Məhkəmə qərarları › İş №2(103)-7188/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7188/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7188/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (iş № 2(008)- 16511/2016) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş uşağın – xx.xx.2014-ci il təvəllüdlü Cəlilin yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay cavabdehdən onun xeyrinə tutulan 120 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi, növbəti illər ərzində isə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə yetkinlik yaşına çatmayan şəxslər üçün müəyyən olunacaq yaşayış minimumu həddində alimentin, mediasiya xərci olaraq ödənilmiş 50 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş 120 manat məbləğində aliment uşağın saxlanılması üçün artıq kifayət etmir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-16511/2016 nömrəli qətnaməsi əsasında tutulan cavabdehdən iddiaçının xeyrinə alimentin məbləğinin artırılmasını və 220 manat sabit pul məbləğində müəyyən edilməsini, artırılmış məbləğdə alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulmasını, mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin olunmamasını qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyil. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Buna görə də, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülərək iddia qismən təmin edilməlidir. Qalan hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməsi hissəsində dəyişdirilərək, tutulmalı olan alimentin miqdarının 150 manat müəyyən edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ayda 220 manat məbləğində aliment ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, cavabdeh “X3 Ticarət Limanında” mühafizəçi işləyir. Aylıq əmək haqqısı 500 manatdır. Lakin Rayon Məhkəməsi cavabdehin maddi vəziyyətini nəzərə almamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat

10. İddia tələbi qismən təmin olunsa da iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir. Bundan başqa apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh ondan iddiaçının xeyrinə tutulan alimentin məbləğinin artırılması barədə Rayon Məhkəməsinin mövqeyini də mübahisələndirmir. O, artırılmalı olan alimentin 220 manat məbləğində müəyyən edilməsindən narazıdır və təklif edir ki, alimenti artırılaraq 150 manat məbləğində müəyyən edilsin.

12. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan bəlli olur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hazırki iş üzrə tərəflər arasındakı nikahın pozulması, bu nikahından doğulmuş uşağın – xx.xx.2014-cü il təvəllüdlü Cəlilin anasının, hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay cavabdehdən iddiaçının xeyrinə tutulan 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

16. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq 220 manat məbləğində müəyyən edilməsini xahiş edir.

17. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə təmin etmişdir

18. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun aylıq gəlirinin aşağı olması səbəbindən o, 220 manat məbləğində aliment ödəyə bilmir. Alimentin miqdarı 150 manat müəyyən edilməlidir.

19. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində cavabdehin gəlir məlumatlarından çıxarışdan müəyyən edilir ki, cavabdeh, "xxxx" Açıq Səhmdar Cəmiyyətində ərazi gözətçisi vəzifəsində çalışır və aylıq əmək haqqısı 590 manat təşkil edir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.

22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabehdən tutulmalı olan alimentin miqdarının 220 manat müəyyən edilməsi uşağın mənafeyinə uyğundur.

23. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi aylıq gəlirinin aşağı olması barədə dəlili cavabdehi uşağını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Buna görə də, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

28. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə (220 – 120=) 100 manat x 12 ay = 1.200 manat) 5.000 manatdan azdır.

29. İş üzrə iddiaçı da hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki hazırki apellyasiya baxışı çərçivəsində həll edilmiş məsələ iddiaçının maraqlarına toxunmur.

30. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar