Məhkəmə qərarları › İş №2(103)-7156/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7156/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7156/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(006)-2919/2019 saylı qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 41720 ABŞ dolları məbləğində əsas borc, 15568 ABŞ dolları 50 sent məbləğində faiz borcu, 11530 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 68818 ABŞ dolları 50 sent məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 33 gün müddətinə, illik 18 % ödəmək şərti ilə 41720 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 28 aprel 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Mirəbdülhəsən Həsənov qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına zamin durmuşdur. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasındakı danışıqlardan sonra 31 yanvar 2018-ci il tarixdə, 28 aprel 2016-cı il tarixli BN471 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə 1 nömrəli əlavə razılaşma ilə borcalana verilmiş kredit üzrə faiz dərəcəsi illik 5 %-ə endirilmişdir. Lakin bu tarixdən sonra da borclu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə borclunun 19 mart 2019-cu il tarixə kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə 41720 ABŞ dolları məbləğində əsas borc, 15568 ABŞ dolları 50 sent məbləğində faiz borcu, 11530 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 68818 ABŞ dolları 50 sent məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(006)- 2919/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 41720 ABŞ dolları məbləğində əsas borc, 15568 ABŞ dolları 50 sent məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 59288 ABŞ dolları 50 sent məbləğində pulun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə iclasında onların iştirakı təmin edilməmiş, nəticədə onlar öz hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşlar. Məhkəmə yalnız iddiaçı tərəfin xeyrinə olan halları sübut kimi qəbul etmiş, iddiaçının tələb etdiyi pul məbləği barədə heç bir araşdırma aparmamış və bu barədə ekspertiza təyin etməmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, onun apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməmiş, işə baxılan dövrdə Cavabdeh1 həbsdə olduğuna görə onun tərəfindən apellyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 qətnamənin dəyişdirilmədən saxlanılmasını, Cavabdeh1 nümayəndəsi Vəkil isə şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının növbəti iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş «Premier Kredit BOKT” MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2016-cı il tarixli BN-471 saylı kredit müqaviləsindən görünür ki, «Premier Kredit BOKT” MMC Cavabdeh1 33 gün müddətinə, illik 18 % dərəcəsi ilə 41720 ABŞ dolları məbləğində kredit vermişdir. 31 yanvar 2018-ci il tarixli 1 saylı razılaşmadan görünür ki, verilmiş kredit üzrə faiz dərəcəsi illik 5 %-ə endirilmişdir. 19 mart 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19 mart 2019-cu il tarixə 41720 ABŞ dolları məbləğində kredit borcu, 15568,50 ABŞ dolları məbləğində faiz borcu və 11530 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 68818,50 ABŞ dolları məbləğində borcu vardır. 28 aprel 2016-cı il tarixli BN-471/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 «Premier Kredit BOKT” MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 9/6261 saylı rəyindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2016-cı il tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi barədə 31 yanvar 2018-ci il tarixli razılaşmaya əsasən, Cavabdeh1 19 mart 2019-cu il tarixinə (iddia qaldırılan tarixə) olan əsas borcu 41720 ABŞ dolları, faiz borcu isə 6534,97 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunsa da, prosessual hüquq normaları pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 1(101)-645/2019 saylı hökmünün sürətindən görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək həmin cinayət işi üzrə 23 aprel 2019-cu ildən 27 sentyabr 2019-cu ilədək həbsdə olmuşdur. İş üzrə birinci baxış iclası 08 may 2019-cu il tarixdə, ikinci baxış iclası 04 iyun 2019-cu il tarixdə keçirilərək qətnamə qəbul olunmuş, lakin Cavabdeh1 məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borcun məbləği düzgün müəyyən olunsa da, faiz borcunun məbləği düzgün müəyyən olunmamışdır. Belə ki, «Premier Kredit BOKT” MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2016-cı il tarixli BN-471 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə 33 gün müddətinə bağlanmış, kredit illik 18 % dərəcəsi ilə verilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən, kredit vəsaitindən istifadə müddəti 31 may 2016-cı il tarixində saat 18:00-da bitir. «Premier Kredit BOKT” MMC ilə Cavabdeh1 arasında bağlanmış “28 aprel 2016-cı il tarixində bağlanmış BN-471 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə” 31 yanvar 2018-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən, “kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 5%-lə hesablanır. 28 aprel 2016-cı il tarixində bağlanmış BN-471 saylı kredit müqaviləsi üzrə digər bəndlər öz qüvvəsində qalır.” Göründüyü kimi, kredit müqaviləsi illik 18 faiz dərəcəsi ilə hesablanmaqla cəmi 33 gün müddətinə bağlanmış, sonrakı dövrdə müqavilənin müddəti uzadılmamış, tərəflər arasında bağlanmış razılaşma ilə kreditin faiz dərəcəsi illik 5 faizə endirilmişdir. Beləliklə, Cavabdeh1 kredit müqaviləsinin qüvvədə olduğu 33 gün müddətinə 191,21 ABŞ dolları məbləğində kredit faizi ödəməli idi. Belə ki, illik faiz borcu 41720 x 0,05=2086 ABŞ dolları, aylıq faiz borcu 2086 : 12 = 173,83 ABŞ dolları, 1 gün üçün faiz borcu 5,79 ABŞ dolları, 3 gün üçün faiz borcu 17,38 ABŞ dolları, 33 gün üçün faiz borcu 173,83+17,38= 191,21 ABŞ dolları təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” İddia ərizəsinin məzmunundan görünür ki, kreditor "xxxx" MMC kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) və dəbbə pulunun (cərimənin) ödənilməsini tələb etmişdir. Adi riyazi hesablama ilə hesabladıqda müəyyən olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş 33 gün müddət ərzində ödənilməli olan faiz borcu 191,21 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC 19 mart 2019-cu il tarixinə qədər kredit müqaviləsi üzrə faiz borclarını tələb etməkdə haqlı olmamışdır. Buna görə də kredit müqaviləsinin müddətinə faiz borcu 191,21 ABŞ dolları məbləğində müəyyən edilməli, məhkəmə mühasibatlıq ekspertizasının rəyində faiz borcunun məbləği 19 mart 2019-cu il tarixinə qədər hesablandığına görə həmin məbləğ nəzərə alınmamalıdır. Dəbbə pulu (cərimə) məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, 2000 ABŞ dolları məbləğində cərimə 41720 ABŞ dolları məbləğində əsas borca nisbətdə mütənasibdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 41720 ABŞ dolları məbləğində əsas borc, 191,21 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 43911,21 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(006)- 2919/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 41720 ABŞ dolları məbləğində əsas borc, 191,21 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 43911,21 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla tutulsun. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar