Məhkəmə qərarları › İş №2(103)-7163/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7163/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7163/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-357/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 Bəxtiyar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəxtiyar qızına qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdchlər Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızından müştərək qaydada 10000 (on min) manat və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 10030 (on min otuz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 və mütəşəkkil dəstənin digər üzvünün qanunsuz əməlləri nəticəsində ona 74000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 64/2018 saylı 03 aprel 2018-ci il tarixli hökmünün surətindən göründüyü kimi Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızı və digərləri ilə birlikdə bir dəstə halında dələduzluq edərək ona 10 min manat məbləğində ziyan vurmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 64/2018 saylı 03 aprel 2018-ci il tarixli hökmü ilə Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1 və sair maddələri ilə ilə məhkum edilmişlər. Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızı barələrində olan cinayət işi üzrə yuxarıda qeyd olunan epizod üzrə zərərçəkmış şəxs kimi tanınmış, işə birinci instansiya məhkəməsində baxılan zamanı tərəfindən mülki iddia verilməmişdir. Qeyd olunan hökmlə zərərçəkmiş şəxslərə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(007)- 357/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəxtiyar qızından 4000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 12 AZN məbləğində pul müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 18 manatı iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 Bəxtiyar qızı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və ona münasibətdə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı istinad etdiyi hallara dair heç bir sübut təqim etməmişdir. 1-ci instansiya məhkəməsi heç bir sübuta əsaslanmadan qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin Cavabdeh2 Bəxtiyar qızı tərəfindən verildiyini və qətnamənin özünə aid hissəsinin mübahisələndirdiyini, həmçinin mübahisənin predmetinin bölünməz olmadığını nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin Cavabdeh2 Bəxtiyar qızına aid hissədə yoxlanılır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(101)-64/2018 saylı məlumatında görünür ki, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxsdir, amma qeyd olunan cinayət işi çərçivəsində onun mülki iddiasına baxılmamışdır. Mütəxəssin aktın çıxarışından görünür ki, İddiaçı "xxxx" MMC-yə işə düzəlmək adına ilkin ödənilmiş depozit olaraq 2000 manat, əlavə ödənilmiş depozit 2000 manat olmaqla, cəmi 4000 manat pul ödəmişdir. Lakin İddiaçı Cavabdeh2 tərəfindən dəluduzluq nəticəsində aldadılaraq ona maddi ziyan vurulması ilə bağlı mülki iş materialında heç bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88-cı maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh2 Bəxtiyar qızına aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin cavabdehə münasibətdə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 Bəxtiyar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri NizamiRayon Məhkəməsinin 2(007)-357/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 Bəxtiyar qızına aid hissədə ləğv edilsin və ona münasibətdə iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar