Məhkəmə qərarları › İş №2(103)-7147/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7147/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7147/2025 09.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1227/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus 2021-ci il buraxılışlı, “Mitsubishi” markalı, ** KH *** qeydiyyat nişanlı minik avtomobilinə dəymiş 7.216 manat ziyanın, avtomobilin aparılması üçün evakuatora ödənilmiş 50 manat pulun, avtomobilə dəymiş zərərin təyini üçün məhkəməyə ödənilmiş 115 manat dövlət rüsumunun, cəmi 7.381 manat pulun Cavabdeh tutularaq onun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1227/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş ziyana görə 6.407 manat, avtomobilin aparılması üçün evakuator xidmətindən istifadə nəticəsində ödənilmiş 50 manat olmaqla, cəmi 6.457 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, ödənilmiş 115 manat dövlət rüsumunun 102,35 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 12,65 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1227/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və apellyasiya şikayətini işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1227/2024 nömrəli qərardadı ilə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1227/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti ilə birlikdə xx.xx.2025-ci il tarixli buraxılmış prosessual müddətin bərpasına dair əsaslandırılmış ərizə də təqdim edilmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 1227/2024 saylı qərardadı ilə həmin ərizə təmin edilməmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS vəs.vasitəsilə) çatdırılır”. Lakin birinci instansiya məhkəməsi tərəfindən əsaslar olmasına baxmayaraq, buraxılmış prosessual müddət bərpa edilməmişdir. Bununla da, əsaslar olduğu halda həmin normanın tətbiq edilməməsi şəxsin konstitusiya ilə müdafiə olunan hüququnu kobud şəkildə pozmaqdadır. Məhkəmə yalnız formal əsaslarla buraxılmış prosessual müddətin bərpasına dair ərizəni rədd edərək, onun məhkəməyə müraciət etmək hüququnu kobud şəkildə pozmaqdadır. Belə ki, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim edilmiş sübutları nəzərə almamışdır. Əlavə olaraq qərardadda məhkəmə prosesi barədə məlumatlar və qətnamənin elektron məhkəmə kabinetinə yerləşdirildiyi qeyd edilsə də, nəzərə alınmamışdır ki, tərəfindən elektron məhkəmə kabineti yeni açılmışdır və həmin tarixə qədər elektron məhkəmə kabineti olmamışdır. Buna baxmayaraq, məhkəmənin mövqeyinə görə, məhkəmə aktlarının sadəcə göndərilmiş olması şəxsin lazımi qaydada məlumatlandırılması olaraq dəyərləndirilmişdir. Qeyd edildiyi kimi, ona poçtla göndərilmiş heç bir sənəd çatmamışdır. Qeyd olunanlardan aydındır ki, məhkəmə sənədləri ona qanunvericiliyin tələblərinə uyğun olaraq poçtla təqdim edilməmişdir. Həmçinin, ona aid elektron məhkəmə kabineti olmasa da, məhkəmə sənədlərinin elektron məhkəmə kabinetinə yerləşdirilməsi məhkəmə tərəfindən yetərli əsas hesab edilmişdir. Göründüyü kimi, məhkəmə sənədləri ona Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq çatdırılmamış və rəsmi qaydada verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün xx.xx.2014-cü il tarixli qərarında İspaniya Konstitusiya Məhkəməsinin qərarına istinad edərək, belə hüquqi mövqe bildirmişdir ki, “...İspaniya Konstitusiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilə bilər, lakin məhkəmələr həmin prosessual normaları qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq etməlidirlər. Bu zaman məhkəmələr həmin normaları elə tətbiq etməlidirlər ki, bir tərəfdən məhkəmə araşdırmasının ədalətliliyini pozan hədsiz formalizmdən, digər tərəfdən isə qanunla nəzərdə tutulan prosessual müddəaları heçə endirən hədsiz yumşaqlıqdan uzaq olsunlar...” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük X1rşı iş üzrə qəbul etdiyi qərarda (4 dekabr 2015-ciil tarixli qərar; Ərizə № 47143/06) müəyyən etdiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, “qanun keyfiyyət tələblərinə cavab verməlidir: o, müvafiq şəxs üçün əlçatan olmalı və onun doğura biləcəyi nəticələri öncədən görmək mümkün olmalıdır (həmin qərar 228-ci bənd). Avropa Məhkəməsi Rotaru Rumıniyaya qarşı iş üzrə qərarında (ərizə № 28341/95, 52-ci bənd) qeyd etmişdir ki, “qanunvericiliyə uyğun” ifadəsi yalnız yerli qanunvericiliyi deyil, həm də Konvensiyanın Preambula hissəsində qanunun aliliyi prinsipini nəzərdə tutan “qanunun keyfiyyətini” ehtiva edir. Məhkəmə tərəfindən məhkəmə sənədlərinin cavabdehə çatdırılması kimi mühüm əhəmiyyətli hallar aydınlaşdırılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1227/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 134.1-ci və 134.1.5-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1227/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından cavabdehə münasibətdə qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024cü il tarixdə (xx.xx.2024-cü il tarixi bazar gününə təsadüf edir) bitmişdir. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixdə, yəni müddət bitdikdən 4 ay sonra qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsinin səbəbini üzürlü hesab edərək, bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin nə vəsatətdə, nə də ki, şikayətdə göstərilənlər müddətin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi və müddətin bərpa edilməsi üçün əsas yaratmır. Belə ki, cavabdeh məhkəmə qətnaməsi barədə yalnız icra mərhələsində məlumat əldə etdiyini, “Elektron” kabineti yeni açdığını, əvvəllər kabinetinin olmadığını bildirir. Halbuki, qeyd edilən qətnamənin xx.xx.2024-cü il tarixdə cavabdehin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilməsi işin mübahisəsiz halı olmaqla həmin vaxt cavabdehin belə bir kabinetinin olmasını təsdiq edir. Eyni zamanda, bununla da məhkəmə sənədi həmin tarixdə rəsmi qaydada iddiaçıya verilmiş hesab edilir. Bu səbəbdən ərizədə göstərilənlər üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Hər bir halda, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda cavabdeh tərəfindən göstərilən hallar, bu hallara aid deyil. Nəzərə alınmalıdır ki, cavabdehin elektron kabinetdən istifadə etməməsi də ərizənin təmin edilməsi və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün əsas yaratmır. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1227/2024 nömrəli qətnaməsindən şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, müddəti bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1227/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1227/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar