Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7187/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1993/2021 nömrəli işi üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6476/2018 saylı, 07.11.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 13.03.2012-ci il təvəllüdlü X1 və 10.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi və sabit pul məbləğində alimentin hazırkı iş üzrə qəbul ediləcək qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması iddia ərizəsinin verildiyi tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6476/2018 saylı işi üzrə, 07.11.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh uşaqları - 13.03.2012- ci il təvəllüdlü X1 və 10.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (iş.səh.9). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1993/2021 nömrəli işi üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6476/2018 saylı, 07.11.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 13.03.2012-ci il təvəllüdlü X1 və 10.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Suraxanı rayon məhkəməsinin 21.04.2021cu il tarixli, 2(010 )-1993 /2021 saylı qətnaməsini ləğv edərək 2 uşağa görə əmək haqqımın 3\1 hissəsinin aliment tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, işlədiyi nüəssisədə aylıq əmək haqqım 700 manatdan bir qədər artıqdır. Onun başqa yerdəndə heç bir gəliri yoxdur.Üstəiik ailə qurmuş və himayəsində digər bir övladı və həyat yoldaşı vardır. Ailə Məcəlləsinin 76 -cı maddəsinin tələbinə görə 2 uşağa görə valideynin qazancının 3-də bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin yenidən nikaha daxil olduğunu, həmin nikahdan da övladının dünyaya gəldiyini, müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini, məbləğ azaldılmasa belə hər uşağa görə müəyyən edilmiş aliment məbləğinin 154 manatın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Apellyatorun tələbi və dəlilləri və digər nikahdan övladına dair eyni vəzifələrin daşıması öz rifahının qaldırılması məcrasında daha yüksək səylərinin göstərilməsini tələb edir. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Diqqətə çatdırılmalıdır ki, hazırki əmək haqqı məbləğinin 766,48 manat olduğunu və bunun 1/3 hissəsinin 253 manat radələrində olan pul vəsaiti təşkil edir. Qüvvədə olan qətnamə ilə isə iki uşağa görə 308 manat aliment məbləğinin mübahisələndirmədiyi və aliment məbləğinin azaldılması barədə qarşılıqlı tələbin mövcud olmadığı halda apellyatorun dəlillərinin müzakirəsi mülki prosessual qanunvericilyin tələbləri baxımından yolverilməzdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1993/2021 nömrəli işi üzrə 21 aprel 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7187/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7187/2021
26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver