Məhkəmə qərarları › İş №2(103)-7156/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7156/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7156/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Mətanət Əliyevin, cavabdehin vəkili və nümayəndəsi Nurlanə Quliyevanın iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, xx.xx.2010-cu il tarixli, İ-234 nömrəli krdit müqaviləsi ləğv edilsin, əsas borc kimi 28.600 manat, faiz borcu kimi 11.430 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin.Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, kredit müqaviləsi ləğv edilsin və iddia ərizəsində göstərilən məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən, cavabdehin vəkili və nümayəndəsi Nurlanə Quliyeva apelyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Mətanət Əliyev isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Tələb iddiaçı (kredit verən) ilə cavabdehin (kredit alanın) arasında 60 ay müddətinə bağlanmış xx.xx.2010-cu il tarixli, İ-234 nömrəli kredit müqaviləsindən irəli gəlir. Tələbin irəli sürülməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti keçib. Belə ki, kredit müddəti xx.xx.2015-ci ildə bitib. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit müddəti xx.xx.2015-ci ildə bitdiyinə görə hesab olunur ki, öhdəliklər üzrə icra müddəti də xx.xx.2015-ci ildə bitib, bununla da 3 illik iddia müddətin axımı xx.xx.2015-ci ildə başlayıb və xx.xx.2018-ci ildə bitib. İddia müddətinin axımı kəsilməyib. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsindən görünür ki, iddia müddətinin axımı 2 halda kəsilir: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə; 2) borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə 1-ci hal: İddia ərizəsi xx.xx.2013-cü ildə verilib, bundan 2 ay sonra - xx.xx.2013-cü ildə o, baxılmamış saxlanılıb və 6 il ərzində baxılmamış qalıb. xx.xx.2019-cu ildə iddiaçı ərizə (vəsatət) verərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini xahiş edib, xx.xx.2020-ci ildə həmin qərardad ləğv edilib. İddia ərizəsinin baxılmamış saxlanıldığı 6 ilin daxilində 3 illik iddia müddəti (xx.xx.2015-ci ildən xx.xx.2018ci ilədək olan müddət) başlayıb və bitib. İddia müddətinin bu qaydada başlanması və bitməsi Mülki Məcəllənin 381.1-ci maddəsinin göstərişinə uyğundur. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi iddia müddətinin axımına təsir etməyib. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün Mülki-Prosessual Məcəllə (MPM) işdə iştirak edən şəxslərə 2 cür imkan müəyyən edib: 1) həmin qərardaddan şikayət vermək; 2) həmin qərardadın ləğv edilməsi üçün vəsatət vermək. 1-ci imkan, qərardaddan şikayət verilməsi MPM-in 260.6-cı maddəsində nəzərdə tutulub. Mülki prosesdəki hər bir şikayət kimi bu şikayət də mahiyyət etibarilə işdə iştirak edən şəxsin məhkəmə aktından narazılığını ifadə edir, yəni həmin şəxs qərardadın qanunvericiliyin tələbinin pozulması ilə qəbul edildiyini iddia edir və buna görə də qərardadın ləğv edilməsini istəyir. 2-ci imkan, vəsatət verilməsi MPM-in 260.5-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə göstərilib: “Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir”. Vəsatət də işdə iştirak edən şəxsin məhkəmə aktından narazılığını ifadə edir, lakin şikayətdən fərqli olaraq vəsatət verən şəxs qərardadın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyini iddia etmir, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verdiyini iddia edərək bu barədə sübutlar təqdim edir. Ona görə də baxılmamış saxlama barədə qərardadın ləğv edilməsi üçün şikayət verən şəxsdən fərqli olaraq vəsatət verən şəxs qərardadın və onu qəbul edən məhkəmənin bu hərəkətinin qanuni olmasını tanıyır, yalnız öz üzərinə düşən vəzifəni (məhkəmə iclasında iştirak etmək və ya məhkəmə iclasına gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmək və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmək vəzifəsini) üzrlü səbəbdən yerinə yetirə bilmədiyini iddia edərək və bu barədə sübutlar təqdim edir. Hazırkı işdə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad 2-ci imkandan istifadə edilməklə ləğv edilib. Yəni iddiaçı MPM-in 260.5-ci maddəsinə istinad edərək vəsatət verib, məhkəmə isə həmin maddəyə istinad edərək qərardadı ləğv edib. Bu isə o deməkdir ki, baxılmamış saxlama barədə qərardad qanunsuz sayılmayıb, 6 il ərzində iddia ərizəsinin baxılmamış qalması qanuni olub. Ona görə də həmin müddətin daxilində iddia müddətinin axımının başlanması və bitməsi etibarlı sayılır. Əgər baxılmamış saxlama barədə qərardad MPM-in 260.6-ci maddəsinə uyğun olaraq verilmiş şikayət əsasında ləğv edilsəyidi, bunun nəticəsi ondan ibarət olacaqdı ki, baxılmamış saxlama qanunsuz olub, nəticədə iddia müddətinin axımı da baş verməyib. 2-ci hal: Cavabdeh iddia müddəti daxilində borcu etiraf edən hərəkətlər etməyib. Belə ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2012-ci ildə (8 il əvvəl) edilib. Bundan sonra hər hansı ödənişin edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də iddia müddətinin axımı kəsilməyib. Göründüyü kimi, iddia müddətinin axımını kəsən hallar baş verməyib. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyindən o, iddia müddətinin tətbiqi barədə ərizə verə bilməyib, ona görə də həmin ərizəni apelyasiya icraatı zamanı verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar