Məhkəmə qərarları › İş №2(103)-7182/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7182/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7182/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1805/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı ilə X4 arasında xx.xx.2017-ci il tarixdə AK-2/22046 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı” barədə müqavilə bağlanmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli kəndində yerləşən X1 məxsus **********02090 nömrəli sayğaca baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və maddi zərər hesablanmışdır:

1. xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 1296m3, 259,20manat,

2. xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1528m3, 305.6 manat,

3. xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1008m3, 201,60 manat, Yuxarıda qeyd olunan üş akt üzrə ümumilikdə 766,40 manat maddi zərər hesablanmış, ondan 263,38 manat ödəniş edilmiş, 503,02 manat zərər ödənilməmiş qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

İddiaçı İB Cavabdeh qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 503,62 (beş yüz üç manat 62 qəpik) manat məbləğində zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 533,62 (beş yüz otuz üç manat 62 qəpik) manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********000000, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli AK-2/22046 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” müqaviləsinə əsasən, İddiaçı İB tərəfindən abonentə (cavabdehə) məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02090 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən sayğacsız qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 305,60 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat olmaqla, cəmi 766,40 manat məbləğində maddi zərərin iddiaçıya dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 263,38 manat məbləğində ödəniş etmişdir (766,40 – 263,38 = 503,02). Beləliklə, həmin zərərdən 503,02 manat məbləğində zərər hissəsi ödənilməmiş qalmışdır. Belə ki, saldo məlumata əsasən, 2020-ci ilin aprel-dekabr ayları üzrə 4,70 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 89,58 manat, 2022-ci ilin yanvar-fevral ayları üzrə 43,32 manat sərfiyyat olmuşdur (4,70 + 89,58 + 43,32 = 137,60 manat). 2020-ci ilin aprel ayından 2022-ci ilin fevral ayına qədər cavabdeh 137 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 0,60 qəpik borcu qalmışdır (137,60 – 137 = 0,60 manat). Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 503,62 (beş yüz üç manat 62 qəpik) manat təşkil etməkdədir (503,02 + 0,60 = 503,62 manat). Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün İddiaçı İB tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1805/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 0,60 (altmış qəpik) manat pul tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun İddiaçı İB-nə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat İddiaçı İBdən alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 560-cı maddəsi, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cu bəndi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8, 4.9-cu maddələrinə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 10/2205 saylı ekspert rəyinə əsasən, İddiaçı İBnin Cavabdeh tərəfindən müqavilənin və “təbii qazdan istifadə qaydaları”nın tələblərinin pozularaq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmasına görə hesablanmış 503,02 manat maddi zərərin cavabdehdən tutulmasına dair hissədə iddia tələbi təmin edilməməlidir. Bununla belə Cavabdeh müqavilə ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 0,60 (altmış qəpik) manat debitor borcu iddiaçıya ödəməlidir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı İB (vəkili-nümayəndəsi Nümayəndə)) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək iddia tələbinin təmin olunmayan hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi Cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə İddiaçıya ziyan vurmuşdur (buna dair fotoşəkil i ş materiallarında mövcuddur). Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir.

Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları

İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin “aktlar üzrə hesablanmış borc məbləğinin təmin edilməmiş” hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq Mülki Məcəllə:

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

4.2. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.6. qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AK- 2/22046 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı” müqaviləsinə əsasən, İddiaçı İB tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02090 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarından görünür ki, Birinci instansiya məhkəməsi müəyyən etdiyi kimi iddiaya əsasən qeyd edilən müqavilənin və“təbii qazdan istifadə qaydaları”nın tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh sayğacsız qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz olaraq istidafə etməsi faktları aşkar olunmuş və həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 305,60 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat olmaqla, cəmi 766,40 manat məbləğində maddi zərərin iddiaçıya dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 263,38 manat məbləğində ödəniş etmişdir (766,40 – 263,38 = 503,02). Beləliklə, həmin zərərdən 503,02 manat məbləğində zərər hissəsi ödənilməmiş qalmışdır. Belə ki, saldo məlumata əsasən, 2020-ci ilin aprel-dekabr ayları üzrə 4,70 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 89,58 manat, 2022-ci ilin yanvar-fevral ayları üzrə 43,32 manat sərfiyyat olmuşdur (4,70 + 89,58 + 43,32 = 137,60 manat). 2020-ci ilin aprel ayından 2022-ci ilin fevral ayına qədər cavabdeh 137 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 0,60 qəpik borcu qalmışdır (137,60 – 137 = 0,60 manat). Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 503,62 (beş yüz üç manat 62 qəpik) manat təşkil etməkdədir (503,02 + 0,60 = 503,62 manat). İddiaçı yuxarıda qeyd edilən aktları imzalamaqdan imtina etmişdir. Məhkəmə tərəfindən mübahisənin hərtərəfli tədqiq edilməsi məqsədilə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 10/2205 saylı ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə, İddiaçı İB-yə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəf məhkəməyə fotoşəkillər təqdim etmiş və birinci instansiya məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, iddiaçı tərəf həmin şəkillərin məhz cavabdehə məxsus ünvanda yerləşən qaz xətti olmasına və nə vaxt çəkilməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin araşdırılmış halları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 10/2205 saylı ekspert rəyinə əsasən İddiaçı İB-nin Cavabdeh tərəfindən müqavilənin və “təbii qazdan istifadə qaydaları”nın tələblərinin pozularaq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmasına görə hesablanmış 503,02 manat maddi zərərin cavabdehdən tutulmasına dair hissədə iddia tələbinin təmin edilməməsinə, eləcə də cavabdehdən müqavilə üzrə yaranmış 0,60 (altmış qəpik) manat debitor borcunun tutularaq iddiaçıya ödənilməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı İB-nin Cavabdeh xx.xx.2017-ci il tarixli AK-2/22046 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” müqaviləsi üzrə faktiki istifadə edilmiş dəyəri ödənilməmiş 0,60 (altmış qəpik) manat debitor borcuna münasibətdə işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir ki, Cavabdeh müqavilə ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1805/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar