Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7162/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakı ilə X2 Cavabdeh qarşı “borcun və digər xərclərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Vüqar Ağamehdi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh arasında 13 iyul 2016-cı il tarixdə bağlanmış 34 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M. Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzilin sonuncuya verildiyini, Cavabdeh işi ilə bağlı müvəqqəti Rusiya Federasiyasının Sank Peterburq şəhərində yaşadığı üçün onun xahişi ilə Vüqarın əvəzinə 12 iyul 2017-ci il tarixdə 18 000 manat məbləğində ödəniş etdiyini, Rusiyadan qayıtdıqdan sonra borcunu qısa müddət ərzində ödəyəcəyinə söz versə də, cavabdehin vədinə əməl etmədiyini, ötən 3 ilə yaxın müddətdə borcu qaytarmadığını, cavabdehin qızı ilə ailə münasibətlərinin pozulduğunu görüb dəfələrlə şifahi qaydada borcun qaytarılmasını tələb etməyinə baxmayaraq nəticəsinin olmadığını, cavabdehin Nizami RPİ-nin 25-ci Polis bölməsində izahat verərkən borcunu etiraf etdiyini bildirmiş, Cavabdeh 18 000 manat borcun, 31 manat dövlət rüsumunun əvəzinin, 110 manat vəkil xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 16 500 manat borcun, 110 manat vəkil xidmətinə görə ödənilmiş pulun və 27,50 manat dövlət rüsumunun əvəzinin X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, keçmiş qayınanası olan iddiaçının guya ona mənzil alınması üçün pul vermiş olmasının heç bir mötəbər sübutla təsdiqlənmədiyini, həmin mənzilin digər məhkəmə qətnaməsi əsasında iddiaçının qızı ilə aralarında bölündüyünü nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı, Bakı şəhəri, Nizami rayonu, M. Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzilin alınması üçün binanı tikən şirkətə 16 500 manat ödəsə də, bu pulu öz qızı üçün vermişdir və buna görə də o, iddiaçıya heç bir pul vəsaiti qaytarmalı deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnamənin ləğv olunmasını xahiş etsə də, onun apellyasiya şikayətinin dəlilləri məhz iddianın təmin olunan hissəsinin qanunsuz olmasına yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. İşin müəyyən edilmiş halına görə iddiaçı Bilqeyis Babayeva cavabdehin keçmiş qayınanasıdır; onun qızı Nuranə Babayeva və Cavabdeh arasında 09 oktyabr 2004-cü il tarixdə rəsmi nikah bağlanmış, nikahlarından 02 sentyabr 2005-ci il tarixdə Namiq, 03 mart 2010-cu il tarixdə Mələk adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşaqlardan birinin atasının, digərinin anasının yanında qalması və ananın yanında qalan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aliment tutulması qət edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, X5 Babayevə qarşı “birgə nikah dövründə qazanılmış əmlaklardan payın müəyyən edilməsi” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunaraq Bakı şəhəri, Nizami rayonu, M. Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzilin üzərində Nuranə Babayevanın 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarının müəyyən edilməsi, mənzilə görə ödənilməmiş qalan 7200 manat borcun 2/3 hissəsinin Nuranə Babayevaya, 1/3 hissəsinin isə Cavabdeh aid edilməsi qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilərək pay nisbəti və borc bölgüsü ½ hissədə müəyyənləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil Nuranə və Cavabdehlərin nikahda olduqları müddətdə əldə olunmuş, həmin mənzilin sökülməsi və yerində yeni binanın tikilməsinin əvəzi olaraq "xxxx" MMC və Cavabdeh arasında 13 iyul 2016-cı ildə bağlanmış 34 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 45,35 kv.m. mənzil sahəsi ona verilmiş, tərəflər arasında olan qarşılıqlı razılaşmaya əsasən hər kv.m. üçün 850 manat ödəniş edilməklə əlavə 40 kv.m. mənzil sahəsi alınmış, ailə tərəfindən həmin əlavə 40 kv.m. mənzil sahəsinə görə 34 000 (40 x 850) manat pul vəsaitindən 26 800 manat ödəniş olunmuş, 7200 manat isə borc qalmışdır. İddiaçının iddiasına görə, məhz qeyd olunan mənzil üçün həyata keçirilmiş ödənişin 18 000 manatını o ödəmişdir və cavabdeh verdiyi vədi yerinə yetirməyərək həmin vəsaiti qaytarmaqdan boyun qaçırmaqdadır. İş materiallarından aydın olur ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda, sözügedən mənzil üçün iddiaçının 16 500 manat ödəniş etdiyini təsdiq etmiş, apellyasiya icraatı zamanı da bu halı təsdiqləmiş, lakin onun bunu qızı üçün etdiyini, həmin dövrdə iddiaçının qızı ilə nikahda olduqlarından iddiaçının qarşısında hər hansı öhdəliyinin yaranmadığını, eyni zamanda mənzilin keçmiş həyat yoldaşı ilə arasında bölündüyünü bildirməklə iddianın əsassız olduğunu irəli sürmüşdür. Birinci instansiya məhkəməsi məhz qeyd olunan halları əsas götürməklə müvafiq nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənətlə ümumən razılaşaraq qeyd edir ki, Cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları kontekstində qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiyanın qənaətinə görə, nə qədər ki, Cavabdeh onunla "xxxx" MMC arasında 13 iyul 2016-cı il tarixdə bağlanmış müqavilə əsasında ona verilmiş mənzil üçün həyata keçirilən ödənişlərdən 16 500 manatının iddiaçı tərəfindən edildiyini təsdiq edir və nə qədər ki, tərəflər arasında hər hansı müqavilə münasibəti olmamışdır, belə halda o (cavabdeh), iddiaçının hesabına əldə etdiyini geri qaytarmaq öhdəliyi daşıyır. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitinin məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdr; çünkü yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Nizami rayonu, M. Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzilin iddiaçının qızı ilə cavabdeh arasında ½ hissədə bölündüyü müəyyən olunmuşdur və bu o deməkdir ki, onların nikahları dövründə həmin mənzil üçün iddiaçının ödədiyi vəsaitin yalnız yarısı cavabdehin varlandığı məbləğ kimi qiymətləndirilə bilər. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında 17.05.2019-cu il tarixdə bağlandığı irəli sürülən borc müqaviləsinin iddiaçının hazırkı iddiasının əsası kimi nəzərdən keçirilməsi mümkün deyildir; belə ki, "xxxx" MMC və Cavabdeh arasında müqavilə 13 iyul 2016-cı il tarixdə bağlanmış, mənzil üçün müvafiq ödənişlər isə 2017-ci ildə həyata keçirilmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, həmin müqavilənin bağlanması, iddiaçının, müvafiq pul vəsaitini Cavabdeh (onun ailəsinə) bağışlamış olmadığı qənaətinə gəlməyə əsas verir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh 16 500 manatın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh X2 xeyrinə əsassız varlanmaya görə 8250 (səkkiz min iki yüz əlli) manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7162/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7162/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver