Məhkəmə qərarları › İş №2(103)-7186/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7186/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7186/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nə və üçüncü şəxs "xxxx" BOKT MMC-nə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadından iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Suraxanı rayon İcra Şöbəsinə və qeyrisinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 18.05.2018-ci il tarixli 2(103)-3210/2018 nömrəli qətnaməsi üzrə verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərəqəsi əsasında Suraxanı rayon icra şöbəsinin sifarişi üzrə "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilinin satışının təşkili ilə bağlı keçirilmiş hərracın, o cümlədən hərracın nəticələri barədə protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və üçüncü şəxs "xxxx" BOKT MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi Nümayəndə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 709/2021 nömrəli, 28.04.2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və işin mahiyyəti üzrə baxılmasının təyin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Suraxanı rayon İcra Şöbəsinin, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nin və üçüncü şəxs "xxxx" BOKT MMC-nin səlahiyyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 28.04.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçının nümayəndəsi-vəkili X1 SMS bildiriş göndərilmişdir. İş üzrə iddiaçı tərəf məhkəmə iclasına gəlməməsinin üzrlü hesab olunması barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır İş materiallarından görünür ki, tərəflər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda Kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-709/2021 nömrəli, 28.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-709/2021 nömrəli, 28.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar