Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-718/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, X3 və Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh və vəkilləri X4, Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 saylı, 14 oktyabr 2019cu il tarixli qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “sökülmüş hissələrin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0.6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0m və 2,4x0,8m ölçüdə qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirilməsi qanunvercilikdə qadağan edilmiş texniki zirzəmilərinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin Cavabdeh vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması, binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi, binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borusunun ləğv edilməsi haqqında qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2019 tarixli, 2(001)-400/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi tam, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları Cavabdeh hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə, binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia və üçüncü şəxsin iddiasının tam həcmdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi çıxarışın etibarsız hesab edilməsi və qeyri-qanuni çardağın sökülməsi haqqında iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən, onun iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilən kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3375/2020 saylı, 01.09.2020-ci il tarixli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Q.İsaqov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, üçüncü şəxs Q.İsaqovun apellyasiya şikayəti ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkilləri M.Mustafayev və Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Q.İsaqovun apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi E.Şahverənov cavabdehin apellyasiya şikayəti ilə razılaşmadığını və təmin edilməməsini xahiş etdi, Q.İsaqovun apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı mərhələdə apellyasiya şikayətlərinə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və ləğv edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin iddia tələbi aşağıdakılardan ibarətdir: 1) Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0.6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0m və 2,4x0,8m ölçüdə qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi; Müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddia tələbləri isə aşağıdakılardan ibarətdir: 1) Özəlləşdirilməsi qanunvercilikdə qadağan edilmiş texniki zirzəminin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi; 2) binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin Cavabdeh vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması; 3) binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi; 4) binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq; 5) İnsanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borusunun ləğv edilməsi; Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya instansiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 01.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən Q.İsaqovun iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin damına qaldırdığı borunun ləğv edilməsi” hissələri ilə bağlı araşdırma aparılmış və həmin hallara hüquqi qiymət verilmişdir. Qeyd edilən hissələrlə bağlı araşdırılma aparılsa da iddia tələbinin “binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi” hissəsinə münasibətdə nə birinci instansiya nə də apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmamış və həmin tələblərə hüquqi qiymət verilməmişdir. Həmçinin işin mübahisə edilməyən hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən 90,2 kv.m qeyriyaşayış sahəsi ilk olaraq Cavabdeh icarəyə verilmişdir. Bundan sonra 09.02.2015-ci il tarixli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin əmlak Əmlak Məslələri Dövlət Komitəsi tərəfindən dəyəri ödənilməklə Cavabdeh satılmışdır. Alqı-satqı müqaviləsi əsasında Cavabdeh xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və bununla bağlı ona 04.03.2015-ci il tarixli çıxarış verilmişdir. Hal-hazırda da həmin sahə Cavabdeh mülkiyyətindədir. Bununla yanaşı qeyd edilməlidir ki, araşdırma nəticəsində Əmlak Məslələri Dövlət Komitəsinin belə bir səlahiyyətinin olmaması müəyyən edilərsə, yəni əqdin – çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin – əhəmiyyətsiz əqd olması məlum olarsa, bu zaman həmin çıxarışın etibarsızlığı ilə bağlı mübahisənin məhkəmə aidiyyəti məsələsi də müəyyənləşdirilməlidir. Kollegiya qeyd edir ki, üçüncü şəxs Q.İsaqovun iddia tələblərindən biri -texniki zirzəmilərinin, yəni ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi- olmuşdur. Belə olan halda məlum olur ki, həmin tələb mahiyyət etibarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin (hərrac nəticəsində) etibarsızlığı ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji iddia tələbləri, yəni dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin mülkiyyətə verilməsi barədə hərracların və onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddialar inzibati mübahisədir və inzibati qaydada baxılmalıdır (Ali Məhkəmənin 2(102)-873/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı). Belə olan halda məlum olur ki, hazırkı mübahisə üzrə, üçüncü şəxs Q.İsaqovun iddia tələblərindən biri - Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi- Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən, inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə Kollegiyası həmçinin bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi- barədə məsələ həll edilənə qədər həm iddiaçının iddiası, həm də üçüncü şəxsin iddiası ilə bağlı digər tələblərə baxmaq mümkün olmadığından həmin tələblərə dair hissədə iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə - hazırkı halda mülki mühakimə icraatında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, üçüncü şəxs Q.İsaqovun iddia tələblərindən biri - Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi- inzibati qaydada baxılmalı olduğundan rayon məhkəməsinin qətnaməsi həmin tələbə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.01, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 saylı, 14 oktyabr 2019cu il tarixli qətnaməsi -Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi-- hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. X7 “Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi” barədə tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-718/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-718/2021
13.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver