Məhkəmə qərarları › İş №2(103)-7160/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7160/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7160/2025 09.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmməd oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-8708/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulan 138 418 (yüz otuz səkkiz min dörd yüz on səkkiz) manat maddi zərər və ödənilmiş 429 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8708/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-8708/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuna görə iddia tələbinə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalı olsa da, həmin maddənin hazırkı işdə tətbiqi mümkün deyildir. Belə ki, Cavabdeh barəsində şərti məhkumetmə barəsində hökm çıxarılmış və həmin hökmdən verilən apellyasiya şikayətinə də onun yaşadığı yerə müvafiq olaraq hazırda Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılır. Bu hal da onu göstərir ki, cavabdehin daimi olduğu ərazi məhz Bakı şəhəri Xətai rayonu ərazisidir. Bundan əlavə hökm qanuni qüvvəyə minənədək cavabdehin başqa yerə getməmək barəsində iltizam təbiri olması səbəbindən aralarında olan mülki iş üzrə mübahisəyə Tovuz Rayon Məhkəməsində deyil Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-4538/2025 saylı, 11 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini həm ərazi aidiyyəti qaydalarına əməl edilməməsi, həm də iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin ərizəyə əlavə edilməməsi səbəbindən geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquqularından biri də, qanunla qadağan olunmayan üsul və vasitələrlə hüquq və azadlıqların müdafiə edilməsidir. Bu müdafiə vasitələrindən biri də məhkəməyə müraciət hüququdur. Bu baxımdan, bütün fiziki və hüquqi şəxslər, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər müəyyən olunmuşdur. Bu şərtlərdən biri də, MPM-in 35-ci maddəsində əks olunmuşdur. Belə ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş məlumatlardan görünür ki, Cavabdeh Tovuz rayonu, Yanıxlı kəndində qeydiyyatdadır. İddiaçı iddia ərizəsində Cavabdeh yaşayış yerinin ünvan 1 ünvanı olduğunu qeyd etsə də, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin kollegiya qeyd edir ki, cavabdehin cinayət işi üzrə başqa yerə getməmək haqqında iltizam tədbirinin tətbiq edilməsi və ya həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılması, mülki iş üzrə ərazi aidiyyəti qaydalarının dəyişdirilməsi üçün hüquqi əsas hesab edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsində hansı sənədlərin yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər hesab olunduğu dəqiq şəkildə qeyd edilmişdir. İş materiallarından göründüyü kimi, cavabdehin Bakı şəhərinin Xətai rayonunda rəsmi qeydə alındığını təsdiq edən qanunvericilikdə göstərilən sənədlərdən heç biri məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsində göstərilən **********8 nömrəli qəbz üzrə dövlət rüsumu iddiaçının digər mülki işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-8344/2025 saylı qərardadı ilə dövlət büdcəsindən geri qaytarılmış və həmin qərardad icraata yönəldilmişdir. Bu hal sözügedən rüsumun hazırkı iş üzrə ödənilmiş hesab edilməsinə imkan vermir. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş həm ərazi aidiyyəti, həm də dövlət rüsumunun ödənilməsi ilə bağlı əsasların mövcudluğunu düzgün müəyyən etmişdir. Bu baxımdan, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-8708/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar