Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7151/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «kredit borcu, tələbin ipoteka predmetinə yönəldilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-145/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00360-01 nömrəli krеdit müqaviləsinə əsasən istehlak məqsədilə bank borcluya 36 ay müddətinə, illik 30 faiz hesablanmaqla 34000 manat məbləğində krеdit vеrib.
2. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00360- 01İP nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 2019/00308-EY nömrəli və 12 may 2020-ci il tariхli, 2020/00115-EY №-li krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1 ünvanında yerləşən 87 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 60000 AZN məbləğində müəyyən edilmişdir.
3. ünvan 1 ünvanında yerləşən 39.8 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kreditin əsas borcu üzrə 24197,70 AZN məbləğində qalıq, ona hesablanmış 4143,03 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6052,00 AZN məbləğində dəbbə pulu, cəmi 34392,73 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 194 manatın tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1, 87 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilib ki, ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimədən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. 10 sentyabr 2024-cü il tarixinə kreditin əsas borcu üzrə 24197,70 AZN məbləğində qalıq, ona hesablanmış 4143,03 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6052,00 AZN məbləğində dəbbə pulu, cəmi 34392,73 AZN məbləğində borc yaranmışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-145/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qərardadı ilə iddianın “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-145/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin qismən təmin edilərək İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00360- 01 saylı krеdit müqaviləsinə əsasən 24197,70 (iyirmi dörd min yüz doxsan yeddi manat yetmiş qəpik) manat əsas borc, 4143,03 (dörd min yüz qırx üç manat üç qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, ümumilikdə 28540,73 (iyirmi səkkiz min beş yüz qırx manat yetmiş üç qəpik) manat borc, dövlət rüsumunun 175,62 (bir yüz yetmiş beş manat altmış iki qəpik) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi; tələbin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1 ünvanında yerləşən 87 saylı mənzilə - ipoteka predmetinə yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1 ünvanında yerləşən 87 saylı mənzilin ilkin satış qiyməti 119.000 (bir yüz on doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı BOKT ASC-yə olan borc ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra pulun qalan hissəsi Cavabdeh2 qaytarılması; iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 (əlli) manat hissəsi İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Nərimanov filialı, bank VÖEN: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************; Kod: 805711, S.W.İ.F.T: İBAZAZ2X) köçürülməsi; iddianın qalan hissədə edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə görə hesablanmış faiz və cərimə borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tariхli, 2022/00360-01 nömrəli krеdit müqaviləsinə əsasən kredit almaqla tərəflər arasında borckredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsinə dair əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia ərizəsinin “6052 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, və müqavilələr üzrə ödənilməli ola əsas borcun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 6052 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilməsi hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1 ünvanında yerləşən 87 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilməsindən asılı olmayaraq hazırkı iş üzrə ipoteka predmetinin dəyərinin məbləği məhkəmə tərəfindən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadı ilə qəbul edilən hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” "xxxx" MMC-nin 23 may 2025-ci il tarixli CVN/M 47-140/25 saylı rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 124000 manat, likvid dəyəri 119000 manat məbləğində müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1 ünvanında yerləşən 87 saylı mənzilin ilkin satış qiyməti məhkəmə tərəfindən 119000 (yüz on doqquz min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iş üzrə hazırki apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla yeni qətnamə çıxarılmasını xahiş edib göstərir ki, İddiaçı BOKT ASC tərəfindən məhkəməyə xx.xx.2024cü il tarixli maliyyə arayışı təqdim edilmiş və maliyyə arayışında 10 sentyabr 2024-cü il tarixədək əsas borca faizlər hesablanaraq tələb edilmişdir. Məhkəmə isə həmin əsas borc və faizləri olduğu kimi təmin etmişdir. Başqa sözlə, BOKT tərəfindən 28 avqust 2024-cü il tarixli xəbərdarlıq bildirişi ilə kredit müqaviləsinə xitam verdiyindən həmin tarixədək kredit müqaviləsi qüvvədə olduğundan BOKT məhz 28 avqust 2024-cü il tarixədək həmin kredit müqaviləsi üzrə faizlər hesablaya bilərdi, həmin tarixdən sonrakı dövrdə isə kredit müqaviləsinə xitam verildiyindən BOKT yalnız Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq 5% hesablaya bilərdi. Lakin 10 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, BOKT cavabdehə kredit müqaviləsinə xitam verdiyi 28 avqust 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək olan dövr ərzində də ləğv edilmiş kredit müqaviləsi üzrə faizlər hesablamış, məhkəmə isə həmin maliyyə arayışındakı əsas borc və faiz məbləğlərini olduğu kimi təmin etmişdir. Qətnamənin nəticəvi hissəsindəki əsas borc və faiz göstəricilərini 10 sentyabr 2024-cü il tarixli BOKTun maliyyə arayışının müvafiq göstəriciləri ilə müqayisə etdikdə görünür ki, rəqəmlər üst-üstə düşür. "xxxx" MMC-nin 23 may 2025-ci il tarixli CVN/M 47-140/25 saylı rəyindən görünür ki, aparılmış təhlillərə və hesablamalara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi,ev 1 ünvanında yerləşən 87 saylı mənzilin 23 may 2025-ci il tarixinə bazar dəyəri 124000 manat, likvid dəyəri 119000 manat təşkil edir. Həmin ekspertiza rəyi ilə razılaşmadıqlarından tərəflərindən təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Bu baxımdan mübahisəli qətnamədə qət edilmiş faizlər, hesablanmış borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti əsassız və qanunsuz olmuşdur. Bu baxımdan, maliyyə-mühasibatlıq ekspertizası təyin edilməli, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə təyin olunmalı, habelə əsas borca kredit müqaviləsi üzrə faiz məbləğləri yalnız kredit müqaviləsinin ləğv edildiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişinədək hesablanmalıdır. “İpoteka haqqında” Qanuna aparılmış dəyişikliklərdən sonra ipoteka predmetinə tutma yönəldilməsi zamanı onun likvid qiyməti deyil, bazar qiyməti əsas götürülür. Belə ki, “İpoteka haqqında” Qanunun hazırkı redaksiyasının 39.3.3cümaddəsinə əsasən ipoteka predmetinin bazar qiyməti-tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Bu norma ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı prosessual münasibətləri, yəni icra icraatını tənzimlədiyindən məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti məhz bazar qiyməti ilə müəyyən edilməlidir. Bu məsələdə əsas hüquqi problem ondan ibarətdir ki, 14 iyul 2025-ci il tarixli 250-VİİQD saylı Qanunla “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi -yəni “likvid dəyəri” anlayışı - qanundan çıxarılmışdır. Bu dəyişiklikdən sonra ipoteka predmetinin qiymətləndirilməsi artıq yalnız bazar dəyərinə əsaslanmalıdır. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Belə olduğu halda, likvid dəyərin qanundan çıxarıldığı şəraitdə məhkəmənin qətnamədə əmlakın likvid dəyərinə əsaslanması maddi hüquq normasının yanlış tətbiqi hesab edilməlidir. Əmlakın bazar dəyərinin 124 000 AZN olduğu halda likvid dəyər əsasında qiymətləndirmə aparılması həm qanunvericilik dəyişikliyinə, həmdə Konstitusiyanın geriyə şamil qaydasına ziddir.
Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Bu baxımdan İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcun 21 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. Bununla da, 28 avqust 2024-cü il tarixdə İddiaçı BOKT ASC tərəfindən kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Buna baxmayaraq, İddiaçı BOKT ASC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli maliyyə arayışı təqdim edilmiş və maliyyə arayışında 10 sentyabr 2024-cü il tarixədək əsas borca faizlər hesablanaraq tələb edilmişdir. Məhkəmə isə həmin əsas borc və faizləri olduğu kimi təmin etmişdir. Başqa sözlə, BOKT tərəfindən 28 avqust 2024-cü il tarixli xəbərdarlıq bildirişi ilə kredit müqaviləsinə xitam verdiyindən həmin tarixədək kredit müqaviləsi qüvvədə olduğundan BOKT məhz 28 avqust 2024-cü il tarixədək həmin kredit müqaviləsi üzrə faizlər hesablaya bilərdi, həmin tarixdən sonrakı dövrdə isə kredit müqaviləsinə xitam verildiyindən BOKT yalnız Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq 5% hesablaya bilərdi. Lakin, 10 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, BOKT cavabdehə kredit müqaviləsinə xitam verdiyi 28 avqust 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək olan dövr ərzində də ləğv edilmiş kredit müqaviləsi üzrə faizlər hesablamış, məhkəmə isə həmin maliyyə arayışındakı əsas borc və faiz məbləğlərini olduğu kimi təmin etmişdir. Qətnamənin nəticəvi hissəsindəki əsas borc və faiz göstəricilərini 10 sentyabr 2024-cü il tarixli BOKTun maliyyə arayışının müvafiq göstəriciləri ilə müqayisə etdikdə görünür ki, rəqəmlər üst-üstə düşür. Tərəflərindən ipoteka predmetinin qiyməti ilə bağlı təkrar ekspertiza keçirilməsi üçün vəsatət verilmiş, əsas kimi həmin ərazidə yerləşən oxşar əmlakların qiymət fərqliliyinə dair internet resurslarında yerləşdirilmiş məlumatlar, ərazinin ekoloji təmiz olması, mərkəzi küçələrdə yerləşməsi, nəqliyyat infrastrukturunun inkişafı və digər obyektiv amillər göstərilmiş və qanunvericiliyə edilmiş dəyişiklik də məhkəməyə bildirilmişdir. Lakin məhkəmə bu vəsatəti “işin lüzumsuz uzanacağı” arqumenti ilə rədd etmiş, lakin prosesin niyə lüzumsuz hesab edildiyini əsaslandırmamışdır. Əgər ki, ekspertiza zamanı əmlakın qiyməti artıq müəyyən edilsə idi,bu proses lüzumsuz hesab edilə bilməzdi. (qanunvericiliyə edilmiş dəyişiklik əsasında sadəcə bazar qiyməti əsas götürülməsi ilə əmlakın qiyməti əvvəlkindən artıq olmasına şübhə belə ola bilməzdi) MPM-in 97.1-ci maddəsinin tələb etdiyi əsaslandırma mövcud deyildir və vəsatətin rədd edilməsi qanuni şərtlərə cavab vermir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
11. İddiaçı BOKT ASC tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə nümayəndəsinin iştirakı olmadan işə baxılması və apellyasiya şikayətinin təmin olunmaması barədə yekun məhkəmə aktının çıxarılması xahiş edilmiş, lakin iştirak etməmənin səbəbi barədə sübut təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
13. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.9(xx.xx.2025-ci ilədək qüvvədə olan). ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1-4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 39.3.3(xx.xx.2025-ci ilədək qüvvədə olan). Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
25. Əvvəla, faiz borcunun iddiaçı tərəfindən bildirişin göndərildiyi 28 avqust 2024-cü ilədək deyil, 10 sentyabr 2024-cü ilədək hesablandığı barədə dəlillər açıq-aşkar əsassız hesab edilir. Çünki həqiqətən iddia ərizəsində, bildirişdə(cild 1; i.v.20) və maliyyə arayışında((cild 1; i.v.25) göstərilən faiz borcunun məbləği eyni olmuşdur. Başqa sözlə, bildirişdə və maliyyə arayışında göstərilən faiz borcunun məbləği eyni göstərilibsə, demək ki, bu 28 avqust 2024-cü ilədək yaranmış faiz borcu hesab edilir. Üstəlik bildirişin(cild 1; i.v.20) 4-cü abzasında konkret göstərilib ki, bu faiz borcu xx.xx.2024-cü ilədək yaranıb. Ona görə də kredit müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilsə belə, xx.xx.2024-cü ilədək cavabdehə əlavə faiz borcu hesablanmamışdır. Cavabdehin bu cür dəlildən hansı məqsədlə istifadə etdiyi anlaşılan olmamışdır.
26. Bundan əlavə, cavabdehin ipoteka predmetinin bazar və likvid dəyəri ilə razılaşmaması üçün də hansısa əsas mövcud deyildir. Əvvəla ona görə ki, cavabdeh məhkəmənin aldığı qiymətləndirmə rəyindəki qiymətlə razılaşmırdısa, özü qiymətin daha yüksək olmasına dair əldə etdiyi hansısa qiymətləndirmə rəyini təqdim edə bilərdi, ancaq etməyib yaxud bu cür, yəni qiymətin daha yüksək olmasına dair rəyin təqdim edilməsi mümkün olmayıb. Belə bir rəy təqdim etmiş olsa idi, məhkəmə də qiymətlər arasında kəskin fərqin olduğunu görərdi, yəqin ki, əlavə qiymətləndirmə ekspertizası keçirilməsi üçün də əsas və zərurət yaranardı. Ancaq cavabdeh bu barədə hansısa sübut təqdim etmədiyindən məhkəmə də haqlı olaraq əlavə qiymətləndirmə yaxud ekspertiza keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Bir də ki, ipoteka müqaviləsində 39.8 kv. m sahəsi olan mənzilin dəyəri tərəflərin razılaşmasına əsasən 60000(altmış min) manat müəyyən edilmiş, məhkəmənin aldığı rəydə isə 23 may 2025-ci il tarixinə bazar dəyəri 124000 manat, likvid dəyəri 119000 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə də ipoteka müqaviləsində razılaşdırılan qiyməti deyil, aldığı rəydə olan qiyməti ilkin satış qiyməti kimi göstərmişdir. Demək ki, bu qiymət real olduğundan və bunu inkar edən hansısa sübutu cavabdeh təqdim etmədiyindən hansısa ekspertiza yaxud qiymətləndirmə keçirilməsindən də söhbət gedə bilməz.
27. Bunlardan başqa, həqiqətən də “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi -yəni “likvid dəyəri” anlayışı - qanundan çıxarılmışdır. xx.xx.2025-ci ilədək qüvvədə olan redaksiyada Qanunun 1.0.9-cu maddəsində ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti hesab edilirdi. Eyni zamanda Qanunun xx.xx.2025-ci ilədək qüvvədə olan 39.3.3cu maddəsində göstərilirdi ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsi qiymətləndirmə keçirərkən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməmişdir. Bununla yanaşı, qeyd edilən dəyişikliyin edilməsi də o demək deyil ki, Qanunun xx.xx.2025-ci ilədək qüvvədə olan normaları tətbiq oluna bilməz. Cavabdeh şikayətində Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə istinad etsə də həmin normada fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi göstərilib. Deməli, bu dəyişiklik fiziki şəxs kimi cavabdehin hüquqi vəziyyətini yaxşılaşdırırsa, hüquqi şəxs kimi iddiaçının da hüquqi vəziyyəti ağırlaşmamalıdır. Başqa sözlə, cavabdeh bir tərəfdən iddiaçı qarşısında müqavilədən yaranan öhdəliyini icra etmir yaxud etmək istəmir, digər tərəfdən mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olmayan qanunun yeni normasının onun vəziyyətini yaxşılaşdırmasından faydalanmaq istəyir ki, əlbətdə ki, bu da vicdanlılığın tələb etdiyi tərz sayılmır.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər və hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-145/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-145/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.