Məhkəmə qərarları › İş №2(103)-7184/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7184/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7184/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3756/2022 saylı xx.xx.2022ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda əsassız və qanunsuz olaraq qeyd olunan borc məbləğinin silinməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aiddiyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən aidiyyat qaydaları pozulmuşdur. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmçinin “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3cü maddə). İş matriallarından göründüyü ki, silinməsi tələb edilən məbləğ üzrə kredit müqaviləsi Cavabdeh ASC ilə bağlanmışdır. İş üzrə cavabdeh LPO Cavabdeh ASC-nin faktiki ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16-dır. Cavabdeh LPO Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev məhəllə 1130-dur. Beləliklə iddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin 3-cü və 4-cü fəslinin müddəaları pozulmaqla iddia ərizəsi verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sözügedən mülki iş üzrə aidiyyat qaydaları pozulduğu üçün işin baxılması Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi labüddür. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3756/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi şikayət verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin aidiyyatı üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, silinməsi tələb olunan məbləğ üzrə kredit müqaviləsi Cavabdeh ASC ilə bağlanmışdır. LPO Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev, məhəllə 1130, faktiki ünvanı isə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 16-dır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3756/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsalandırmışdır ki, icraatı istisna edilən iddialar müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə minmiş banklara aiddir. Cavabdeh ASC-nin də müflis elan olunduğu üçün hazırda ləğv prosesindədir, iddia tələbi isə Cavabdeh ASC-yə qarşı yox, məhz onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmışdır. Fondun hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40-dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına əsasən “... Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.” “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.” “Banklar haqqında” Qanunun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. “Banklar haqqında” Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, icraatı istisna edilən iddialar müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə minmiş banklara aiddir. Silinməsi tələb olunan məbləğ üzrə kredit müqaviləsinin tərəfi olan Cavabdeh ASC müflis elan olunmaqla ləğv prosesində olmaqla hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev, məhəllə 1130, faktiki ünvanı isə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 16 olsa da, iddiaçı hazırkı iddia isə Cavabdeh ASC-yə qarşı yox, məhz onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmışdır. Göründüyü kimi cavabdehin ünvanının olduğu yer Bakı şəhəri, Nəsimi rayonu olduğundan hazırki mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3756/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar