Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7168/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, apelyatorun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300.000 ABŞ dolları borcun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-818/20) iddia qismən təmin edilmiş, İddiaçı ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış 16.02.2017-ci il və 18.04.2017-ci il tarixli «Kredit Müqavilələri»nə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 16 fevral 2017-ci il tarixli və 18 aprel 2017-ci il tarixdə kredit müqavilələrii bağlamışdır. Həmin müqavilələrə əsasən iddiaçı cavabdehə 300.000 ABŞ dolları məbləğində borc vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin borcu müqavilədə müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz göndərərək bildirmişdir ki, o, iddiaçıdan 300.000 ABŞ dolları məbləğində borc alsa da, həmin borcdan 3000 ABŞ dolları bir dəfə və 2000 ABŞ dolları da bir dəfə olmaqla, ümumilikdə 5000 ABŞ dollarını qaytarmışdır. Amma buna dair iddiaçıdan heç bir sənəd almamışdır. Borcu indiyə kimi tam qaytara bilməməyinə səbəb isə bir müddət məhkumluq həyatı yaşaması olmuşdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qətnamə onun birbaşa hüquq və vəzifələrinə toxunmaqla yanaşı gələcəkdə ona öhdəlik də yaradır. Belə ki, iş materiallarından göründüyü kimi borc məbləği 16 fevral 2017-ci il tarixli və 18 aprel 2017 tarixli kredit müqavilələrinə əsasən yaranmışdır. Cavabdehlə olan nikah Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh qabaqcadan razılaşaraq aralarında süni borc yaratmaqla, eyni zamanda həmin borcu birgə nikah dövründə yaratmaqla, cavabdeh tərəfindən gələcəkdə həmin borcun Maraqlı şəxs ilə aralarında Ailə Məcəlləsinə əsasən yarıya bölünməsinə dair iddia ilə çıxış etmək məqsədi ilə edilmişdir. İş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulan məbləği cavabdehə nə notariusun depozit hesabı vasitəsilə, nə də ki digər vasitələrlə verməmişdir. Apelyatorun nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, apelyatorun nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, İddiaçı (borc verən) ilə X1 (borc alan) arasında bağlanmış və 2 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu H.Məmmədov tərəfindən təsdiq olunmuş 16 fevral 2017-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən borc verən borc alana 150.000 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə həmin məbləği 16 fevral 2018-ci il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı (borc verən) ilə X1 (borc alan) arasında bağlanmış və Bakı şəhər 9 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş 18 aprel 2017-ci il tarixli digər «Kredit Müqaviləsi»nə əsasən borc verən borc alana 150.000 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə həmin məbləği 18 may 2017-ci il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. Borc verən İddiaçı müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilmədiyinə istinad edərək 17.02.2020-ci il tarixdə hazırkı iddianı qaldırmışdır. Onun tələbi cavabdehdən hər iki müqavilə üzrə cəmi 300 000 ABŞ dolları borc məbləğinin tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən – 295 000 ABŞ dolları borcun tutulması hissəsində təmin etmiş və qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 300.000 ABŞ dolları məbləğində borc pul alması və həmin borcdan 5.000 ABŞ dollarını iddiaçıya geri qaytarması hazırkı halda işin mübahisəsiz halıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə X1 arasında bağlanmış 18 aprel 2017-ci il və 16 fevral 2017-ci il tarixli “Kredit Müqavilələrin”dən yaranmış öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 300.000 ABŞ dolları məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 8-ci bəndinin ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386, 739.1, 740.1-ci maddələri ilə əsaslandırmışdır. İş üzrə tərəflər qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnaməni apellyasiya qaydasında yalnız maraqlarına toxunan şəxs kimi cavabdehin keçmiş əri Maraqlı şəxs mübahisələndirmişdir. Onun fikrincə, iddiaçı ilə cavabdeh qabaqcadan razılaşaraq aralarında süni borc görüntüsü yaratmış və bunda məqsəd cavabdeh tərəfindən gələcəkdə həmin borcun onunla yarıya bölünməsinə dair iddia qaldırması üçün şərait yaratmaqdan ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər. Məhkəmə kollegiyası 16 fevral 2017-ci il və 18 aprel 2017-ci il tarixli kredit müqavilələrinin iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmədiyini, iş materiallarında həmin müqavilələrin legitimliyini, onların qanuniliyini və əsaslılığını şübhə altına alan hər hansı hal müəyyən etmədiyindən apellyasiya şikayətinin təmin olunmasını mümkün saymır. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs 16 fevral 2017-ci il və 18 aprel 2017ci il tarixli kredit müqavilələrini qanunsuz sayırsa və həmin müqavilələrin onun hüquqlarına toxunduğunu, onun üzərinə hər hansı vəzifə qoyduğunu hesab edirsə bu zaman onları ayrıca icraatda iddia qaldırmaqla mübahisələndirə bilər. Maraqlı şəxs gələcəkdə birgə borclu hesab olunması barədə keçmiş arvadının ona qarşı iddia qaldırmaq ehtimalına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs irəli sürdüyü həmin dəlillər, eləcə də nikahlarının pozulmuş olması, müqavilələrdən xəbəri olmaması, birgə borclu olmasının qeyri-mümkünlüyü və s. kimi məsələlər məhz ona qarşı belə bir iddia qaldırılacağı təqdirdə həmin icraatda araşdırıla və qiymət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxslə Təyminə Abdullayeva arasındakı nikah sonuncunun iddiası üzrə Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2(009)-2386/17 saylı həmin boşanma işi tələb edilib öyrənilərkən məlum oldu ki, T.Abdullayeva ilk dəfə nikahın pozulması barədə 02 may 2016-cı ildə iddia qaldırmış, lakin Səbail Rayon Məhkəməsinin 20.09.2016-cı il tarixli qərardadı ilə həmin ərizə baxılmamış saxlanılmışdır. Bundan sonra T.Abdullayeva 19.04.2017-ci ildə yenidən nikahın pozulması barədə ərizə vermişdir. T.Abdullayeva həmin iddia ərizəsində Maraqlı şəxslə münasibətlərinin bir neçə ildir pozulduğunu göstərmişdir. Məhkəmə qətnaməsində də tərəflər arasında ailə münasibətlərinin xeyli müddətdir pozulduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7168/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7168/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver