Məhkəmə qərarları › İş №2(103)-717/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-717/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-717/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-in 327.1ci maddəsinin tələblərinə əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

2. "xxxx" tərəfindən tətbiq edilmiş 129163 nömrəli, xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilə dəymiş zərər ekspertiza keçirilməklə 6750 manat məbləğində müəyyən edilmişdir.

3. xx.xx.2024-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən İddiaçı 4567 manat sığorta ödənişi edilmişdir.

4. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6991 nömrəli xx.xx.2024-cü il tarixli təkrar ekspertiza rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixində tərtib olunmuş qüsur aktına əsasən “99- VV-899” dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci 5180 (beş min yüz səksən) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus olan **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobilə vurulmuş maddi ziyanın əvəzində 23153 manat məbləğin və dövlət rüsumuna görə ödənilmiş 159,46 manat olmaqla, ümumilikdə 23312,46 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olan və idarə etdiyi **-DY-*** dövlət nömrə nişanlı “BMW 530İ” markalı avtomobil İddiaçı məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobili vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması olması AR DİN BDYPŞ-nin TP ******* nömrəli X4 Protokoluna əsasən təsdiqlənir. Həmçinin Bakı şəhər BPİ X6 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin zədələnməsi barədə 008437 nömrəli arayışda da İddiaçı məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobilin arxa hissəsinin zədələnməsi öz əksini tapmışdır. Toqquşma nəticəsində iddiaçıya məxsus avtomobilə 27503 (iyirmi yeddi min beş yüz üç manat) maddi zərər dəymişdir. Bu barədə "xxxx" QSC-nin qüsur aktı vardır. Dəymiş ziyanın 27503 manatından 4350 manatı sığorta tərəfindən iddiaçıya ödənilsə də, qalan 23153 (iyirmi üç min yüz əlli üç) manat ziyan məbləği ödənilməmiş olaraq qalmaqdadır.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 613 (altı yüz on üç) manat pulun tutularaq İddiaçı ödənilməsi və iş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsinin İddiaçı, 50 (əlli) manat hissəsinin isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinməsi mülki işin mübahisəsiz halıdır. Vurulmuş zərərlə bağlı məhkəmə müvafiq ekspertiza rəyini əsas götürür. Belə ki, ekspert rəyi ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktında vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq (1570 manat) vardır. Lakin, məhkəmə hesab edir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyini rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus **-VV- *** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci təxminən 5180 (beş min yüz səksən) manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir (ağlabatanlıq prinsipinə əsasən avtomobilin fotoşəkilləri də nəzərə alınmaqla). Mülki iş üzrə keçirilmiş ilkin və təkrar ekspertiza rəyi üzrə məhkəmə 2-ci (təkrar) ədalətli və obyektiv nəticəyə gəlmək üçün əsaslı hesab edir. Belə ki, ilkin rəy iddiaçının özü tərəfindən təqdim edilən qüsur aktı, təkrar rəy isə xx.xx.2024-cü il tarixli 203652 nömrəli ilkin qüsur aktına əsasında tərtib edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qüsur aktları arasında kəskin fərqin olması və ilkin rəy tərtib edilərkən iddiaçının rəyə etiraz etməməsi, əksinə rəydəki məbləğlə razılaşması sonrakı, yəni, xx.xx.2024-cü il tarixli qüsur aktının şişirdilmiş əsaslarla tərtib edilməsinə inam yaradır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olan və idarə etdiyi **-DY-*** dövlət nömrə nişanlı “BMW 530İ” markalı avtomobil İddiaçı məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobili vurmuş və iddiaçıya məxsus **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilə maddi zərər vurulmuşdur. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində tərtib edilmiş rəyə əsasən avtomobilə vurulmuş zərərin həcmi 5180 manat müəyyən edilmişdir. Vurulmuş zərərin 4567 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1096, 1097, 1108.2, 1108.3,-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə xx.xx.2024-cü il tarixli ilkin qüsur aktına və bu akt nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə ekspert rəyinə əsaslansa da bu özlüyündə yanlış yanaşmadır. Belə ki, xx.xx.2024-cü il tarixli qüsur aktının özündə də qeyd edilmişdir ki, bu ilkin qüsur aktıdır. Həmin aktın “Qeyd”hissəsində isə göstərilmişdir ki, avtomobilin təmiri müddətində əlavə ehtiyat hissələrinin üzə çıxması ehtimalı ilə əlaqədar yekun məbləğ şərtidir. Həmin “Qeyd”ə əsasən bu nəticəyə gəlmək olur ki, xx.xx.2024-cü il tarixli qüsur aktı ilkin qüsur aktı olmaqla sonradan təmir nəticəsində əlavə xərclər yarana bilər. Bununla bağlı praktiki həll yolları və məhkəmə təcrübəsidə göstərir ki, sığorta qurumunun tərtib etdiyi ilkin qüsur aktı əksər hallarda reallığa uyğun olmur və dəymiş zərərin daha az göstərilməsinə yönələrək sığorta qurumunu xərclərdən qorumaq funksiyası daşıyır. Məhkəmə praktikasından da məlumdur ki, zərər çəkmiş şəxslər sığorta hadisəsi üzrə sığorta qurumuna qarşı iddia tələbi ilə çıxış etdikdə digər bir qüsur aktı təqdim edilir və buna uyğun olaraq rəy tərtib edilir. Lakin bu halda qətnamədən belə çıxır ki, iddiaçı sığorta qurumuna borcludur. Məsələn ilkin qüsur aktı 6 min manat dəyərində qiymətləndirilərsə və ekspert rəyi də 4 min manat zərər olduğunu müəyyənləşdirərsə, o zaman belə çıxır ki, iddiaçı sığorta qurumuna 1000 manat borclu olacaqdır. Həmçinin, məhkəmə qətnaməsində qeyd etmişdir ki,hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhz qeyd edilən qətnamədə ədaləti təmin etməyə çalışsa da, subyektlər arasındakı mübahisəni ədalətli şəkildə tənzimləyə bilməmiş və öz qeydinin əksinə olaraq hüquqi nihilizm yaranmasına səbəb olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, cavabdeh özü belə məhkəmənin hazırlıq iclasında 2000 manat verə biləcəyini və barışıq sazişi bağlamağa razı olmuşdur. Belə olan halda cavabdehin də razı olduğu məbləğdən daha az məbləğin tutulması özlüyündə qətnamənin qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyini bir daha göstərir. Əlavə olaraq qeyd etmişdir ki, hazırkı qətnamə özlüyündə qanuni olmamaqla yanaşı, həm də yanlış presedentə yol aça bilər. Belə ki, digər analoji məhkəmə işlərində sığorta qurumu özü ilkin qüsur aktı tərtib edər və sonradan bunu məhkəmədə mübahisələndirərək öz rəyində qeyd olunan zərər məbləğini azaldar və gələcək iddiaçıları özündən borclu hala salmış olar. Digər məsələ ondan ibarətdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq xx.xx.2024-cü il tarixli ekspertiza təyin edilməsi barədə qərardadında vurğulamışdır ki, sadəcə xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən rəy verilsin. Bu qərardad isə eksperti məhdud çərçivəyə salmış və o mülki iş üzrə düzgün rəy vermək imkanından faktiki olaraq məhrum olmuşdur. Bununla bağlı bildirmişdir ki, özlüyündə xx.xx.2024-cü il tarixli ekspert rəyi mötəbər sübut kimi sayıla bilməz. Məhkəmə xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli qüsur aktları arasında qarşılıqlı əlaqə və müqayisəli təhlillə bağlı, həmçinin ekspertin səlahiyyətinə aid məsələlərdə müstəqil olaraq rəy verə bilməsi ilə bağlı qərardad qəbul etməli olduğu halda, bunu etməyərək qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmənin iddiaçının ilkin qüsur aktına etiraz etməməsi və məbləğlə razılaşması barədə fikrinə münasibətdə isə bildirmişdir ki, burada olan dəymiş ziyanla razılaşma halı zərurətdən doğmuşdur. Həmçinin iddiaçının akta etiraz edibetməməsinin işin halları üzrə hər hansı bir əhəmiyyət kəsb etmədiyi də açıq-aşkardır. Belə ki, “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsində qeyd edilmişdir ki, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Əgər sığortanın verəcəyi maksimum məbləğ 5000 manat deyil daha çox olsa idi, iddiaçı təbii ki ilkin qüsur aktı ilə razılaşmazdı. Buradan da görünür ki, iddiaçı sığorta hadisəsi üzrə maksimum məbləği almışdır və onun sığorta qurumu ilə hər hansı bir mübahisəsi qalmamışdır. Məhkəmənin “ağlabatanlıq prinsipinə əsasən”avtomobilin fotoşəkilləri də nəzərə alınmaqla və daxili inamına əsasən dəymiş zərərin az olduğu qənaətinə gəlməsi barədə tezisi də qəbul etməyiblər. Bununla bağlı qeyd etmişlər ki, məhkəmə fotoşəkillərə əsaslanaraq dəymiş zərəri müəyyən edə bilməz. Həmçinin sözügedən maşın Audi A8L maşınıdır ki, bu kifayət qədər bahalı maşındır və onun təmiri də xüsusi şəraitdə və xüsusi ustalar tərəfindən edilməlidir. Məhkəmə fotoşəkillərə əsasən özlüyündə qiymət formalaşdırsa da, nədənsə avtomobilin təmiri üzrə 50 manat elektrik işi, 80 manat çilingər işi kimi “gülünc” məbləğlərlə razılaşmışdır. Son olaraq qeyd etmişdir ki, məhkəmə qətnamədə qeyd edib ki, iddiaçının vəkili məhkəmə iclasında iddiaçının avtomobilə həqiqətən yüksək məbləğdə xərc çəkdiyini, bunun həqiqət olmasına məhkəməni inandırmağa çalışsa da, məhkəmə izah edir ki, qətnamə hakimin və ya vəkilin inamı ilə deyil, qanun və işdə olan sübutlar əsasında qəbul edilməlidir. Bundan əlavə, məhkəmə iclasında deyilən yüksək məbləğin konkret olaraq hansı məbləğ olması da qeyrimüəyyəndir. Avtomobilə həqiqətən yüksək xərc çəkildiyi deyərkən xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilən məbləğdən daha çox xərc çəkildiyi nəzərdə tutulmuşdur. Həmçinin avtomobil “vuruqsuz” və “boyasız” olduğu halda cavabdehin səhlənkarlığı nəticəsində iddiaçının avtomobilinin bazar dəyəri bir xeyli azalmışdır ki, hələ iddiaçı bununla bağlı hər hansı bir tələb irəli sürməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, heç bir zərurət olmadan iddiaçının maddi maraqlarına görə xx.xx.2024-cü il (tarixin və qüsur aktının doğruluğuna dair heç bir isbat olmadan) tarixində qüsur aktı tərtib olunmuşdur. Bu qüsur aktına əsasən **-VV-*** dövlət qeydiyyat nişanlı “Audi A8L” markalı avtomobilin təmir bərpa-xərci 27, 503 manat təşkil edir. Bu məbləğ həddən artıq şişirdilmiş və saxtadır.Bu akt iddiaçının qanuna uyğun olmayan qərəzli şəkildə maddi marağının təzahürüdür. Burada belə bir sual meydana çıxır – Niyə İddiaçı xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd olunmuş dəymiş zərər 6750 manat olduğu halda öz etirazını bildirməmiş, hadisədən 15 gün keçdikdən xx.xx.2024-cü il tarixində qüsur aktını şişirdilmiş və inanılmaz 27,503 manat məbləğində tərtib etdirmişdir. Belə qənaətə gəlmək olar ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsindən 15 gün keçdiyi müddət ərzində özü avtomobilini şüürlu şəkildə və yaxud hansısa yol hərəkəti qaydalarını pozaraq zədələmiş və avtomobilinə dəymiş zərəri məqsədli şəkildə maddi mənafeyini qanunlardan üstün tutaraq Cavabdeh tərəfindən ödənilməsi üçün tərtib etdirmişdir. Bu hal isə qanuna zidd və yolverilməzdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdikləri 9/6991 nömrəli xx.xx.2024 təkrar ekspertiza rəyi daha əsaslı və mötəbərdir. Yəni iddiaçıya məxsus **-VV-*** dövlət qeydiyyat nişanlı “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci təxminən 5180 manat təşkil etməsi ağlabatandır. Bu iş materiallarına əlavə olunmuş avtomobilin fotoşəkillərində öz əksini tapır.

Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, ekspertizaya ilkin qüsur aktının göndərilməsi, lakin sonrakı qüsur aktının göndərilməməsi iddiaçının hüququnu pozmaq deməkdir. Çünki onların ilkin qüsur aktı ilə rəy alınıb. Qüsur aktında da yazılıb ki, bu ilkin məbləğdir və şərtidir.Cavabdeh düşünürdü ki, 7000 manat ziyan dəyib və bildirirdi ki, 2000 manat ödəməyə hazırdır. Amma danışıq olmuşdur ki, barışıq olsun, bu məbləği cavabdeh hissə-hissə ödəsin. Qeyd etmişdir ki, iddiaçının məbləğlə razılaşması o demək deyil ki, ümumi deyilən məbləğlə razılaşıb. Sığorta 5000 manat qədər məbləğ ödəyir. İddiaçının hər hansı hüquqi marağı olmayıb. 18.000-20.000 təximini xərcləri çıxdı. Məhkəmədən xahiş etmişdir ki, hər iki rəyi əsas götürərək yenidən ekspertiza təyin etsin.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, mötəbər faktlara əsasən qarşı tərəfin dedikləri reallığı əks etdirmir. İlkin qüsur aktı verilərkən iştirak etməyib. Sığorta ona sonradan bildirdi ki, 6750 manat dəymiş zərərdir. O da bu məbləğin çox olduğunu bildirdi, fotoşəkillər var. Çünki o, özü başqa servislərdən də maraqlanmışdı. O, özü detalları alsa, daha sərfəli məbləğə bərpa etmək olardı. Qarşı tərəflə telefon danışığında bunu təklif etmişdi, razılaşmamışdı. O da ona görə razı olmuşdu ki, avtomobilin detallarını tapa bilməmişdi.Qarşı tərəf heç bir irad bildirmədən məbləği sığortadan aldı. Həmin məbləğin alınması ilə bağlı qəbzlər də var. Birinci ekspertiza rəyi yol-nəqliyyat şöbəsi tərəfindən verilib. Onlar bildirdilər ki, yanlışlıq olub. Çünki yol-nəqliyyat şöbəsi o halda qiymətləndirmə apara bilər ki, avtomobildə təmirbərpa işlər aparılmasın. Faktiki real olaraq görməlidirlər. Ona görə də ikinci dəfə ekspertiza təyin olundu. İqtisadiyyat şöbəsinə yönəldildi. Həmin şöbə də Sığortanın aktlarını əsas götürdü.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı İddiaçı məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh mülkiyyətində olan və idarə etdiyi **-DY-*** dövlət nömrə nişanlı “BMW 530İ” markalı avtomobil vasitəsilə zərər dəymişdir.

23. 14 mart 2024-cü il tarixli, 203652 nömrəli qüsur aktında qeyd edilir ki, 2014-cü il buraxılışı olan Audi A8 markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə 5470 manat, servis xidmətinə 1280 manat məbləğində pul müəyyən edilmişdir.

24. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 02 aprel 2024-cü il tarixli ərizədə qeyd edilir ki, Audi A8 markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC-də icbari sığortalanmış avtonəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi nəticəsində 6750 AZN məbləğində maddi zərər vurmuşdur. İddiaçı müəyyən edilmiş məbləğlə razıdır.

25. 129163 nömrəli sığorta aktında qeyd edilir ki, 19 mart 2024-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 6750 manat müəyyən edilmiş, sığorta ödənişi 4567 manat məbləğində ödənilir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilkin qüsur aktı əsas götürülməlidir. Göründüyü kimi, iddiaçı özü də həmin qüsur aktını qəbul etmişdir.

27. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsində qeyd edilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

28. Mülki Məcəllənin 925-1.1-ci maddəsində qeyd edilir ki,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.

29. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, həmin qüsur aktı tərtib edilərkən Cavabdeh iştirakı təmin olunmamışdır. 15 may 2024-cü il tarixli məktubla Atəşgah Sığorta bildirmişdir ki, sığortalıya məlumat vermək öhdəliyi olmayıb. Bu səbəbdən məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilkin qüsur aktı əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli, S/6991 saylı rəy əsas götürülməlidir. Həmin rəydən müəyyən olunur ki, avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarıda olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarına (mağazalarında) və Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında müəyyənləşdirilən dəyişilməli hissələr – 4100 manat məbləğində, təmir bərpa işləri 1080 manat məbləğində müəyyən edilmişdir.

30. 14 mart 2024-cü il tarixli, 203652 nömrəli qüsur aktında arxa buferin dəyəri 600 manat, arxa bufer kantının dəyəri 200 manat, arxa panelin dəyəri 300 manat, səs boğucu avadanlığın dəyəri 2000 manat, arxa bufer nikkelinin dəyəri 370 manat, rəngsaz işinin dəyəri 600 manat məbləğində göstərilsə də, 13 sentyabr 2024-cü il tarixli, S/6991 saylı ekspert rəyində arxa buferin dəyəri 500 manat, arxa bufer kantının dəyəri 150 manat, arxa panelin dəyəri 250 manat, səs boğucu avadanlığın dəyəri 1000 manat, arxa bufer nikkelinin dəyəri 200 manat, rəngsaz işinin dəyəri 400 manat məbləğində göstərilmişdir.

31. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qətnaməsi əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

32. İş materalları ilə müəyyən edilir ki, iddiaçının avtomobilinin sığortalandığı "xxxx" ASC tərəfindən iddiaçıya 4567 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə sığorta şirkəti tərəfindən ödənilməmiş 5180 - 4567 = 613 manat məbləğində pul tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar