Məhkəmə qərarları › İş №2(103)-715/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-715/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-715/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X3 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin bankın hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6371 manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız varlanma nəticəsində əldə etdilən əmlakın, hesablanmış faizlərin və dövlət rüsumu tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 1129 manat pul vəsaitinin, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə 63 manat faizlərin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, ilk iddianın rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, 6.371 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh İddiaçı ASC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASCnin nümayəndəsi X3 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrıayrılıqda apelyasiya şikayəti vermişlər. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Ümid Nəbizadə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin “vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə faizlərin tutulması” hissəsinə münasibət bildirərkən Mülki Məcəllənin 449-cu maddəsini və AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarına istinad edərək qeyd edir ki, iddiaçı cavabdehin hər hansı xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsinin təmin olunmaması əsassızdır və məhkəmə tərəfindən düzgün maddi normalara istinad olunmamışdır. Cavabdeh 13.02.2019-cu il tarixdən vəsaiti əsassız olaraq əldə etmiş və Bank həmin tarixdən vəsaitdən məhrum olmaqla hüquqları pozulmuşdur. Bank həmin vəsaitdən məhrum olmasa idi, adi mülki dövriyyə şəraitində həmin vəsaiti kreditə verməklə ondan gəlir əldə etmək imkanı olacaqdı. Lakin cavabdeh Bankın vəsaitini əsassız olaraq ələ keçirildiyindən Bank həmin vəsaitdən istifadə edə bilməmiş və ondan əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Həmçinin Bankın iddia tələbində əldən çıxmış faydanı Bankın verə biləcəyi kreditin faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi ilə tələb etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi onun təqdim etdiyi nə iddia ərizəsinə etiraz, nə qarşılıqlı iddia ərizəsi nə, də təqdim etdiyi subutlarla tanış olmamış, verdiyi subutları hansı səbəbdən qəbul edilmədiyini öz məhkəmə aktında əsaslandırmamış, yalnız iddiaçının təqdim etdiyi dəlilləri əsas gətirərək qətnamə qəbul etmişdir. Təqdim etdiyi hesabdan çıxarışda hesaba pul vəsaitinin ödənilməsi tam subuta yetirilmiş və iddiaçı da həmin sənədə heç bir etiraz bildirməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə “müqavilə varsa deməli heç bir hüqiqi əsas lazım deyil, kim nəyi silirsə silə bilər”, lakin bu belə deyil, bütün əməliyyatlar yalnız qanuni əsaslar əsasında aparıla bilər. 29.03.2021-ci il tarixdə o, qeyd edilən iddia tələblərinin əsaslarının müəyyən edilməsi məqsədi ilə İddiaçı ASC-yə müraciət etdiyi zaman müəyyən edilmişdir ki, 16.01.2020-ci il tarixdə İddiaçı ASC heç bir hüquqi əsas olmadan, özbaşına və gizli olaraq onun hesabından 1.129 (bir min yüz on doqquz) manat pul vəsaiti silmişdir. Belə ki, 29.03.2021-ci il tarixli bank hesabından olan çıxarışdan görünür ki, İddiaçı ASC-nin Hüquq Departamentinin emailina əsasən onun hesabımdan 1.129 (bir min yüz iyirmi doqquz) manat pul vəsaiti silmişdirlər. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, ilk iddia ərizəsində göstərilənlərə və Bank tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, Bank tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, yəni bankın iddiasının təmin edilməyən hissəsində ləğv edilməsini və ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Ümid Nəbizadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Ümid Nəbizadənin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli “Birkart Miles ödəniş kartına dair müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC Cavabdeh kart verməyi, Cavabdeh kartı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kartdan istifadəni öhdəsinə götürmüşdür.(İ.vər. 86 - 88) İş materiallarında olan, hesab çıxarışlardan görünür ki, 06 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək Cavabdeh kart hesabına müxtəlif vaxtlarda ümumilikdə 5.800 manat pul mədaxil edilsə də, karta həmin dövr üzrə ümumilikdə 13.300 manat pul köçmüş, həmin məbləğdən 1.129 manat bank tərəfindən tutulmuşdur.(İ.vər. 8 - 33) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsin əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 06 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək müxtəlif vaxtlarda hesabına mədaxil etdiyi ümumilikdə 5.800 manat 7.800 manat artıq olmaqla 1.3300 manat olaraq köçürülməsi texniki səhf nəticəsində baş versə də, iddiaçının hesabına artıq mədaxil olunan məbləğlərin əsassız olduğunu bilmiş və bununla bağlı hər hansı tədbir görməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 6371 manat məbləğində pul vəsaiti ondan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə əsaslı və qanuni olduğundan həmin tələblərlə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apеlyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli “Birkart Miles ödəniş kartına dair müqavilə”nin 2.1-ci bəndinin “c” yarımbəndində bankın hüquq və vəzifələri bölməsində göstərilmişdir ki, “müştərinin kart hesabına artıq və ya səhvən köçürülmüş pul vəsaitlərini müştərinin əlavə razılığını almadan (akseptsiz qaydada) hesabdan silmək...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Buna görə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı ASC Cavabdeh hesabından 1.129 manat məbləğində olan pul vəsaitini tutmaqda haqlı olmuş, belə olan halda həmin pula görə faizlərin tutulmasının əsası yoxdur və göstərilənlərə əsasən, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticə qanuni olduğundan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillərlə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASCnin nümayəndəsi Ümid Nəbizadənin və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apеlyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayətləri təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1791/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar