə isə həmin Sərəncama ümumiyyətlə istinad etməmiş və cavabdehin istifadəsində olan ərazidə mişar daşlarından hasar hörməsini “cavabdeh tərəfindən yaradılmış maneə” kimi göstərmişdir. Beləliklə, iddiaçı mübahisə edilən ərazinin əvvəllər avtomobil yolu olmasını heç bir mötəbər sübutla əsaslandıra bilməmiş, məhkəmə isə hazırda cavabdehin istifadəsində olan və mişar daşı ilə hasarladığı əraziyə iddiaçının obyektinin giriş-çıxış qapısının olmasını əsas gətirərək həmin ərazini əvvəllər ümumi istifadədə olan avtomobil yolu kimi təqdim etmiş, bununla da MM-in 77-ci maddəsinin tələbini pozmuşdur. İşə baxan məhkəmə cavabdehin təqdim etdiyi sübutları hərtərəfli araşdırmamış, qətnamənin əsaslandırıcı hissəsində tamamilə əsassız və qanunsuz olaraq MM-nin yüklü əşyanın alqı-satqısı ilə bağlı münasibətləri tənzimləyən 572.1-ci və 572.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, “cavabdeh ayrıcı akt ilə istifadə hüquqlarını əldə edərkən “İzmir” restoranının mövcudluğundan və həmin restorana gedən yolun iddiaçı və restoranın müştəriləri tərəfindən istifadə olunmasından xəbərdar olmuş, dolayısı ilə də əmlakı yüklü şəkildə qəbul etməyə razılıq verdiyi üçün bu yüklülüyə, yəni iddiaçının həmin avtomobil yolundan istifadə və sahibliyinə dözməlidir”. Cavabdeh sözügedən torpaq sahəsini sərəncam və ayrıcı akt əsasında əldə etmişdir. Yəni, BŞİH ilə Cavabdeh MTK arasında həmin əraziyə dair alqı-satqı əməliyyatı olmamışdır. Digər tərəfdən, dövlətə məxsus olan və sərəncamla Cavabdeh MTK-ya verilən sözügedən torpaq sahəsi heç bir 3-cü şəxsin hüquqları ilə yüklü edilməyib. Bu halda sual yaranır ki, sözügedən ərazinin iddiaçının xeyrinə yüklü edilməsinə və həmin yüklülüyün dövlət qeydiyyatına alınmasına dair ümumiyyətlə heç bir sübut olmadığı və belə hal mövcud olmadığı halda məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində “cavabdeh əmlakı yüklü şəkildə qəbul etməyə razılıq verdiyi üçün bu yüklülüyə, yəni iddiaçının həmin avtomobil yolundan istifadə və sahibliyinə dözməlidir” mülahizəsinin qeyd edilməsi nə dərəcədə qanuni və əsaslıdır?! İşə baxan məhkəmə işin faktiki hallarını tamamilə təhrif edərək qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iddiaçının yol kimi istifadə edildiyi iddia etdiyi ərazi avtomobil yolu olmuş (halbuki yuxarıda da sübut edildi ki, həmin ərazi avtodayanacaq olub), həmçinin həmin ərazinin iddiaçının xeyrinə yüklü edilməsi mülahizəsini irəli sürməklə iddiaçıya “yeni hüquq”lar vermişdir. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, “ayrıcı aktın mövcudluğu iddiaçının da cavadehlə birlikdə həmin ərazidən müştərək qaydada istifadə imkanını istisna etməməlidir”. Bununla bağlı, nə sözügedən torpaq sahəsinə dair BŞİH-nin sərəncamında, nədə ayrıcı aktda həmin torpaq sahəsindən iddiaçının istifadə hüququnu şərtləndirən vəzifə (Cavabdeh MTK-ya münasibətdə) müəyyən edilməmişdir. Bütün bu qeyd edilənlər bir daha sübut edir ki, məhkəmə təqdim edilən sübutları obyektiv və hərtərəfli araşdırmamış və prosessual hüquq normasının tələbini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Porsessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş materiallarında olan və məhkəmə qətnaməsində də istinad edilən 10/693 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi təhrif edilmiş və düzgün qiymətləndirilməmişdir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, “iddiaçının gediş-gəliş yolu kimi istifadə etdiyi sahə 10/121 nömrəli 2014-cü il tarixli Ayrıcı akt ilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya verilmiş 0,9479 ha torpaq sahəsinin ərazisinə düşür və iddiaçıya məxsus hissədə giriş-çıxış qapısı olsa da, cavabdehə tərəf olan hissədə həmin giriş qapısının qarşısında mişar daşından hasar hörülmüşdür”. Lakin, işə baxan məhkəmə ekspertin rəyindəki mövqeyi tamamilə dəyişərək qətnamədə qeyd etmişdir ki, “iddiaçıya məxsus hissədə yerləşən qapının önündə mişar daşından hasar inşa edilməklə yol bağlanmışdır”. Göründüyü kimi, ekspertin rəyində sözügedən ərazidə avtomobil yolunun olması iddiaçının mülahizəsi kimi qeyd edilsə də, qətnamədə həmin rəy təhrif edilərək sanki həmin ərazidə daha əvvəl avtomobil yolunun olması və bu yolun cavabdeh tərəfindən bağlanması ekspertin rəyi kimi təqdim edilmişdir. Bununla da işə baxan məhkəmə ekspertin rəyini düzgün qiymətləndirməmiş və prosessual hüquq normasının tələbini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
10. İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazda şikayətin əsassız olduğunu bildirmiş və məhkəmədən təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 53. 2. İstifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə dair qoyulan öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
23. Mülki prosessual qanunvericiliyin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu mənada, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və buna görə də şikayətin dəlillərinin əsaslı olması təsdiq edilmədiyindən qətnamənin ləğv edilməsi üçün də əsas yoxdur. 24.Buna baxmayaraq məhkəmə tərkibi apellyasiya şikayətinin hər bir dəlili ilə bağlı aşığıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ünvan 1 ünvanında yerləşən 692.6 kv. metr qeyri-yaşayış binasına(“İzmir” restoranına) və 0.32875 ha. torpaq sahəsinə iddiaçının ½ hissədə paylı mülkiyyət hüququnun olması hazırki iddianı irəli sürməsinə hər hansı bir maneə yaratmır. Cavabdeh tərəf Mülki Məcəllənin 213.6-cı maddəsinin 2-ci cümləsinə istinad edərək məhkəmənin “subyektiv hüquq” məsələsinə dair mülahizəsini yanlış əsaslandırdığını qeyd edir. Əslində cavabdeh şikayətində məhkəmənin qənaətini təhrif etməyə cəhd edir. Çünki, birinci instansiya məhkəməsi qənaətində xüsusi qeyd edib ki, torpaq sahəsi natural qaydada bölünməmiş, mülkiyyətçilər arasında torpaq sahəsinin ayrıca istifadə qaydası müəyyən edilməmişdir. Bununla belə, mübahisə predmeti, iddia predmeti həmin mülkiyyətin daxilində deyil, ümumi mülkiyyətə gedən nəqliyyat vasitələri yolunun açılması ilə bağlıdır. Bu isə öz növbəsində digər mülkiyyətçinin də mənafeyinə xidmət etmiş olur. Nəticə etibarı ilə digər mülkiyyətçinin iddiasının və razılığının olmaması mövcud vəziyyətdə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz və bu hal hazırki iddia üzrə iddiaçının subyektiv hüququnu, yəni tələbetmə hüququnu istisna edə bilməz. Göründüyü kimi, məhkəmə subyektiv hüquq məsələsini tam düzgün əsaslandırmışdır. Ən azından Mülki Məcəllənin 213.6-cı maddəsinin 1-ci cümləsi və 215.3-cü maddəsinin 2-ci cümləsi və 215.3.1 və 215.3.2-ci maddələri iddiaçıya hazırki iddianı irəli sürməyə tam əsas verir. Ona görə də paylı mülkiyyətin digər mülkiyətçisinin hazırki işə cəlb edilməməsi şikayəti əsaslı etmir və qətnamənin ləğvi üçün əsas ola bilməz.
25. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının qüvvədə olması və iddiaçının avtomobil yolu kimi istifadə etdiyi ərazinin də daxil olduğu sahənin daimi istifadə hüququ ilə cavabdehə məxsus olması və həmin ərazidə yaşayış binası inşa edilərkən avtomobil yolu kimi istifadə edilən ərazinin yaşayış kompleksinin baş planında nəzərdə tutulması və bu planın Memarlıq-Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməsi də hazırki iddianın əsassız olduğuna və iddiaçının bu iddia üzrə subyektiv hüququnun olmadığına dəlalət etmir. Buna görə də ilk növbədə sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi üçün inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməyə də gərək yox idi. Çünki, iddiaçının hüquqları Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Cavabdeh QSC-nin istifadəsinə sözügedən torpaq sahəsinin verilməsi ilə pozulmayıb. Başqa sözlə, sərəncamla torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə maneə, daha dəqiq deyilsə, qeyri-yaşayış və torpaq sahəsinə əvvəllər mövcud olmuş avtomobil yolunun mişar daşı ilə hörülərək bağlanması üçün əsas olmamalı idi. Çünki, sərəncamla cavabdehə belə bir ixtiyar verilməmişdir. Ona görə də bu dəlil üzrə işə baxan məhkəmə Mülki Məcəllənin 213.6-cı maddəsini yanlış olaraq tətbiq etməmiş və maddi hüquq normasının tələbini pozmamışdır.
26. ünvan 1 ünvanında yerləşən 0,71495 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3418,5 kv.m. ümumi sahəsi olan əmlak kompleksi Cavabdeh MTK-nın adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması, həmin əmlaka dair tərtib olunmuş xx.xx.2013-cü il tarixli Texniki Pasportun situasiya planında əmlak kompleksi ilə “İzmir” restoranı arasında avtodayanacaq ərazisinin mövcud olmasını, eləcə də Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı Sərəncamına əsasən Yasamal rayonu, İzmir küçəsi ünvanında 0,9479 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya verilməsini iddiaçı da mübahisələndirmir. Eyni zamanda əvvəllər avtomobil yolu kimi istifadə edilən sahənin avtodayanacaq ərazisindən keçməsi və sərəncamla Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin də dövlətin mülkiyyətində olması cavabdehin də həmin torpaq sahəsindən istifadə hüququ əsasında təyinatı üzrə istifadə etməsi iddiaçının da həmin yoldan eyni məqsədlə istifadə etməsinə maneə deyildir. Ancaq cavabdeh tərəf iddiaçının əvvəllər də avtomobil yolu kimi istifadə etdiyi, oradan isə İzmir küçəsinə çıxış üçün nəzərdə tutulan qapının qarşısını mişar daşı ilə hörüb ona mülkiyyətindən sərbəst istifadə etməsinə həqiqətən maneə yaradıb. Cavabdeh, iddiaçının mübahisə edilən ərazinin əvvəllər avtomobil yolu olmasını heç bir mötəbər sübutla əsaslandıra bilmədiyini qeyd etsə də, əksinə həmin ərazidən əvvəllər iddiaçının qeyriyaşayış obyektinə avtomobil yolu olmasını yuxarıda işin hallarında qeyd olunan bu sahə üzrə səlahiyyətli rəsmi dövlət orqanları olan qurumlar da təsdiq edib və cavabdehdən həmin yolun açılmasını tələb ediblər. Məhkəmə tərkibi də mübahisəli əraziyə yerində baxış zamanı qeyd olunan ərazidən cavabdeh tərəfin və bina sakinlərinin də avtomobil yolu kimi istifadə olunmasını və həqiqətən qeyri-yaşayış sahəsinə avtomobillə giriş-çıxış üçün nəzərdə tutulan yolun mişar daşı ilə hörülərək bağlandığını müəyyən etdi. Bu cür vəziyyətdə həmin ərazidən iddiaçı tərəfin əvvəllər avtomobil yolu kimi istifadə etməsinə daha hansı yaxud nə qədər sübut olmalı idi ki, cavabdeh tərəf bundan “razı” qalmalı olsun. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də şikayətdə bu cür dəlillərdən istifadə edilərkən təqdim edilən sübutların mövcudluğu diqqətdən qaçırılmamalı idi.
27. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 572.1 və 572.2-ci maddələrinə istinad etməsi də şikayətin əsaslı olmasını təsdiq etmir. Həqiqətən qeyd olunan normalar alqı-satqı ilə bağlı yaranan münasibətlər zamanı yüklülük məsələsini tənzimləyir və bu cür yüklülük dövlət qeydiyyatına alınır. Ancaq hazırki mübahisə üzrə “yüklülük” dedikdə əslində birinci instansiya məhkəməsi dövlət mülkiyyətində olan torpaq sahəsinin istifadə hüququ ilə cavabdehə ayrılmamışdan əvvəl sonuncunun həmin ərazinin avtodayanacaq və “İzmir” restoranına gedən yol kimi istifadə olunduğunu bildiyi üçün yüklü olmasını, başqa sözlə cavabdeh ayrıc aktı ilə həmin istifadə hüquqlarını əldə edərkən iddiaçıya məxsus qeyri-yaşayış binasının (“İzmir” restoranın) mövcudluğundan və həmin binaya gedən yolun iddiaçı və restoranın müştəriləri tərəfindən istifadə olunmasından xəbərdar olduğunu, dolayısı ilə də əmlakı yüklü şəkildə qəbul etməyə razılıq verməsini nəzərdə tutub. Bir daha qeyd olunur ki, bu cür “yüklülük” Mülki Məcəllənin 572.1 və 572.2-ci maddələrində nəzərdə tutulan yüklülük anlayışı ilə əhatə olunmasa da məhkəmənin gəldiyi yekun qənaəti düzgün olduğuna və həqiqəti əks etdirdiyinə görə bu cür dəlildən istifadə etmişdir. Çünki, iddiaçı da qeyri-yaşayış binasına giriş-çıxış üçün nəzərdə tutulan yolun keçdiyi ərazinin onuni xeyrinə yüklülüyünün qeydə alındığını iddia etmir. Ona görə də məhkəmənin işin faktiki hallarını tamamilə təhrif etməsindən və iddiaçıya “yeni hüquq” verilməsindən söhbət gedə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi də razılaşır ki, ayrıc aktının mövcudluğu iddiaçının da cavadehlə birlikdə həmin ərazidən müştərək qaydada avtomobil yolu kimi istifadə imkanını istisna etməməlidir. Çünki, qeyd olunan ərazidən cavabdeh və bina sakinləri onsuzda avtomobil yolu kimi istifadə edirlər. Məhkəmə tərkibi bunu mübahisəli əraziyə yerində baxış zamanı da bilavasitə gördü. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında yaxud ayrıcı aktda torpaq sahəsindən iddiaçının istifadə hüququnu şərtləndirən vəzifə cavabdehə münasibətdə müəyyən edilməsə belə, iddiaçının həmin ərazidəki avtomobil yolundan istifadə etmək haqqı qanundan irəli gəlir(MM.m.1574;172.2).
29. Məhkəmə tikinti-texniki ekspertizasının rəyinin təhrif edilməsi və düzgün qiymətləndirilməməsi dəlili də yalnız şikayət xatirinə qeyd olunub. Çünki, həqiqətən rəyin nəticə hissəsində 3-cü suala verilən cavabın 2-ci cümləsində qeyd olunur ki,...Texniki pasportda qeyd olunan ərazinin şimal tərəfindəki qapının önündə mişar daşından hasar hörülmüşdür. 3-cü cümləsində qeyd edilir ki,..lakin iddiaçının gediş-gəliş yolu (avtomobil yolu)kimi iddia etdiyi sahənin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı ilə ünvan 5 ünvanda Cavabdeh MTK-ya verilmiş 0,9479 ha torpaq sahəsinə düşdüyü müəyyən edilir. Göründüyü kimi, məhkəmənin ekspert rəyini qətnamədə qiymətləndirməsi prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. Əksinə cavabdeh tərəf şikayətində qeyd olunanları təhrif etməyə cəhd edir. Çünki, ekspert rəyində göstərilənləri məhkəmə tərkibi yerində baxış zamanı da müəyyən etdi. Həqiqətən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının və torpaq sahəsinin texniki pasportunda qeyd olunan ərazinin şimal tərəfindəki qapının önündə mişar daşından hasar hörüldüyü təsdiq edilmişdir. Burada xüsusi qeyd olunmalıdır ki, ekspert rəyində göstərilibgöstərilməməsindən asılı olmayaraq işdə olan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının və torpaq sahəsinin texniki pasportundan da açıq-aşkar görünür ki(bax.i.v.16), qeyd olunan ərazinin şimal tərəfində qeyri-yaşayış binasına və torpaq sahəsinə avtomobillə daxil olmaq və çıxmaq üçün qapı nəzərdə tutulub və məhz həmin qapının önündə mişar daşından hasar hörülmüşdür. Burada hasarın hörüldüyü hissənin konkret iddiaçının mülkiyyətində yaxud cavabdehin istifadəsində olan torpaq sahəsinə düşməsi heç bir əhəmiyyət kəsb etmir. Yəni, hasarın inşa olunduğu ərazinin hansı sahəyə düşməsindən asılı olmayaraq onun iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına və torpaq sahəsinə avtomobillə daxil olub və çıxmaq üçün nəzərdə tutulmuş qapının önünü kəsməsi işin mübahisəsiz halıdır.
30. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.