Məhkəmə qərarları › İş №2(103)-7157/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7157/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7157/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)-2717/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1441,05 manat əsas borc, 207,82 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1678,87 manat pulun tutularaq QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya illik 22% şərti ilə 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmiş, xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh1 kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kreditin təminatı kimi zamin Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehlərə şifahi və yazılı şəkildə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)- 2717/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli 564-xx.xx.2015-SM105 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1441,05 manat əsas borc, 207,82 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1678,87 manat pulun müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv olunması və iddianın ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, zaminlik müqaviləsində göstərilən müddətin bitməsindən 35 ay keçməsinə baxmayaraq, iddiaçı yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə onunla Bank arasında bağlanmış zaminlik müqaviləsində göstərilən müddət bitdiyi üçün həmin tarixdə onun zaminliyinə xitam verilmiş və sonrakı dövr üçün onun Bank qarşısında heç bir öhdəliyi yaranmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qismən – Cavabdeh2 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmiş,Cavabdeh2 apellyasiya şikayətində qətnaməni ona aid hissədə mübahisələndirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 aid hissədə ləğv edilməli, ona aid hissədə iddia tələbi rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli 564-xx.xx.2015-SM105 nömrəli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ABB Premyer Müştəri Xidməti borcalan Cavabdeh1 illik 22 faiz olmaqla 24 ay müddətinə 2600 manat kredit vermiş, xx.xx.2015-ci il tarixli məxaric orderinə imza etməklə Cavabdeh1 ayrılmış vəsaiti məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli 564-xx.xx.2015-SM105 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli dəyişikliyin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər xx.xx.2018-ci il tarixli S-FK-1467 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İddiaçı QSC BOKT-un arayışından müəyyən edilir ki, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1441,05 manat əsas borcu və 207,82 manat faiz borcu yığılmışdır. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli 564-xx.xx.2015-SM105 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Bu kredit üzrə Cavabdeh2 iş üzrə digər borclu Cavabdeh1 bank tərəfindən verilmiş kredit üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə tələb edilən borcun müştərək qaydada cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. Apellyasiya baxışının hədləri kontkesində Kollegiya qeyd edir ki, məhkəmə zamin Cavabdeh2 aid hissədə iddia tələbini təmin etməklə maddi hüquq normasını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin hallarından görünür ki, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti konkret göstərilməmişdir. Zaminlik müqaviləsinin 13.1-ci bəndində qeyd olunmuşdur ki, borclunun kreditor ilə bağladığı xx.xx.2015-ci il tarixli 564-xx.xx.2015-SM105 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu müqavilə qüvvədə olur. Kollegiya qeyd edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin konkret vaxtla müəyyənləşdirilmiş müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Başqa sözlə, zaminlik müqaviləsində müddət qeyri-müəyyəndir. İşin hallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxx 2017ci il tarixində başa çatmış, bankın da həmin vaxtdan başlayaraq, zamin Cavabdeh2 qarşı tələb etmə hüququ 1 il qüvvədə olmuşdur. Lakin bank tərəfindən hazırki iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Kollegiya hesab edir ki, qanunun tələbinə görə hazırki halda zaminliyə xitam verilmişdir və zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi zamin Cavabdeh2 aid hissədə qanunsuz və əsassızdır. Kollegiya qeyd edir ki, hazırki halda qanunvericiliyin tələbinə əsasən cavabdeh (zamin) Cavabdeh2 zaminliyinə xitam verildiyindən və o, iddiaçı qarşısında məsuliyyət daşımadığından, qətnamə ona aid hissədə ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(011)-2717/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar