Məhkəmə qərarları › İş №2(103)-7172/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7172/2022

18.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7172/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 200.000 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 15.000 manat cavabdeh Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.4-cü maddəsi ilə cinayət təqibi həyata keçirilib, o, 9 ay 10 gün həbsdə, 1 il 2 ay 7 gün isə ev dustaqlığında olub. Belə ki, xx.xx.2019-ci ildə iddiaçının barəsində həbs qətimkan tədbiri seçilib, xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə iddiaçıya bəraət verilib. Bununla da iddiaçının zərərin əvəzinin ödənilməsi hüququ yaranıb. İddiaçı maddi zərər çəkdiyini iddia etsə də, bununla bağlı birinci instansiya məhkəməsinə sübut təqdim etməyib. Ona görə də məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Nəsimi RM maddi zərərin əvəzi kimi 200.000 manat ödənilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. İddiaçı mənəvi zərərin əvəzi 100.000 manat tələb etsə də, Nəsimi RM düzgün olarq 15.000 manat ödənilməsini qət edib. Belə ki, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, barəsində qətimkan tədbiri seçilib, bütün bunların nəticəsində mənəvi sarsıntı keçirib və iztirab çəkib. Mənəvi zərərin əvəzi kimi müəyyən olunmuş 15.000 manat ağlabatan məbləğdir. Ona görə də məhkəmə“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, mənəvi zərərə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar