Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7178/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2, Cavabdeh Cavabdeh, Cavabdeh Cavabdeh vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2023-ci il tarixli "Kredit müqaviləsi"ndən görünür ki, borc verən İddiaçı borca alan Cavabdeh 140.000 manat məbləğində pulu borc vermiş, borc alan isə krediti ##.##.2023-cü ilədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı “xxxx” KB ASC-nin apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada ilk iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 149.328,68 ABŞ dolları məbləğində əsas borc, 70.335,49 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində cərimə, cəmi 221.664,17 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə manatla, habelə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutulması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı “xxxx” KB ASC-yə qarşı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış ## ###### 2014-cü il tarixli 77 BKƏ/** saylı əlavə kredit müqaviləsinin ## ###### 2015-ci il tarixdən ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, habelə apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “xxxx” KB ASC-yə ödənilsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 245 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 140.000 manat məbləğində borcun və 430 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında yaxın dost münasibətləri olmuşdur. Cavabdehin evlə bağlı pul problemi olduğundan iddiaçı ona kömək məqsədi ilə ## ###### 2023-cü il tarixdə beş ay müddətinə qaytarmaq şərti ilə 140.000 manat borc pul vermişdir. Lakin bu günki günə kimi cavabdeh borcu qaytarmamışdır. Borc müqaviləsi notariat orqanında qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. Bir neçə dəfə cavabdehdən pulun qaytarılmasını tələb etsə də, o, qeyri-müəyyən şəkildə cavab verərək, nə vaxtı pulu olarsa, borcu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdeh ilə son aylarda yaranmış münasibətdən açıq-aydın görünür ki, onun borcu heç də qaytarmağa niyyəti yoxdur. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh kredit müqaviləsinə əsasən 140.000 (yüz qırx min) manat əsas borc, 430 (dörd yüz otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 140.430 (yüz qırx min dörd yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, ##.##.2023-ci il tarixli "Kredit müqaviləsi" ilə İddiaçı Cavabdeh 140.000 manat məbləğində pulu borc vermiş, cavabdeh həmin borc məbləğini ##.##.2023-cü il tarixinədək geri qaytarmağı öhdəlik kimi öz üzərinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda razılaşdırılmış müddətdə və qaydada ödənişləri etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, əsas borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbz ilə dövlət büdcəsinə ödənilmiş 431 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4, 719.1, 739.2ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh Bakı şəhəri şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı ona qarşı borc tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin məhkəmə işindən onun ümumiyyətlə məlumatı olmamış, beləliklə işin baxılmasında iştirak etmək hüququndan məhrum olmuşdur. Məhkəmədən ona heç bir bildiriş, məlumat, eləcə də yekun məhkəmə qərarı ilə bağlı məlumat gəlməmişdir. O, hazırda qeydiyyat ünvanında yaşamır və qeydiyyatda olduğu ünvan ümumiyyətlə mövcud deyildir, sökülmüşdür. Ancaq ona həmin ünvana hər hansı məktub gəldikdə ərazi üzrə poçt xidmətinin əməkdaşı ilə tanış olduğu üçün telefon vasitəsi ilə dərhal məlumat verilmişdir. Lakin hazırki məhkəmə işi ilə bağlı heç bir məlumat və xəbərdarlıq gəlmədiyi üçün işdən tamamilə məlumatsız olmuşdur. İlk dəfə Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən borcla bağlı xəbərdarlıq “sms”i gəldikdən sonra məsələni dəqiqləşdirməyə çalışmışdır. Bundan sonra ona elektron məhkəmə kabinetinə malik olduğu halda məhkəmə qərarı ilə tanış ola biləcəyi bildirilmişdir. ## ######## 2025-ci il tarixdə o, tanışının köməkliyi ilə elektron məhkəmə kabinetində məlumatları daxil edərək qeydiyyatdan keçmişdir. Bundan sonra məhkəmə işləri bölməsinə daxil olaraq hazırki iş barədə məlumatları və yekun məhkəmə qərarını əldə etmişdir. Elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçdiyi tarix ##.##.2025-ci ildir. Hesab edir ki, məhkəmənin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi əsassızdır. Çünki qətnamənin əsaslandığı ##.##.2023-cü il tarixli borc müqaviləsi formal bağlanmış və tərəflərin faktiki olaraq borc vermək və ya borc almaq niyyəti olmamışdır. Notariusda bank hesabına qoyulan 140.000 manat vəsait iddiaçı İddiaçı tərəfindən kimdənsə bir neçə saatlıq götürdüyü pul məbləği olmuş, həmin vəsaiti özü ilə notariusa gətirmiş və müqavilə imzalandıqdan sonra dərhal sahibinə qaytarmaq üçün özü ilə pulu da götürmüş və qaytarıb aparmışdır. Bunu bilavasitə sübut edən dəlillər onda mövcuddur və məhkəməyə təqdim edəcəkdir. Həmin sübutlar pulun həqiqətən də İddiaçı tərəfindən saat yarımlıq müddətə, sadəcə notariusda formal olaraq göstərmək və bank hesabına formal olaraq qoyub götürmək üçün digər şəxslərdən götürüldüyünü və bütün bunların Azadın öz dilindən etiraf edildiyini bilavasitə təsdiq edir. O, məhkəmə işindən xəbərdar olmadığı üçün öz sübutlarını və dəlillərini təqdim etmək imkanından məhrum olmuşdur. Faktiki olaraq, mübahisələndirilən borc müqaviləsi həqiqi müqavilə deyildir, formal olaraq bağlanmışdır. Həmin müqavilənin bağlanma səbəbi isə ondan ibarətdir ki, Azadla o, uzun müddətli dost olduğu üçün ona inanmışdır. Belə ki, o, işi ilə bağlı bankdan böyük məbləğdə kredit götürmək istəmişdir. Lakin Azadın götürdüyü kreditə zamin durduğu üçün ona kredit düşməmişdir. Bundan sonra o, Azaddan xahiş etmişdir ki, hansısa bir yolla onun zaminliyimi ləğv etdirsin ki, o, kredit götürüb öz problemlərini həll edə bilsin. Ona nə qədər desə də zaminliyini ləğv etdirə bilməmişdir. Daha sonra ona yalvardı ki, bu məsələni heç cür həll edə bilmədiyi üçün onun evini ipoteka ilə formal olaraq satsın və bankdan pul əldə edilsin, borcu bağlasın ki, zaminliyi ləğv edilsin, özü isə ipotekanı hissə-hissə ödəyib tezliklə bağlayacaqdır. O, ilk əvvəl bundan ehtiyat etsə də, yenə uşaqlıq dostu olduğu üçün ona inanmışdır və evi formal olaraq Səxavət adlı bir şəxsə ipoteka ilə satmışdır. Bundan sonra Azad onun bankda aktiv olan zaminliyini yenə də ləğv etdirə bilməmiş, ipoteka ödənişlərini isə gecikdirməyə başlamışdır. O, Azadın dələduz əməllərinə görə faktiki olaraq, öz evində ipoteka alan qismində yaşamışdır. Bundan sonra Azad ipoteka ödənişlərini tam dayandırdığı üçün adına ipoteka müqaviləsi bağlanmış şəxsin haqlı narazılıqları başlamışdır. Çünki ödənişlər gecikdiyindən bank həmin şəxsi mütəmadi narahat etmişdir. İş o, yerə çatmışdır ki, həmin şəxslə onlarına arasında gərgin münaqişələr yaranmışdır. Bundan sonra o, Azadı hansı yolla olursa olsun ipotekanı bağlamağa və onun adına qaytarmağa məcbur etmişdir. Lakin Azad yenə də maddi vəziyyətinin pis olduğunu əsas gətirib heç bir məsələni həll edə bilməmişdir. Daha sonra Azad ona məsələni həll etdiyini, sadəcə olaraq aralarında formal olaraq borc müqaviləsi bağlanması zərurətinin olduğunu bildirmiş və demişdir ki, bundan sonra pul götürüb ipotekanı bağlaya biləcəkdir. O, nə qədər etiraz etsə də, Azad onu yenə də inandırmağı bacarmışdır. O, uşaqlıq dostunun onu aldatmayacağını güman edərək, eyni zamanda evinin artıq əlindən çıxdığını və banka keçəcəyini görüb, razılaşmağa məcbur olmuşdur. ##.##.2023-cü il tarixli borc müqaviləsi imzalanmışdır. Bir gün sonra Azad həqiqətən də onun evinə aid olan ipoteka borcunu bağlamış və 24 fevralda ev çıxarış əsasında onun öz adına qaytarılmıışdır. Lakin bankdakı zaminliyi hələ də aktiv olaraq qalır. Həmin borc ödənilmədiyi üçün bank tərəfindən məhkəməyə verilmiş və orada da girovluqda ev vardır. Həmin işlə bağlı sənədləri də məhkəməyə təqdim edəcəkdir. Əgər Azadın ona borc kimi verməyə 140.000 manat pulu var idisə, elə onu banka ödəyərdi, həm onu zaminlikdən çıxarar, həm də girovda olan evi azad edərdi. Bütün bunlar göstərir ki, Azadla onun faktiki olaraq borc vermək və borc almaq niyyəti olmamışdır. Daha sonra isə icra şöbəsi vasitəsi ilə öyrənmişdir ki, borc müqaviləsinə görə Azad onu məhkəməyə vermiş və iddia təmin edilmişdir. ##.##.2023-cü il tarixli borc müqaviləsi formal olaraq bağlanmışdır. O, sadəcə olaraq notariusa gəlmiş və onların göstərdiyi yerə imza atmışdır. Həmin gün Azad pulu notariusun bank hesabına göstərib daha sonra pulu geri təhvil alıb sahibinə qaytarmaq üçün aparmışdır. Həmin gün onlardan başqa notariusda Azadın hüquqşünas tanışı “Venera” adlı şəxs və onun dostu “Emin” olmuşdur. O, həmin 140.000 manat məbləğində pulu ümumiyyətlə təhvil almamışdır. Hazırda iddiaçı İddiaçı bir neçə şəxslərə borcu olduğu üçün Azərbaycan Respublikasından çıxmış və axtarıldığı üçün geri qayıtmamışdır. Ona görə hazırki iddia da etibarnamə üzrə digər şəxs tərəfindən verilmişdir. Qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia əsassızdır və reallıqda ##.##.2023-cü il tarixli borc müqaviləsi faktiki olaraq mövcud deyildir. Ona görə də, qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən iddia təmin edilmiş və ondan borc məbləğinin tutulması qərara alınmışdır. Lakin işin faktiki hallarına əsasən ümumiyyətlə aralarında borc münasibəti olmamış və faktiki olaraq borc alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Azad Abasovla aralarında bağlanmış ##.##.2023-cü il tarixli formal borc müqaviləsi imzalandığı gün onunla bir yerdə X2 adlı tanışı notariusda iştirak etmişdir. Emil Rüstəmov həmin gün baş verən proseslərin şahidi olmuşdur. Hesab edir ki, iş üçün əhəmiyyətli halların, eləcə də müqavilə bağlandığı gün pul məbləğinin kim tərəfindən gətirilməsi, təhvil alınması və s. kimi əhəmiyyət kəsb edən məlumatların məhkəməyə çatdırılması üçün həmin şəxsin şahid qismində məhkəmə icraatına cəlb edilməsi və dindirilməsi zəruridir. Qeyd olunan halları nəzərə alaraq, xahiş edir ki, X2 şahid qismində məhkəmə iclasına dəvət edilməsi və ifadəsinin alınması təmin edilsin. Digər vəsatəti də odur ki, ##.##.2023-cü il tarixli formal borc müqaviləsi imzalandığı gündən bir gün əvvəl Azad Abasovla aralarında danışıq olmuş, müvafiq pul məbləğini notariusda bank hesabına göstərmək üçün özü ilə gətirəcəyini və qısa müddətdə pulu qaytarıb sahibinə verməli olduğunu bildirmişdir. Bütün proses bu qaydada davam etmiş və müqavilə bağlandıqdan sonra Azad pulu təhvil alıb özü ilə aparmışdır. Bütün bunları Azadın inkar etməsi qeyri-mümkündür. Bu səbəbdən hesab edir ki, hazırki iddianın verilməsi ideyası da Azadın özünün yox, məhz ailə üzvlərinin ideyasıdır. Azad xaricdədir. Azad heç bir məhkəmədə və iddianın verilməsində şəxsən iştirak etməmişdir. Ona görə də, iş üçün əhəmiyyət kəsb edən halların aydın olması üçün iddiaçı İddiaçı məhkəmə iclasında şəxsən iştirak etməsi və izahat verməsi zəruridir. Ona görə də xahiş edir ki, iddiaçı İddiaçı məhkəmə iclasında şəxsən iştirakının təmin olunmasını və izahatının alınması təmin edilsin. Bundan başqa səs yazılarının olduğu disk də vardır. Həmin səs yazıları İddiaçıla onun arasında olan danışıqlardır. Telefonda həmin səs yazıları çoxdur, sadəcə bir qismini qeydə alıb məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsindəki iclaslardan xəbəri olmadığından sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda o, Maştağa qəsəbəsində yaşayır. Qeydiyyatda olduğu ünvan artıq sökülmüş, yerində nə isə tikilmişdir. 2012ci ildən onun Azada 170.000 ABŞ dolları məbləğində zaminliyi vardır. Sonradan o, problem vəziyyətinə gəlib çıxmışdır, Azad onu ödəməmişdir. 2012-ci ildə Azadın banka kredit borcu vardır. Azadla o, 35 il dost olmuşlar. Uşaqlıqdan bir yerdə böyümüşlər. Krediti götürən vaxt Azad onu zamin kimi çağırmış, gedib sənədi imzalamışdır. O, işlə bağlı ona daim zənglər, “sms”lər gəlmişdir. Həmin mülki işlə bağlı o, Ali Məhkəmənin qərarını sistemə yerləşdirmişdir. O, özü orta təhsilli olmaqla ticarət işləri ilə məşğul olur. Zaminlik məsələsindən sonra evində problemlər yaranmışdır. Bütün telefonlara “sms”lər gəlmiş, məhkəməyə çağırmışdır. Bu məsələ ona deyil, Azada aid olmuşdur. Sonradan Azadla aralarında bu məsələyə görə problem yaranmışdır. Azad pul tapa bilmədiyindən borcu “xxxx KB” ASC-dən 170.000 ABŞ dolları məbləğində götürmüş, qazinin adından ipoteka müqaviləsi bağlamışdır. Onun evini girov qoymuşdur. Demişdir ki, onu kredit borcu üzrə zaminlikdən çıxaracaqdır. Sonra bu götürdüyü borcu da ödəməmişdir, borc şişməyə başlamışdır. Təqdim etdiyi səs yazılarında Səxavət Salmanovun da səs yazıları vardır. Onun adına götürdüyü krediti ödəmədiyindən onunla da problemləri yaranmışdır. Onlar fevral ayının 8-i ümumi dostları Emilin iştirakı ilə görüşmüşlər. Azad Emili ondan da öncədən tanımışdır. Azad həmin görüşdə demişdir ki, belə bir müqavilə bağlasınlar, evdə desin ki, 140.000 manatı çıxaracaq, gəlib onun evi ilə bağlı borcu bağlayacaq. Bir yandan qazi bankda etiraz edəcəyini demişdir. Azad ona notarial qaydada borc müqaviləsi bağlamasını, həmin müqaviləni aparıb evdə anasına göstərəcəyini və borcu ona verəcəyini, pul ona verildiyi halda anasının etiraz etməyəcəyini demişdir. Bundan sonra evin girovdan çıxarılacağını demişdir. Bundan sonra onlar notariusa getmiş müqaviləni imzalamışlar. Ümumi dostları olan Emil, vəkil Venera xanım da onlarla olmuşdur. Azad özünə məxsus oteli satacağını 5-6 aya evi girovdan çıxacağını, zaminlik məsələsinin də həll olacağını ona demiş, o, Azadın sözlərinə inanmışdır. Notariusda pulu görmüş, bunu inkar edə bilməz. Notariat ofisində proses baş tutmuş, o, sənədi imzalamışdır. Notariusdan çıxandan sonra bağlanmış müqaviləni, pulu da Azad özü ilə götürüb getmişdir. Bundan bir neçə gün sonra ipoteka məsələsi bağlanmışdır. Amma zaminlikdən hələ də o, çıxardılmamışdır. Ondan hələ də zamin kimi 2012-ci ilin pulunu tələb edirlər. Son vaxta kimi ona “sms”lər gəlmişdir. Azadın qoyduğu girov isə deyəsən hərraca çıxarılmışdır. Həmin girov qoyulan ev başqa bir dostlarına məxsusdur. Onun evi ipotekaya ona görə qoymuşdur ki, ordan pul götürüb zaminlikdən adı çıxarılsın. Borc ödəmədiyinə görə qazi Səxavətlə problemləri yaranmağa başlamışdır. Həmin borcu bağlamaq məqsədi ilə Azad öz evindən pulu borc kimi onun adına çıxarmaq məqsədi ilə onunla borc müqaviləsi bağlamışdır. Belə ki, evdəki pula Azadın anası nəzarət etmiş, Azadın anası onu tanıdığından onun adı ilə evdən pul götürülməsinə etiraz etməyəcəkdir. Sonuncu dəfə o, Azadla 2024-cü ildə ad günü təbriki ilə bağlı danışmışlar. Azad məhkəməyə onu verdikdən sonra danışmamışlar, Azad qaçıb getmiş, indi Azadı borclu olduğu şəxslər axtarır. Müqavilədən sonra Azad Səxavətin borcunu, təxminən 160.000 manatı ödəmişdir. Müqaviləni ləğv etdirməməsinin səbəbi onu xatırlamaması, müqavilənin bağlanmasını aralarında dost kimi olan məsələ kimi qəbul etməsi olmuşdur. Ona icra şöbəsindən zəng vurulmayana kimi bu məsələ barəsində ümumiyyətlə düşünməmişdir. Hətta Emil ona da şahiddir ki, Azad buradan çıxıb gedəndə, demişdir ki, pul problemi var, camaatdan pul alıb, qaçıb gedib. O, bunu eşidəndən sonra zaminlik məsələsinə görə narahat olub Emillə birlikdə Azadın anasının iş yerinə kimi getmiş, lakin mağaza bağlı olmuş, Azadın əmisini orada görmüşdür. Emilə bir dəfə Azad xaricdəki nömrəsi ilə zəng vurmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili vəkil1 izahatında göstərmişdir ki, tərəflər arasında müqavilə iddiaçının xahişi ilə formal olaraq bağlanmışdır. Tərəflər faktiki olaraq borc münasibətlərində olmamışlar. Onların nə borc almaq, nə də borc vermək niyyəti olmamışdır. Müqavilə bir neçə illər ərzində bir-birinə bağlı olan hadisələr nəticəsində bağlanıb. Telman uğurlu fəaliyyət göstərən sahibkar olub, biznes ilə bağlı kredit götürmək niyyətində olub. Kredit götürmək istəyərkən hər şey hazır olub, təxminən 50.000 manat kredit məbləği olub, hər şey – mallar hazır vəziyyətdə olub son anda bankda müəyyən edilib ki, Telmanın zaminliyi var. X1 o qədər inanıb ki, nə vaxtsa zaminliklə bağlı sənədə qol çəkməsindən də xəbəri olmayıb. Zaminiklə bağlı olaraq kreditin verilməsi baş tutmayıb, mallar ortada qalıb, demək olar ki, biznes tamamilə batıb. Qəfildən maddi vəziyyəti ilə bağlı külli miqdarda borca düşüb. Zaminlik müqaviləsindən adının çıxarılması üçün Telman Azada müraciət edib. Bildirib ki, dərhal kredit götürməlidir. Bundan sonra Azad sabah, bir neçə gün sonra deyərək bu şəkildə müddəti uzatmağa başlayıb. Beləliklə artıq müddət keçib, zaminlikdən çıxartmaqdan ötürü belə bir qərara gəliblər ki, Telmanın evini ipoteka ilə hansısa qaziyə satsınlar, hansı ki, güzəştli şərtlərlə, az faizlə kredit veriləcəkdi. Yəni Telmanın evini ipotekaya qoyaraq adını zaminlikdən çıxarmağa çalışıblar. Bundan sonra qaziyə Telmanın öz evini ipoteka yolu ilə satırlar, daha sonra zaminlik bağlanmamışdır. Acınacaqlı maddi vəziyyət davam edib. Bu gün də Telman ağır maddi çətinlik içindədir, zaminliyə xitam verilməyib. Azad ödənişini etməli olduğu ipotekanı da ödəməməyə başlayır. Bank da kredit ödənilmədiyinə görə Səxavəti sıxışdırmağa başlayır. Uzun müddət Səxavətin sıxışdırılmalarından sonra belə qərara gəliblər, yenə də Azad Telmandan xahiş edir ki, belə bir borc müqaviləsi bağlasınlar. «Azad Telmana deyir ki, evdən pul götürə bilmir, evdə sənə inanırlar, səninlə borc müqaviləsi bağlayaq. Borc müqaviləsini aparıb evdə göstərim, evdən səni tanıyırlar.» Bundan sonra # ###### 2023-cü ildə notariat ofisində borc müqaviləsi bağlayırlar. Təəssüf ki, orada hal-hazırda kamera görüntüləri qalmayıb, pulu kim özü ilə gətirib, kim qaytarıb aparıb, onlar qalmayıb. Sadəcə olaraq məhkəmə iclasında şahid dindirilib ki, hansı ki, o da həmin gün tərəflərin yanında olub. Pulu kimin gətirib, kimin qaytarmasına şahidlik edib. Hətta bir gün əvvəl iddiaçının anası şahidə təsir göstərməyə çalışıb. Siz uşaqlıq dostu olmusunuz, necə gedib üzünə duracaqsan falan deyib. Həmin 9 fevral tarixli müqavilədən iki həftə sonra 27 fevral tarixli müqavilə var ki, həqiqətən də həmin ipoteka bağlanıb. Hal-hazırda Telmanın adında zaminlik də qalıb, onu da bağlamayıblar. “xxxx KB” ASCyə olan külli miqdarda borc bu günə kimi qalmaqdadır. ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində bu işlə bağlı qərardad çıxıb. Yəni hələ də o iş üzrə proses davam edir. Azadın evi ipotekada olduğu halda necə kiməsə 140.000 manat borc verə bilər. Ona elə gəlir ki, bütün sübutlar borc müqaviləsinin formal olaraq bağlanmasını göstərir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdehin izahatı məntiqli deyildir. Güya iddiaçı anasına sənəd göstərmək üçün müqavilə bağlayıblar. Tərəflər arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmışdır. Müqavilədən də göründüyü kimi 140.000 manat pul notariusun da iştirakı ilə cavabdehə verilmişdir. Cavabdeh pulu, borcu təhvil almışdır. 5 ay ərzində borcu geri qaytarmalı olsa da, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu günə qədər ödənişlər etməmiş, iddiaçının müraciətlərinə baxmayaraq müxtəlif bəhanələrlə borcun icrasından yayınmışdır. Cavabdehin bu gün gətirdiyi əsaslara diqqət yetirəndə nə məntiqə, nə də işin real hallarına uyğun gəlmir. Məhkəməyə təqdim etdiyi vəsatətlərdən də görünür ki, bilgili adamdır, səhv etmirsə cavabdeh qızıl sahəsində ticarətlə məşğuldur, yəni cavabdeh bilir ki, bu hərəkəti edəndə onun üçün hansı hüquqi nəticələri ola bilər. Bu gün belə sadəlövh olması inandırıcı deyildir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, hər bir halda notarius tərəfindən təsdiq edilmiş borc sənədi vardır. Həmin sənəd ləğv olunmayıb, tərəf də bunu heç vaxt mübahisələndirməyib. Azadla cavabdehin əvvəldən tanışlıqları olub. 2012-ci ildə iddiaçı tərəfindən götürülmüş kredit borcuna görə cavabdehin zaminliyinin olması barədə ətraflı məlumatı yoxdur. Həmin borc üzrə ödənişlərin yekunlaşıb-yekunlaşmaması barədə məlumatlı deyildir. İddiaçının borcu nə məqsədlə cavabdehə verməsini o, bilmir. Hesab edir ki, cavabdeh borc istəyib, iddiaçı da bu formada borc verib. Əgər həqiqətən qarşı tərəfin dediyi kimidirsə özü də görər ki, evi əlindən çıxacaq. Cavabdeh bəhanə gətirir. Müqavilə bağlanmazdan əvvələ dair səs yazılarını məhkəməyə təqdim edir. Səs yazılarından belə aydın olur ki, “xxxx KB” ASC-yə borcla bağlı səs yazılarıdır. Bilinmir ki, söhbət nədən gedir, hansı suala cavab verildi. İddiaçı məhkəmə iclaslarına gələ bilmir, xaricdədir. Hal-hazırda Dubaydadır. İşi ilə əlaqədar gələ bilmir, məlum hadisələrdən sonra da gediş-gəliş çətinləşmişdir. Cavabdehin təqdim etdiyi səs yazıları ilə bağlı o, iddiaçı ilə danışmışdır. Cavabdehin dedikləri həqiqəti əks etdirmir, sözlərindəki uyğunsuzluqlar da bunu təsdiq edir. Cavabdehin iddiaçının borcu ilə bağlı zaminliyi olub, əmlak məsələsi olmayıb. O, iş üzrə də məhkəmə mübahisəsi davam edir. O, iş üzrə başqa vəkil iştirak edib, əmlakın qiymətləndirilməsi məsələsinə görə icraat dayandırılıb. Azadın adına ev olub, tələb o evə yənəldilib, onunla bağlı qiymətləndirmə təyin olunub. Cavabdeh deyir ki, iddiaçı onu aldadıb zamin qoyub pul götürüb, aldadıb evini girov qoyub, hansı məntiqə sığır ki, bunlardan sonra da aldadıb 140.000 manat borc verməsi ilə bağlı sənədə imza etdirə bilir? Ona görə də, bu məsələlərin heç biri bu formada olmayıb. Telman nağd qaydada borc pul alıb, ödəməkdən yayınmaq üçün də bu cür bəhanələr gətirir. Səs yazıları da monoloq formasındadır. Hansısa dialoq yoxdur ki, söhbətin nə olduğu başa düşülsün. Səs yazılarındakı səs Azadın səsinə bənzəyir. Amma dialoq yoxdur. Daha ədalətli yanaşması olsaydı dialoqlarını təqdim edərdi. Danışıqlardan görünür ki, Səxavət özü də Telmandan pul tələb edir. Telman heç demir ki, Azadın borcudur, məndən niyə istəyirsən? Maraqlısı odur ki, daha əvvəlki münasibətlərlə bağlı sübut kimi səs yazılarını təqdim edir, ancaq hazırda mübahisə edilən borcla bağlı heç bir sübut təqdim etmir. Maraqlıdır ki, daha uzun illər əvvələ aid səs yazıları qalıb amma həmin bu mübahisə edilən borcun Azada qaytarılması, yaxud bunun borc olmaması ilə bağlı hər hansısa sübut təqdim etmir. Cavabdeh deyir ki, Azada zəng edir, zəng çatmır, bu düzgün deyildir. Əksinə cavabdeh borcu ödəməkdən yayınır. Heç bir əsası olmayan, məntiqə uyğun gəlməyən bəhanələr gətirir ki, iş yubansın. Cavabdeh borc istəyib, Azada deyib ki, qısa müddətli lazımdır. Hətta Azad da bildiyi qədərilə borcu faizə götürüb. Nəisə krediti olub cavabdehin, həmin krediti ödəmək üçün lazım olub. Səxavətə qazi olduğundan dövlət tərəfindən ev veriləcəkmiş, ipoteka da Səxavətin adına olduğuna görə, Səxavət deyib ki, onun borcu qalıb, o, ipoteka götürəndə demişdir ki, qısa müddətə ödəyəcəksən, onu bağla ki, dövlət də Səxavətə ev versin. Zaminlik ayrı məsələdir, bu borc müqaviləsi ayrıdır. Zamin olaraq onsuz fiziki şəxs kimi qarşı tərəf zamin durub, əmlakı ilə zamin durmayıb, girov qoymayıb. Şahid də zaminlik deyəndə o mübahisəni nəzərdə tutur, cavabdehin borc alması o zaminliyə aid deyildir. Qarşı tərəf qərarı elektron sistemə yerləşdirib, oradan aydın olur ki, cavabdeh o, iş üzrə zamindir. Orada cavabdehin əmlakına yönəltmə yoxdur, Azadın öz əmlakı var, ona yönəltmə olub. Orada da qiymətləndirmə bağlı hazırda məhkəmədə mübahisələndirilir. Telman o, işdə o vaxt zamin durub, şahid də zamin deyəndə o vaxtkı məsələni nəzərdə tutur. Venera xanım o işdə vəkil olub. Səxavətlə bağlı məsələ isə qarşı tərəfin öz problemidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəsatətinə əsasən şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, özəl işdə işləyir. Tikinti işləri ilə məşğuldur. Sahibkar deyil, işçi kimi işləyir. Bakı şəhərinin Sabunçu rayonunda yaşayır. İddiaçı da, Cavabdeh da tanıyır, hər ikisi ilə də dost olmuşdur. Azadla sinif yoldaşıdır, Telmanla da məhlə uşağıdır, bir məhlədə qalırlar. Azadla Telman arasındakı münasibətlər barəsində özlərindən eşitmişdir. Onlar arasında bu münasibətlər 8 ildir davam edir. Azadın banka borcuna görə Telman zamin durmuşdur. O, vaxtdan bu söhbət uzana-uzana bu günə kimi gəlib çıxmışdır. Azadla Telman notariat ofisində borc müqaviləsi bağlamışlar. Həmin vaxt o, notariat ofisinə daxil olmamış, Azadın maşınında oturub gözləmişdir. Notariat ofisinə borc müqaviləsi bağlayacaqları üçün getmişlər. Borc müqaviləsi ona görə bağlanmışdır ki, guya Azad Telmana borc verir. Həmin gün Azad pulla gəlib, pulla da getmişdir. Nə qədər pul olduğunu bilmir, bildiyi odur ki, 100.000-dən çox idi. Azadla Telman arasında başqa problem də olmuşdur. Telmanın evini qazinin adına ipotekaya qoymuşlar. Ordan da uzun müddət ödəniş olunmurdu, zənglər gəlirdi. İpotekanı bağlamaq lazım idi, Telmanın evi əldən gedirdi. Onu da Azad bağlamışdır. Qazinin adı Səxavət idi. Bir dəfə onunla da görüşmüşdür. Azad Səxavətin borcunu bağlamışdır. Səxavətin borcu nə qədər idi bilmir, bildiyi qədər 100.000-dən çox idi. Bildiyi qədərilə borc Səxavətinin özünün deyildi, onun adına salmışdırlar. X3 götürmüşdürlər. Azadla Telman borc müqaviləsi bağlayıb həmin krediti bağlayacaqdılar. Səxavətin adında olan borc Telmanın və ya Azadın olması ona məlum deyil. O, bəzi söhbətlərdə iştirak etmişdir. Məhlə uşağı olduqları üçün tez-tez bir yerdə görüşmüşlər. Azadla Telmanın aralarında dəfələrlə mübahisə olub ki, borcu bağla, adımı zaminlikdən çıxar. Telman bankda zamin durmuşdu, ona görə də, həmişə deyirdi ki, Azad onu zaminlikdən çıxarsın. 10 ildən çoxdur ki, hansısa banka Azadın borcuna görə Telman zamin durmuşdur. Azad da hər dəfə 3 ay vaxt ver, 5 ay vaxt ver deyirdi. Vaxt uzana-uzana bu günə kimi gəlib çıxıb. Sonra arada Səxavətin adına ipoteka salmışdılar. O, da uzun müddət ödənişsiz qalmışdır. Bankdan Səxavətə də, Telmana da zənglər gəlmişdir. Telman da Azada demişdir ki, borcu bağlamaq lazımdır. O, borcun kimin olduğunu bilmir. Səxavət də deyəsən dövlətdən ev almalı idi, ona görə deyirdi ki, onun adını çıxarsınlar. Azadla Telmanın nəyə görə borc müqaviləsi bağladıqlarını o, bilmir. İkisi də notariat ofisindən çıxandan sonra Azad onları düşürtmüş, sonra çıxıb getmişdir. Azadla Telman arasındakı borc müqaviləsi bildiyinə görə Səxavətin borcuna görə idi, Səxavətin borcu 100.000-dən çox idi. Azadla Telman arasındakı borc müqaviləsi niyə bağlandığını o, bilmir. Bir yerdə olduqlarından o, da Azadla Telmanla birlikdə notariat ofisinə getmişdir. O, Azaddan Telman ilə aralarında olanlar barədə soruşanda Azad ona bu işlərə qarışmamasını məsləhət bilmişdir. Hər ikisi də dostdur, ona yaxındırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiya) Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiya) Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiya) Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı .... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən, qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2023-ci il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı borca alan Cavabdeh 140.000 manat məbləğində pulu borc vermiş, borc alan isə borcu ##.##.2023-cü ilədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh də iddiaçı ilə borc müqaviləsi bağlamasını, iddiaçıya məxsus 140.000 manat pul vəsaitinin notariusun depozitinə yerləşdirilməsini inkar etməsə də, müqavilənin görüntü üçün formal olaraq bağlanmasını, borc məbləği olaraq pulun müqavilə notariat ofisində təsdiq edildikdən sonra iddiaçıya qaytarılmasını, tərəflər arasında formal olaraq borc müqaviləsinin bağlanmasının səbəbini iddiaçının bankdan götürdüyü borc müqaviləsi üzrə öz öhdəliyinin bir hissəsinin icra etmək üçün iddiaçının anasının pul vəsaitini oğluna deyil, ona verilməsinə etiraz etməyəcəyi halı ilə izah edir. Cavabdeh etirazında istinad etdiyi halları hər iki tərəfin dostu olan X2 şahid ifadəsi, iddiaçının səs yazıları və təqdim etdiyi məhkəmə aktı ilə təsdiq edə biləcəyini bildirir. Kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Demək ki, iddiaçı ilə bağladığı borc müqaviləsinin əhəmiyyətsiz əqd olmasını cavabdeh sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). Kollegiya cavabdehin sübutlarına münasibət bildirib qeyd edir ki, apellyasiya şikayətində cavabdeh iddiaçının borc olaraq pul vəsaitini onun tanımadığı şəxsdən bir neçə saatlığa götürməsini qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatında borc verilmiş pul vəsaitinin iddiaçının ailəsinə məxsus olmasını, iddiaçının anasının ona daha çox güvənməsi səbəbindən pulun onun adı ilə evdən çıxarılmasını bildirmişdir. Göründüyü kimi şikayətində və izahatında fərqli fikirlər söyləməklə cavabdeh iddia tələbinə qarşı etirazında səmimi olmadığını nümayiş etdirir. Bundan başqa iddiaçının bank qarşısında yaranması məhkəmə aktı ilə müəyyən edilmiş öhdəliyini icra etmək üçün özünə və ailəsinə məxsus pul vəsaiti ilə cavabdehlə formal, görüntü üçün borc müqaviləsi bağlaması halı, pul vəsaitinə ehtiyacı olan, buna görə zaminlik müqaviləsindən irəli gələn öhdəlikdən azad olunmasını tələb edən cavabdehin isə borc verilən pulu almadan etirazında göstərdiyi şərtlərlə əhəmiyyətsiz əqd bağlaması ağlabatan, inandırıcı davranış deyildir. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cavabdehin vəsatətinə əsasən dindirilmiş şahid ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, şahid hər iki tərəfin yaxın dostu olduğundan, hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlarla iddiaçının cavabdehə borc verməsi faktı öz təsdiqini tapdığından, şahid tərəflər arasında borc müqaviləsi bağlanarkən şərtlərin müəyyən edilməsində iştirak etmədiyindən, borcun hansı məqsədlə verilməsini bilmədiyindən, MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq olunması mümkün olmadığından, şahid E.Y.Rüstəmovun ifadəsi tərəflər arasında bağlanan əqdin əhəmiyyətsiz olması qənaətinə gəlməyə əsas vermir. Kollegiya cavabdehin təqdim etdiyi səs yazılarına münasibətdə qeyd edir ki, həmin səs yazısında etibarlılığı yoxlanılan əqdlə bağlı hər hansı bir məlumat mövcud deyildir. Kollegiya təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı tələb üzrə məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan, cavabdeh iddiaçı ilə bağladığı borc müqaviləsinin əhəmiyyətsiz əqd olmasını sübuta yetirə bilmədiyindən, araşdırma zamanı isə həmin əqdin həqiqi və etibarlı, mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış əqd olması, iddiaçının mülkiyyətində olan pul vəsaitini borc olaraq cavabdehə verməsi, cavabdehin müqavilə ilə müəyyən edilmiş vaxtda öhdəliklərini icra etməməsi öz təsdiqini tapdığından apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7178/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7178/2025
27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver