Məhkəmə qərarları › İş №2(103)-7159/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7159/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7159/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Kərim Xudayev) ilə ərizə təmin edilməmişdir.

5. Həmin qərardaddan cavabdehin verdiyi şikayət Məhkəmənin eyni saylı, xx.xx.2024ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

8. Belə ki, cavabdeh tərəfindən verilmiş qiyabi qətnamənin ləğvinə dair ərizəyə baxan birinci instansiya məhkəməsi qərardadında cavabdehin ərizəni vaxtında verməməsini göstərsə də, ərizəni baxılmadan cavabdehə geri qaytarmalı olduğu halda, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəni təmin etməmişdir.

9. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

11. Bundan başqa, mübahisələndirilən qərardaddan verilmiş şikayətdə cavabdeh qətnaməni icra şöbəsindən aldığını qeyd etmiş, mülki iş materiallarında qətnamənin alınması barədə xəbərnamədəki imzanın ona məxsus olmadığını bildirmişdir.

12. Rayon məhkəməsi belə olan halda həmin imzanın cavabdehə məxsus olubolmamasının müəyyən edilməsi üçün müvafiq araşdırma (məsələn, məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi) da aparmamışdır.

13. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

16. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar