Məhkəmə qərarları › İş №2(103)-7170/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7170/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7170/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Azərbaycan Əfqanistan X3,Nizami Rayon Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: çıxarışın etibarsiz hesab edilməsi, istifadə hüquqlarının tanınması və.s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1976/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan: AN- seriyalı, ******* saylı 31 yanvar 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11, istifadəsində olan Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən torpaq sahəsini 23000 manata Cavabdeh2 satmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh2, Azərbaycan Əfqanistan X3,Nizami Rayon Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004- cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları Birliyinə fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama uygun olaraq 0,66 ha torpaq sahəsi Nizami Rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsf’nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, sifarişçi Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədi (istifadə hüququna dair şəhadətnamə) aldıqdan sonra tikinti işlərinə başlamalıdır. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək Nizami Rayon Bələdiyyəsinə tapşırılmışdır. O, Azərbaycan Əfqanistan X5 üzvüdür və 2004-cü ildən etibarən Bakı şəhəri Nizam, rayonu 2433-cü məhəllədə ayrılmış 6,5 sot torpaq sahəsini istifadə edərək abadlaşdırma işləri aparmışdır. Cavabdeh Azərbaycan Əfqanistan X5 30 avqust 2012-ci il tarixli məktubunda qeyd edilir ki, “Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları İttifaqının üzvlərinə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə ayrılmış torpaq sahəsinin 6,5 sot sahəsi 2004-cü ildən Birliyin üzvü İddiaçı istifadəsindədir. Buna baxmayaraq Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamında qeyd olunan torpaq üzərində hüquqlarını təsdiq edən rəsmi sənədi bu günə kimi əldə edə bilməmişdir. O, Azərbaycan Əfqanistan X3 dəfələrlə müraciət etmiş və zəruri olan sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Lakin heç bir nəticə əldə edə bilmədiyi üçün məhkəmə orqanlarına müraciət etməyə məcbur olmuşdur. Bundan başqa, onda olan məlumata görə Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Əfqanistan X5 üzvlərinə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə ayrılmış torpaq sahələri qanunsuz olaraq sözügedən İctimai Birliyinə aidiyyatı olmayan şəxslərin adına rəsmiləşdirilib. Belə ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsidir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Əfqanistan X5 üzvlərinə ayrılmışdır. Hesab edir ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarış etibarsiz hesab edilməlidir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Hesab edirəm ki, Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsinin istifadəmə ayrılmasına dair sənədlərin mənə təqdim edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılması vəzifələrini cavabdehlər Nizami Rayon Bələdiyyəsi və Azərbaycan Əfqanistan X3 həvalə edilməsi qanuna müvafiqdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsinə dair AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışın etibarsiz hesab edilməsi, Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsinin istifadəsinə ayrılmasına dair sənədlərin ona təqdim edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılması vəzifələrini cavabdehlər Nizami Rayon Bələdiyyəsi və Azərbaycan Əfqanistan X3 həvalə edilməsi barədə qətnamə qəbul olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1976/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın təmin olunmaması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbin təmim edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları Birliyinə fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama uyğun olaraq 0,66 ha torpaq sahəsi Nizami Rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, sifarişçi Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədi (istifadə hüququna dair şəhadətnamə) aldıqdan sonra tikinti işlərinə başlamalıdır. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək Nizami Rayon Bələdiyyəsinə tapşırılmışdır. İddiaçı Azərbaycan Əfqanistan X5 üzvüdür və 2004-cü ildən etibarən Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə ayrılmış 6,5 sot torpaq sahəsini istifadə edərək abadlaşdırma işləri aparmışdır. Cavabdeh Azərbaycan Əfqanistan X5 30 avqust 2012-ci il tarixli məktubunda qeyd edilir ki, “Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları İttifaqının üzvlərinə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə ayrılmış torpaq sahəsinin 6,5 sot sahəsi 2004-cü ildən Birliyin üzvü İddiaçı istifadəsindədir.” Buna baxmayaraq Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamında qeyd olunan torpaq üzərində hüquqlarımı təsdiq edən rəsmi sənədi iddiaçı bu günə kimi əldə edə bilməmişdir. İddiaçı Azərbaycan Əfqanistan X3 dəfələrlə müraciət etmiş və zəruri olan sənədlərin ona təqdim edilməsini xahiş etmişəm. Lakin heç bir nəticə əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan başqa ondan Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Əfqanistan X5 üzvlərinə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə ayrılmış torpaq sahələri qanunsuz olaraq sözügedən İctimai Birliyinə aidiyyatı olmayan şəxslərin adına rəsmiləşdirilib. Belə ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsidir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Əfqanistan X5 üzvlərinə ayrılmışdır. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarış etibarsiz hesab edilməlidir. Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsinin istifadəmsinə ayrılmasına dair sənədlərin ona təqdim edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılması vəzifələrini cavabdehlər Nizami Rayon Bələdiyyəsi və Azərbaycan Əfqanistan X3 həvalə edilməsi qanuna müvafiqdir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1976/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmənin iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

11. Maddə 148.2 Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

16. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi hissəsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə gösə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

22. Bundan başqa, birinci instansiya məhkəməsi Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verməmişdir.

23. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları prosessual hüquq normalarının pozulması kimi qiymətləndirir və apelyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalı olduğunu hesab edir.

24. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Hazırki iddia tələbi bir neçə hissədən ibarət olduğundan hər biri üzrə ayrıayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.

26. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri Nizami rayonu 2433cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışın etibarsız hesab edilməsini tələb edir.

27. İş materiallarında olan AN-seriyalı, ******* saylı 31 yanvar 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X11, istifadəsində olan Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən torpaq sahəsini 23000 manata Cavabdeh2 satmışdır.

28. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2010-cu il tarixli, 2(103)-3007/2010 saylı qətnaməsi ilə , iddiaçılar X7, X12, X8, Cavabdeh2 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti qisən təmin edilmiş, iş üzrə Nizami Rayon Məhkəməsinin 14 aprel 2010-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Cavabdeh1, iddiaçılar X7, X12, X8, Cavabdeh2 və X6 məxsus torpaq sahələrinin qanunsuz tutulmasında hərəkətsizliklərin qanunsuz hesab edilməsi, iddiaçılar X7, X12, X8, Cavabdeh2 və X4 Bakı şəhəti, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən torpaq sahələri üzərində olan mülkiyyət hüquqlarına edilən hər hansı müdaxilələrə son qoyulması, iddiaçılarının mülkiyyətində olan Bakı şəhəti, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən torpaq sahələrində özbaşına tutulmuş sahələrin boşaldılması, qanunsuz hasarların sökülməsi, torpaq sahələrinin kadastr ölüçlərinə uyğun olaraq iddiaçılar X7, X12, X8, Cavabdeh2 və X6 təhvil verilməsi Azərbaycan Respublikası Dövlər Torpaq və Xərtəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Həmin qətnamə 01 mart 2011-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qanuni qüvvəyə minmiş və 01 aprel 2011-ci il tarixdə icraya yönəldilmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair çıxarış alımışdır

29. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarış qanunla müəyyən edilmiş qaydada verilmişdir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh2 adına verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil.

33. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbinin qeyd edilən hissəsi Cavabdeh2 adına verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışın etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq həmin hissədə iddia tələbi rədd olunduğundan iddia tələbi torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması hissəsində də əsassızdır və təmin edilə bilməz.

34. Məhkəmə kollegiyası eyni zamanda iddia tələbinin Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılmasına dair sənədlərin ona təqdim edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılması vəzifələrini cavabdehlər Nizami Rayon Bələdiyyəsi və Azərbaycan Əfqanistan X3 həvalə edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin qeyd edilən hissədə də əsassızdır və təmin edilə bilməz.

35. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Baçısının 11 dekabr 2004-cü il tarixli 295 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası X2nın 22.06.04-cü il tarixli, 073 saylı, Heydər Əliyev adına Bakı neft emalı zavodunun xx.xx.2004-cü il tarixli, 19-8/87/13-88 saylı və “Azəriqaznəql” İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, ƏA-21-1323/3 saylı razılıq məktublarını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.03.99-cu il tarixli, 213 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmış və 0,66 h torpaq sahəsi Nizami Rayon Bələdiyyəsinin ehtiyat fondu toraqlarına aid edilmişdir.

36. İş materiallarında olan Cavabdeh1 23 iyun 2008-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamı ilə “X2”nın üzvlərinə Nizami rayonu 2433-cü məhəllədə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış (0,66) ha torpaq sahəsi Nizami Bələdiyyəsi tərəfindən adlarına sənədləşdirilmiş X9 üzlərinin “Siyahı”sından görünür ki, siyahıda İddiaçı adı ümumiyyətlə qeyd edilməmişdir.

37. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə qeyd edir ki, hazırkı halda iddia tələbi əsassız olmaqla rədd edildiyindən müddətin tətbiqinə müzakirə edilməsinə də lüzum yoxdur.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

39. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1976/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2, Azərbaycan Əfqanistan X3,Nizami Rayon Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı çıxarışın etibarsız hesab edilməsi, istifadə hüquqlarının tanınması və.s tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar