Məhkəmə qərarları › İş №2(103)-7164/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7164/2021

09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7164/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(007)-416/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə onun tərəfindən aparılan 50000 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzi ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1, mənzil 22 18.01.2019-cu il tarixdən cavabdeh X5 adına xüsusi mülkiyyəti hüququ ilə qeydiyyatdan keçmişdir. 14 dekabr 2018ci il tarixdə cavabdeh X9 tərəfindən ona verilmiş AR-İ seriyalı, 707845 nömrəli etibarnamənin məzmununa əsasən, həmin etibarnamə ilə etibar edən etibar edilənə 1 il müddətinə harada olmasından və nədən ibarət olmasında asılı olmayaraq özünə məxsus bütün əmlakını idarə etmək və həmin əmlak üzərində sərəncam vermək səlahiyyətləri vermişdir. 04.06.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, cavabdeh X9 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleyman küçəsi, ev 137 A, mənzil 80, yeni qaydalarla: ünvan 2 ünvanını X2 bağışlamışdır. Həmin müqaviləni hədiyyə verənin adından Cavabdeh əvəzinə o, hədiyyə alanın adından isə onun qanuni nümayəndəsi (anası) X6 imzalamışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 16.08.2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleyman küçəsi, ev 137 A, 80 saylı mənzili 6 saylı DNK-nın 4Ə/557 reyestr nömrəli 04.06.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən 13.06.2019-cu ii tarixdən X1 adına qeydiyyatdan keçmişdir. Bundan sonra Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 dekabr 2018-ci il tarixli ona verilmiş etibarnamənin verildiyi andan etibarsız hesab edilməsinə, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilə dair 13 iyun 2019-cu il tarixli X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə və həmin mənzilə dair ******* saylı Çıxarışın hüquqi qüvvəsinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil X7 iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 6 saylı DNK-da 14 dekabr 2018-ci il tarixdə imzalanmış İddiaçı adına verilmiş 54824 reyestr nömrəli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsi, 6 saylı DNK-nın 4 Ə/557 reyestr nömrəli 04.06.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137 A saylı evin 80 saylı mənzilinə dair İ3 iyun 2019-cıı il tarixli X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2650/2019 saylı işi üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14917/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2650/2019 saylı işi üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilməklə, Bakı şəhəri 6 saylı notariat ofisi 4Ə-557 reyestr nömrəli 04.06.2019-cu il tarixli bağışlama müqaviləsi və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137 A saylı evin 80 saylı mənzilinə dair 13 iyun 2019-cu il tarixli X1 adına verilmiş çıxarış (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində aparılmış qeydiyyat) etibarsız hesab edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.08.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məlumat üçün bildirir ki, o, ömrü boyu anası Cavabdeh ilə yaşamışdır. Mübahisəli mənzili də bu səbəbdən oğlu Həmidbəyə bağışlamışdır. O, mənzili oğluna bağışlandığına görə 50000 ABŞ dolları xərc çəkməklə tam təmir etdirmişdir. İçərisinə mebellər və məişət əşyaları doldurmuşdur. Mənzili ələ keçirmək məqsədilə bacısı Mustafayeva Sadə anası öyrədərək onun yanından öz evinə aparmış və onu öyrədərək mənzilin bağışlanma müqaviləsini məhkəmə yolu ilə ləğv etdirməklə ona sahib olmaq istəyir. O və ailə üzvləri mənzilin oğluna bağışlanmasından və oğlunun azyaşlı olmasından belə nəticəyə gəlmişdir ki, bu mənzildə uzun müddət yaşayacaqlar. Bu səbəbdən də ailələrinin büdcəsində olan pulların hamısını onun təmirinə və içərisinin əşyalarına xərcləmişlər. Bir halda ki, mənzili əllərindən alırlar, onun çəkdiyi xərcləri ödəsinlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(007)-416/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.06.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1, mənzil 80, yeni qaydalarla: AZ1118, ünvan 3 ünvanında yerləşən mənzil X1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2982 nömrəli reyestr kitabının 278420 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 10.08.2020-ci il tarili 74 saylı arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanındakı binanın A korpus, B girişindəki əvvəlki ünvanla 76 saylı, çıxarış üzrə A korpus, 80 saylı, Yeni qaydalarla: AZ1118, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 137, M5, m4 saylı mənzildə ailə üzvlərilə birlikdə yaşayır və qeydiyyatdadır. Onun ailə tərkibinə həyət yoldaşı Nümayəndə və oğlu X3 aiddir. 10 iyul 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cavabdeh ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını nəticəsi X2 vəsiyyət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3260/2020 saylı 04.08.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qərardan aydın olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı, X2, Bakı şəhəri 6 saylı Xüsusi Notariat Kontoruna qarşı etibarnamənin, bağışlanma müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisi 4Ə-557 reyestr nömrəli 04.06.2019-cu il tarixli bağışlama müqaviləsinin və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137 A saylı evin 80 saylı mənzilinə dair 13 iyun 2019-cü il tarixli X1 adına verilmiş çıxarışın (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində aparılmış qeydiyyat) etibarsız hesab edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, iddiaçının qardaşı, cavabdehin isə oğludur. Daimi olaraq Rusiya Federasiyasında yaşayır. Mübahisəli ev ölkə başçısı tərəfindən anasına hədiyyə verilmiş və həmin dövrdəki Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təmir etdirilmişdir. Mənzilin təmirində iddiaçı iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əli-zadə Rza İsmayıl oğlu ifadə verərək göstərmişdir ki, o, iddiaçının qardaşı, cavabdehin isə oğludur. Anası ilə münasibəti yaxşı deyil. Anasına evi Prezident vermişdir, qardaşı isə evi təmir etdirmişdir. Evə 3 manatdan suvaq vurmuşdur, suvaq vurmağa görə iddiaçı ona 200 manat pul vermişdir. Materialları o yox, iddiaçı özü alırmış. Evdə başqa iş gösməmişdir. İşə iddiaçı özü nəzarət edirmiş, digər qardaşı da malyar işini aparırmış. Evdə çox usta işləmişdir. Briqadir də varmış. Evin təmirinin nə vaxt yekunlaşması haqqında məlumatı yoxdur. Evdə 10 gün işləmiş, sonra getmişdir. Bacısı anasını bayram günü gəlib aparmışdır, məqsədi də evi öz adına keçirtməkdir. İddiaçının təmir pulu kimə ödədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, iddiaçının qardaşı, cavabdehin isə oğludur. Evi onlar təmir eləmişlər. O, Rza və Saleh işçilərmiş. Materialı Saleh alırmış, işləri Saleh idarə edirmiş. O, malyar işini kv.metri 10 manata etmişdir. Emusyanın və aboyun hər biri 3 manata etmişdir. Qaradaşı pulu manatla verirmiş. Anası evinin təmirinə bir manatda qoymamışdır. Təxmini 10 min manat pulu manatla almışdır. İddiaçı materialı özü alırmış. Evin təmirinin nə vaxt yekunlaşması haqqında məlumatı yoxdur. Cavabdeh tərəf isə mübahisəli mənzilin iddiaçı tərəfindən deyil, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təmir edildiyini bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin hüquqşünası X14 və Nizami rayon Veteranlar Təşkilatının sədri X11 ifadə verərək bildirmişlər ki, cavabdeh Böyük Vətən müharibəsinin iştirakçısıdır. Buna görə də prezident tərəfindən hədiyyə olaraq hazırda mübahisə predmeti olan ev verilmiş, o evi də həmin dövrdəki Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təmir etdirmişdir. Belə ki, cavabdeh müharibə veteranı olduğundan İcra Hakimiyyətinin kollektivi hər il Qələbə günündə cavabdehi ziyarət edir və onun ehtiyacları ilə maraqlanmışlar. Cavabdehin mənzilin təmirə ehtiyacı olduğundan o, İcra Hakimiyyəti başçısı olan Tahir Budaqovun qəbuluna yazılmış və icra başçısı mənzilinin təmirini öz öhdəsinə götürmüşdür. Mənzil 2-3 aya tam şəkildə təmir edilərək cavabdehə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mənzilin iddiaçı tərəfindən təmir edilməsi, həmçinin ev üçün əşyaların alınması halı sübuta yetirilməmiş, iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmiş, mənzilə alınmış əşyalara dair heç bir qəbz, edilmiş ödənişi təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-416/2021 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar