Məhkəmə qərarları › İş №2(103)-7165/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7165/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7165/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(007)-369/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq, cəmi 2730 manat olmaqla ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı Cavabdeh 2018-ci ilin mart ayında uşağının müalicəsi üçün 1400 manat borc pul vermiş, lakin xeyli müddət keçdikdən sonra cavabdeh onun pulunu qaytarmamışdır. 2017-ci ilin sentyabr ayında Sima ondan yenidən ondan 1300 manat borc pul almış, Novxanı kəndində torpağı olduğunu bildirib torpağı sataraq onun 2700 manat pulunu qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. O, Simaya inanaraq X3 filialından 1300 manat kredit götürmüş, 2017-ci ilin sentyabr ayın 8-də bankdan götürdüyü 1300 manat pulu Simaya vermişdir. Sima ona yalan vədlər verərək 2700 manat borcunu qaytarmaqdan boyun qaçırır. Bununla bağlı o, Bakı şəhəri Binəqədi RPİ-yə müraciət etmiş, lakin ona tövsiyə olunmuşdur ki, iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(007)- 369/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək aralarında borc münasibətlərinin olmasını təsdiq edən təhqiqat orqanının qərarının əldə olunub məhkəməyə təqdim olunması üçün ona vaxt verilməsini xahiş etmiş, iddiaçıya vaxt verilsə də, o, məhkəməyə gəlməmiş və müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını sübut edən sənədlər kimi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 04.02.2020-ci il tarixli 060-1324-1220 saylı məktubun surətini və "xxxx" ASC-dən 1000 manat məbləğində kredit götürməsi barədə 08.09.2017-ci il tarixli 772-08.09.2017-SM26 saylı kredit müqaviləsinə dair ödəniş cədvəlinin surətini iddia ərizəsinə əlavə etmişdir. Lakin qeyd olunan sənədlərlə İddiaçı tərəfindən Cavabdeh borc verilməsi sübuta yetirilməmişdir. Bundan əlavə, iddiaçı cavabdehə borc verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddia əsassız olduğuna görə birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(007)- 369/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar