Məhkəmə qərarları › İş №2(103)-7171/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7171/2022

29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7171/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-538/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, 336659 saylı texniki pasporta əsasən, mühərriki nömrəsi EB51510 olan “Ford Kuqa” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsus olaraq onun xüsusi mülkiyyətindədir. 25 avqust 2021-ci ildə təxminən saat 16 radələrində “Ford Kuqa” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobili iddiaçının oğlu X2 idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu Bilgə qəsəbəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmə nəticəsində Cavabdeh1 idarə etdiyi “Toyota Camry” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş və nəticədə iddiaçının avtomobilinə ziyan vurmuşdur.

2. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli, İXP ******* İnzibati Xəta haqqında Protokoldan və TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində “X7” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

3. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 130564 №-li “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi”nə dair Hesabatdan görünür ki, **-ED-*** dövlət nömrə nişanlı, “Ford Kuqa” markalı nəqliyyat vasitəsinə çəkilən cəmi xərc 11.606,60 (on bir min aitı yüz altı manat, altmış qəpik) təşkil edir.

4. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9366 saylı, 21 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Ford Kuga” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9.750,0 (doqquz min yeddi yüz əlli) manat müyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin təqsiri üzündən ona dəyən maddi zərərin əvəzinin ödənilməsi üçün 7.676,20 manat pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin verdiyi 336659 №-li, texniki pasporta əsasən, EB51510 №-li mühərriki olan **- ED-*** dövlət nömrə nişanlı FORD KUGA markalı maşın iddiaçıya məxsus olaraq onun şəxsi mülkiyyətindədir. 25 avqust 2021-ci ildə təxminən saat 16 radələrində həmin avtomaşını oğlu X2 idarə edərkən Sabunçu RPİ DYPS ərazisində Bilgə qəsəbəsində əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmə nəticəsində Cavabdeh1 Toyota Camry markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə onun mülkiyyətində olan **-ED-*** dövlət nömrə nişanlı FORD KUGA markalı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Hadisə yerinə "xxxx" ASC cəlb edilmiş və sığorta şirkətinin mütəxəssisləri tərəfindən müvafiq qiymətləndirilmə aktı tərtib edilmişdir. Həmin qiymətləndirilmə aktına əsasən avtomobilə dəyən ziyan 11.606 manat müəyyən edilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi Toyota Camry markalı **-EF-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri olması Sabunçu Rayon DYPŞ xx.xx.2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən 5000 manat məbləğində müəyyən edilmişdir. Belə ki, sığorta şirkəti tərəfindən ona 3929.8 manat pul ödənilmişdir. Sığorta ödənişinin qalan 1.070,20 manat hissəsi isə dövlətə dəyən ziyanın ödənilməsinə yönləndirilmişdir. Göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, ona dəyən ziyanın 7.676,20 manat məbləği bugünə qədər Cavabdeh1 Rauz qızı tərəfindən ödənilməmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-538/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 5.825 (beş min səkkiz yüz iyirmi beş) manat məbləğində maddi zərərin və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi vurulan maddi ziyanın ödənilməsi hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sübutlardan və ekspert rəyindən də aydın olur ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədilmiş və “Ford Kuga” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə müəyyən məbləğdə maddi ziyan dəymişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 101.7, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

11. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

12. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassız və ədalətsizdir. Belə ki, o, iddiaçıya onun avtomobilini təmir etdirməyi, əlavə yaranacaq xərcləri öz öhdəsinə götürməyi və yalnız sığorta şirkətinin iddiaçıya ödədiyi sığorta məbləğini servis mərkəzinə ödəməyi təklif etmiş, iddiaçı isə bu təklifdən imtina etmiş və bildirmişdir ki, o, avtomobili öz istədiyi servis mərkəzində təmir etdirmək niyyətindədir. O, bununla razılaşmayaraq bildirmişdir ki, iddiaçının servis mərkəzinin tərtib etdiyi smeta reallağı əks etdirmir və qiymətlər şişirdilmişdir. Eləcə də məhkəmə dəyən zərərin müəyyən olunmasında da yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə tərfindən təyin olunan ekspertizanın nəticəsinə əsasən iddiaçıya dəyən zərərin məbləği 9.750 manat şəklində qiymətləndirilmiş, lakin iddiaçının özünün təqdim etdiyi servis mərkəzinin görüləcək işlər üzrə təyin etdiyi smeta dəyəri 8.735 manatdır. Bu hal da ekspert rəyinin dəqiqliyinə şübhə doğurur. Məhkəmə isə smetanı əks etdirən sənədi nəzərə almamış, ekspert rəyi və və həmin sənəd arasında müqaisə aparmadan birbaşa olaraq rəyi əsas götürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, iş materialları və digər sübutlarla tam təsdiqini tapmışdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

39. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh1 idarə etdiyi “Toyota Camry” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı məxsus “FORD KUGA” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində iddiaçının servis mərkəzinin tərtib etdiyi smetanın reallağı əks etdirmədiyini və qiymətlərin şişirdildiyini, məhkəmənin dəyən zərərin müəyyən olunmasında yanlışlığa yol verdiyini bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

42. Eyni zamanda, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin iş üzrə təyin edilmiş ekspertizanın rəyinin dəqiqliyinə şübhə doğurması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin yol nəqliyyat hadisəsi törətməsi onun İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olması barədə Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında TP ******* №-li, xx.xx.2021-ci il tarixli qərarla və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin iş üzrə ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.

43. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

45. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

46. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-538/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar