Məhkəmə qərarları › İş №2(103)-7148/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7148/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7148/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Şefi oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinovaya qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.817,90 (on üç min altı yüz on yeddi dollar doxsan sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 24.12.2016cı il tarixinə 3.367,17 (üç min üç yüz altmış yeddi dollar on yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.903,80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 4.147,44 (dörd min yüz qırx yeddi dollar qırx dörd sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 23.236.31 (iyirmi üç min iki yüz otuz altı dollar otuz bir sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.11.2014-cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə Cavabdeh1 4.41,43 (dörd min iki yüz qırx bir dollar qırx üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 14.11.2016-cı il tarixinə 0 (sıfır) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 613,60 (altı yüz on üç dollar altmış sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 122,74 (yüz iyirmi iki dollar yetmiş dörd sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 4.977,77 (dörd min doqquz yüz yetmiş yeddi dollar yetmiş yeddi sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinova qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair 2(005)-4984/2019 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 2(005)-4983/2019 nömrəli mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1 24.12.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə 13.203,78 ABŞ dolları əsas borcun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.903,80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə olmaqla cəmi 16.107,58 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X2 qarşı “14.11.2014-cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və cavabdeh X3 apelyasiya şikayətləri vermişlər. Cavabdeh X3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Qətnamə çıxarılarkən hakim iddiaçı tərəfindən təqdim edilmiş sənədləri və sübutları araşdırmadan, həmin sübutlara obyektiv hüquqi qiymət vermədən, yalnız özünün şəxsi və subyektiv mövqeyinə, mülahizələrinə əsaslanmaqla, tərəflərindən verilmiş vəsatəti təmin etmədən, mülki işi tam, hərtərəfli, obyektiv olaraq araşdırmadan, qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi mülki işə baxarkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının ona tətbiq edilməsi ilə bağlı mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətini təmin etməmiş, qətnamədə Fərmanla bağlı heç bir əsaslanma aparmamışdır. Məhkəmə prosesində İddiaçı ASC ilə arasında bağlanılmış kredit müqavilələrinin “ABŞ” dolları ilə rəsmiləşdirildiyini, amma pulun AZN-lə verildiyini, tərəfindən ödənişlərin də Azərbaycan manatı ilə ödədildiyini qeyd etmiş, amma birinci instansiya məhkəməsi İddiaçı ASC-nin təsisçilərini müəyyən etmədən, Əsas Qanun kimi Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin tələblərinə əməl etmək əvəzinə, qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Digər tərəfdən isə İddiaçı ASC ilə arasında bağlanmış İKM 01 saylı və KM 02 saylı kredit müqavilələrinin müddətinin bitmələrinə baxmayaraq İddiaçı ASC vaxtında məhkəməyə müraciət etmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən ondan müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.903,80 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimənin tutulması həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının tələblərinə ziddir. İş üzrə verilmiş 10.02.2021-ci il tarixli, 9/5879 saylı ekspert rəyində göstərilmiş və onun tərəfindən ödənilmiş 21.042,17 ABŞ dollarının tərəflər arasında bağlanılmış 14.11.2014-cü il tarixli, İKM 01 saylı kredit müqaviləsinə məhz ekspert tərəfindən aid edilməsi heç bir əsasa və məntiqə sığmır. Mülki iş üzrə verilmiş ekspert rəyləri ziddiyyətli xarakteri daşımaqla, kifayət qədər aydın və tam deyildir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsində təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət vermiş, məhkəmə vəsatəti müzakirə etməmiş, heç bir əsas olmadan vəsatəti təmin etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə qanuni, əsaslı və ədalətli yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə ekspert rəyinə əsasən əsas və cərimə borc məbləğini qismən, faiz məbləğini təmin etməmiş, 14.11.2014-ci il tarixli kredit müqaviləsi üzrə borcu ümumiyyətlə rədd etmişdir. Kedit müqaviləsi üzrə ödənişlər həyata keçirilərkən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, kredit müqaviləsinə əlavə adlanan, ödəniş cədvəlində göstərilmiş qayda əsas götürülür və borclu tərəfindən ödənilmiş məbləğlər ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcundan silinir. Hesabdan çıxarışdan göründüyü kimi borclu ödəniş cədvəlindən kənara çıxmalar etmiş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən faizlər yaranmışdır. Hazırki iş üzrə ekspert borclu tərəfindən ödənilmiş məbləğləri bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən düzgün hesablamamışdır. Əsassız və yanlışlıqlarla tərtib olunmuş ekspert rəyi məhkəmə tərəfindən “mötəbər” sübut növü kimi qəbul edilmiş, nəticədə isə bankın hüquqlarının pozulmasına gətirib çıxaran qətnamə qət edilərək iddia tələbi iddianın 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz hissəsində təmin edilməməsinə, 14.11.2014-ci il tarixli kredit müqaviləsi üzrə isə iddianın rəddinə gətirib çıxarmışdır. Hesab edir ki, bu fakt öz-özlüyündə, yəni məhkəmə aktının əsassız dəlillərə söykənməsi özü həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslı olması kimi konstitusion prinsipə də cavab vermir. Faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdehin hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə tərəfimizdən təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun bu müddəasına əməl etməmişdir. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borclarının, həmçinin 14.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbinin təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə bank tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, iddia ərizələrində göstərilənlərə və bank tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, bank tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, iddia ərizələrinin təmin edilməyən hissələrində ləğv edilməsi və iddia tələblərinin tam təmin olunması, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikyətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini, xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Şefi oğlu Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Elçin Abdullayev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, cavabdehin apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə də iddia tələbinin rədd edilməsi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Elçin Abdullayevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Elçin Abdullayev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə də iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Elçin Abdullayevin və Cavabdeh1 apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış KM 02 saylı, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında оlan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış KM 02 saylı, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 15.000 ABŞ dolları məbləğində əsas bоrc və 3.600 ABŞ dolları faiz məbləği оlmaqla hər ay 300 ABŞ оlmaqla banka 18.600 ABŞ dolları məbləğini 24 yanvar 2016-cı il tarixdən 24 dekabr 2016-cı il tarixə kimi ödəməli idi. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 KM 02 saylı, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan, iddiaçı LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş **********453 saylı, 09 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 KM 02 saylı, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 04 oktyabr 2019-cu il tarixə LPO İddiaçı ASC-yə 13.817,90 ABŞ dolları əsas, 3.367,17 ABŞ dolları faiz, 4.147,44 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1.903,80 ABŞ dolları faiz, cəmi 23.236,31 ABŞ dolları t borcu vardır. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış İKM 01 saylı, 14 noyabr 2014-cü il tarixli İstehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış İKM 01 saylı, 14 noyabr 2014-cü il tarixli İstehlak kredit müqaviləsinə 01 saylı, 27 noyabr 2015-ci il tarixli əlavədən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 12 ay müddətinə verilmiş 15.000 ABŞ dolları məbləğində kreditinn qalıq 14.100,45 ABŞ dolları kredit borcunun ödənilməsi müddəti 14 noyabr 2016-cı il tarixə kimi uzadılmışdır. İş materiallarında olan, iddiaçı LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş **********453 saylı, 09 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İKM 01 saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 04 oktyabr 2019-cu il tarixə LPO İddiaçı ASC-yə 4.241,43 ABŞ dolları əsas, 122,74 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 613,60 ABŞ dolları faiz, cəmi 4.977,77 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı LPO İddiaçı ASC 24.12.2015-ci il tarixli kredit müqaviləsi ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətində göstərdiyi dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası Cavabdeh1 təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tətəfindən işə baxılarkən məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, müvafiq rəy alınmış və məhkəmə prosesində tədqiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini əsaslı hesab etmir. Bundan başqa, Cavabdeh1 apelyasiya şikayətində kredit müqavilələrinin “ABŞ” dolları ilə rəsmiləşdirildiyini, pulun isə AZN-lə verildiyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin ondan müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.903,80 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimənin tutulması hissəsində düzgün nəticəyə gəlməməsi barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin apelyasiya şikayətinin KM 02 saylı, 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və cərimə borcunun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5879 saylı, 10 fevral 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 24 dekabr 2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 24.12.2016-cı il tarixə Cavabdeh1nın İddiaçı ASC-nə olan borcu 18.327,17 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 15.000,0 ABŞ dolları, faiz borcu 3.327,17 ABŞ dolları. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə 24.12.2016-cı il tarixdən 05.12.2018-ci il tarixədək olan müddətdə 5.123,39 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş nəzərə alındıqda Cavabdeh1nın İddiaçı ASC-nə olan borcu 13.203,78 ABŞ dolları məbləğində müəyyən edilir. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilir ki, 24.12.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 müqavilə müddətinin bitdiyi 24.12.2016-cı il tarixədək İddiaçı ASC-yə 272,83 ABŞ dolları pul vəsaiti ödənilmişdir. Aparılmış ödəniş faiz borcu üzrə silinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq birinci instansiya məhkəməsi 24.12.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra cavabdeh tərəfindən həyata keçirilən bütün ödənişlərin ilk növbədə faiz borcu üzrə silinməli olduğu nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin apelyasiya şikayətinin cərimə borcunun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış KM 02 saylı, 24.12.2015-ci il tarixli kredit müqaviləsinin 3.2.6-cı bəndinə əsasən bu müqavilə üzrə öz üzərinə götürdüyü öhtəlikləri pozduqda və ya lazımınca icra etmədikdə Kreditora müqavilənin 4.3-cü bəndində müəyyən edilmiş dəbbə pulu və zərərin əvəzini ödəməyi öhdəsinə götürür. Həmin kredit müqavilənin 4.3-cü bəndində göstətilir ki, gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğinə illik 48% miqdarında cərimə hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, KM 02 saylı, 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 4.147,44 ABŞ dolları dəbbə pulunun 1.000 ABŞ dolları həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən də iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin apelyasiya şikayətində göstərdiyi cərimə borcunun az hesablanması ilə bağlı dəlilləri əsasızdır. Məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin apelyasiya şikayətinin İKM 01 saylı, 14.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5879 saylı, 10 fevral 2021-ci il tarixli rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə 14.11,2016-cı il tarixdən 26.09.2019-cu il tarixədək olan müddətdə 21.042,17 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-nə müəyyən edilmir. Həmçinin həmin ekspert rəydən göründüyü kimi, Cavabdeh1 14.11.2015ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə 4.030.88 ABŞ dolları məbləğində artıq ödənişinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Odur ki, birinci instansiya məhkəməsi İKM 01 saylı, 14.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbini əsassız hesab edərək təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun nəyicəyə gələrək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, tərəflət apelyasiya şikayətlərində istinad etdikləri hallarla bağlı məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim edə bilməmişlər. Hənçinin məhkəmə kollegiyası hesab edir ki, tərəflər apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin və Cavabdeh1 apеlyasiya şikayətlərində sadaladıqları dəlillərini işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin və Cavabdeh1 apеlyasiya şikayətləri təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar