Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7166/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı сavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı сavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4782/2022 nömrəli qətnaməsindən cavabdehin apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Notariat qaydasında təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 33.000 manat məbləğdə borca pul verməyi, cavabdeh isə bu pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 33.000 manat əsas borc, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq yarım il üçün 825 manat, icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat və 189 manat ödənilmiş dövlət rüsumu əvəzinin, cəmi 34.039 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə təxminən 3 ilə yaxın müddətdir ki, tanışdır. Keçən il cavabdehlə söhbətlərinin birində o, təcili xeyli miqdarda pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı onun Kəlbəcər rayonunun orta məktəblərinin birində direktor vəzifəsində işlədiyini bilirdi. Cavabdehin maddi vəziyyəti ondan pul borc alana qədər yaxşı olduğundan ona nə qədər pul lazım olduğunu soruşmuş, cavabdeh də 33.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Onun əvvəlki davranışına və sözlərinə inanaraq iddiaçı ona pul verməyə razılaşmışdır. Cavabdeh bildirmişdir ki, problemlərinin həlli üçün ona 33.000 manat pul lazımdır. İddiaçı da Bakı şəhərində yerləşən 51 saylı X1 kredit müqaviləsinə əsasən 33.000 manat pulu borc vermişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən müddət başa çatdıqdan sonra da cavabdeh pulu qaytarmamışdır. Bundan sonra, iddiaçı notariat kontoruna icra qeydinin verilməsi üçün ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən cavabdehdən 33.025 manat pulun tutulması təklif edilmişdir. Mülki Məcəllənin 445.6-cı maddəsinə görə gecikdirmə zamanı borclu məsuliyyət daşıyır. Müvafiq halda cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və borcunu qaytarmaması nəticəsində iddiaçı xeyli miqdarda maddi itkilərə məruz qalmışdır. Hesab edir ki, bu itkilər də cavabdeh tərəfindən ödənilməlidir.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4782/2022 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, cavabdehdən 33.000 manat borc və 189 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən qanuni və əsaslıdır. İddia Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq yarım il üçün 825 manatın tutulması hissəsində rədd edilməlidir. Cavabdeh pul məbləğini qanunsuz saxlamamış, onu qaytarmaqdan boyun qaçırmamış, iddiaçı kimi cavabdeh də ziyana düşmüşdür. Ona görə 825 manat tutulmamalıdır.
6. Məhkəmə həmçinin hesab etmişdir ki, icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat məhkəmə xərci deyil və həmin məbləğ iddiaçıya aid ediməlidir, lakin 189 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 449.1, 739, 741-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh məhkəmə iclasında iştirakını təmin etmədən onun barəsində nəticələri ağır olacaq bir qətnamə çıxarmışdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, məhkəmə müqaviləyə və pul daxil olması barədə bank qəbzlərinə əsaslanmış qətnamə çıxarmışdır ki, həmin qəbzlərdə qeyd edilən “Muğanbank” Azadlıq filialının və müştəri Üzeyir Kərimovun hesabına köçürülmüş 33.000 manat qeyd edilmişdir. Həmin qəbzdə notariusun hesabı və ya Cavabdeh adı qeyd edilməmişdir və məhkəmə də buna qiymət verməmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi mövcud olsa da, pulun cavabdehə verilməsi məsələsi sübuta yetirilməmişdir. Müqavilənin etibarlılığı və mötəbərliyi tədqiq edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, cavabdehə heç bir iş məqsədi, birgə gəlir əldə etmək və ya hansısa kommersiya məqsədi ilə borc verməmişdir. Cavabdeh sadəcə borc istəmiş, vaxtında və tam geri qaytaracağına söz vermiş, inandırmış və bundan sui-istifadə edərək borc almışdır. Cavabdeh bağlanmış kredit müqaviləsinə nəzər yetirmiş olsa di, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusunun Üzeyir Kərimov olduğunu görərdi. 3-4 dəfə Sabunçu Rayon Məhkəməsi tərəfindən iclas təyin olunmasına, SMS bildiriş və şəxsi kabinetə qabaqcadan bildirişlərin gəlməsinə, həmçinin cavabdehin bu işdə aktiv iştirak edən vəkilinin olmasına, hər iclas öncəsi dəfələrlə telefon əlaqəsi ilə məhkəməyə gəlməli olduqları bildirilməsinə baxmayaraq cavabdeh cəmi bir dəfə məhkəmədə iştirak etmiş və həqiqətən də borclu olduğunu bildirmiş, məhkəmə tərəfindən əlavə sual və ya izahatınız varmı deyə qeyd olunarkən isə cavabdeh olmadığını bildirmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1296/2023 nömrəli qətnaməsi ilə (hakimlər C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər R.M.Həsənov və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər iş materiallarında mövcud olan cavabdehin ünvanına göndərilmiş, o, həmçinin bu barədə iş materiallarına göstərilən telefon nömrəsinə ünvanlanmış SMS-bildirişi vasitəsilə məlumatlandırılmış, xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Beləliklə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.
13. Belə olan halda, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
14. Bundan başqa, apelyasiya şikayətində göstərilən digər dəlillər ilə əlaqədar məhkəmə kollegiyası iş materiallarında borcun Cavabdeh verilməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin, bank qəbzlərinin, eyni zamanda məhkəmə iclas protokolunda öz əksini tapmış cavabdehin sözügedən məbləği həqiqətən alması və ödəmək niyyətində olmasına dair etirafedici ifadələrin mövcudluğunu cavabdehin apelyasiya şikayətində istinad etdiyi bu dəlillərin təkzib edilməsi üçün yetərli hesab etmişdir.
15. Pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq apelyasiya baxışı iclasına gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarıldığını nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya pulun qaytarılması sübuta yetirilməmişdir.
16. Həmçinin qeyd edilmişdir ki, mübahisənin düzgün və obyektiv həlli ilə bağlı zərurət yarandığından işin apellyasiya baxışı zamanı Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış sorğu əsasında əldə olunmuş cavab məktubuna əsasən 8 saylı Notariat Kontorunun 2138 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə “İcra Haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 88, 217.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2783/2023 tarixli qərarı ilə (hakimlər V.M.Məmmədovun məruzəsi ilə, hakimlər A.Ə.Abbasov və Z.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1296/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
20. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, “... mübahisənin düzgün və obyektiv həlli ilə bağlı zərurət yarandığından işin apellyasiya baxışı zamanı Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış sorğu əsasında əldə olunmuş cavab məktubuna əsasən 8 saylı Notariat Kontorunun 2138 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə “İcra Haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir.”
21. Lakin işdən məlum olur ki, Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 8İ-2137 reyestr nömrəli icra qeydi də verilmişdir və həmin icra qeydi işə məhkəmələr tərəfindən baxılarkən qüvvədə olmuşdur və hazırda da qüvvədədir.
22. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilən tarixdə işdə iki icra qeydi olmuşdur, onlardan 8İ-2138 reyestr nömrəli icra qeydi artıq mövcud olmadığı halda, digəri, yəni 8İ-2137 reyestr nömrəli icra qeydi qüvvədə olmuşdur.
23. İşin bu cür halında, notariusun 8İ-2137 reyestr nömrəli icra qeydi verməsinə əsas təşkil edən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi ilə bağlı olan hazırkı iddia həll edilərkən, həmin icra qeydi qüvvədə olduğu üçün, icra qeydinin icraya yönəldilib-yönəldilməməsi və məhkəmə tərəfindən baxıla bilən mübahisənin mövcud olub-olmaması məsələlərinə hüquqi qiymət verilməli idi. Belə ki, qəbul ediləcək məhkəmə aktı icra sənədinin verilməsinə əsas təşkil edəcəyindən və notariusun qüvvədə olan icra qeydi də icra sənədi hesab olunduğundan, eyni öhdəlik üzrə iki icra sənədinin mövcudluğu halı meydana gələcəkdir.
Proses iştirakçılarının izahatları
24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
27. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən: Azərbaycan Respublikası məhkəmələrinin qərarları ... əsasında verilən icra vərəqələri; 6.1.4. notariusun icra qeydləri.
28. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 74. Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
32. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
35. İşdə olan sənədlərdən müəyyən olunur ki, notariat qaydasında təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 33.000 manat məbləğdə borca pul verməyi, cavabdeh isə bu pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 8i-2138 nömrəli, xx.xx.2022-ci il tarixli və 8i-2137 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli iki icra qeydi olmuşdur. Əvvəlki apellyasiya baxışı zamanı Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış sorğu əsasında əldə olunmuş cavab məktubuna əsasən 8 saylı notariat ofisinin 2138 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə “İcra Haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən Bakı şəhəri 8 saylı notariat ofisinə, Sabunçu rayon İcra şöbəsinə, Laçın rayon İcra şöbəsinə, Qaradağ rayon İcra şöbəsinə sorğular ünvanlanmışdır. Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən xx.xx.2022-ci il tarixdə 8İ-2137 reyestr nömrəli icra qeydi aparılmış və borclunun faktiki yaşayış yeri üzrə Qaradağ rayon icra şöbəsinə göndərilmişdir.
37. Sabunçu rayon İcra şöbəsindən əldə edilmiş 291685/27 nömrəli, xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4782/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduğundan 8 saylı notariat ofisinin 8İ-2137 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə “İcra Haqqında” Qanunun 20.1.4-cü maddəsini rəhbər tutaraq xx.xx.2022-ci il tarixdə xitam qərarı verilmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki,birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş, həmçinin bu barədə cavabdeh SMS-bildirişlər vasitəsilə də məlumatlandırılmış, cavabdeh xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında vəkili ilə birlikdə iştirak edərək iddiaya münasibətini bildirmişdir.
39. Apelyasiya şikayətində göstərilən digər dəlil borc məbləğinin Üzeyir Kərimovun hesabına köçürüldüyü, borcun cavabdehə verilməsinin sübuta yetirilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən borc verilməsi üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Üzeyir Kərimov tərəfindən təsdiq edildiyindən borc məbləğinin verilməsi də həmin notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilmiş, bu səbəbdən qəbzlərdə onun adı əks olunmuşdur.
40. Bundan əlavə, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən cavabdeh 33.000 manatı iddiaçıdan həqiqətən aldığını və işə bərpa olunan kimi qaytaracağını bildirmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin . Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4782/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: