Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-719/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail рayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, xx xxxxxxxx 2020-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin fevral və mart aylarında bir neçə dəfəyə Cavabdeh ümumilikdə 5000 (beş min) ABŞ dolları və 34.000 (otuz dörd min) manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh 3 aya, daha dəqiq isə 2017-ci ilin iyul ayının 1-nə qədər bu məbləğləri qaytaracağına söz vermiş və buna dair yazılı qeydlər imzalayaraq İddiaçı borcunun olduğunu təsdiq etmişdir. Bu məbləğdən cavabdeh cəmi 200 (iki yüz) manat qaytarmış, qalan məbləği isə bu günə qədər ödəməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddiaçı ilə 5 il bundan əvvəl tanış olmuşlar. İddiaçı, o zaman parfumeriya şirkətində işləyirmiş, işdən azad olduqdan sonra onunla işləməsini təklif etmişdir. İddiaçı ona faizə pul verir, 20-30 günə isə pulu ona qaytarırmış. Gündəlik 200-300 manat pul verirmiş, beləliklə uzağı 1 aya borcu qurtarırmışdır. Borc götürdükdə ikisi də dəftərə qeyd edirmişlər. Aralarında kağız imzalayır, ödədikdən sonra isə cırıb atırmışlar. Götürdüyü bütün pulları qaytarmışdır, lakin 7000 manat borcu qalıb.O da ki, övladının xəstəliyi ilə əlaqədar verə bilməmişdir. Sonradan iddiaçı ailə qurmuşdur.Bir gün iddiaçının yoldaşı qarşısına çıxıb ona (Rəna xanıma) borclu olduğunu deyib. Halbuki, 7000 manatdan başqa bütün borcu faizi ilə qaytarmışdır. Əgər qaytarmasa idi, iddiaçı ona yenidən borc pul verməzdi. Bakı şəhəri Səbail рayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, xx xxxxxxxx 2020-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh 7000 (yeddi min) manat pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı qız apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qətnamə qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuş və iş üçün əhəmiyyəti olan bütün faktiki hallar tam şəkildə araşdırılmamışdır. Məhz bu səbəbdən həmin qətnaməni ədalətli və qanuni hesab etmirlər. Belə ki, məhkəmə yalnız Cavabdeh izahatına istinad edərək, belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya 7000 manat borcu vardır. Qətnamənin 3-cü səhifəsinin 6 və 7-ci abzaslarında göstərilmişdir ki, «Məhkəmə hesab edir ki, Cavabdeh istər Xətai rayon Polis İdarəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçıya hazırda 7000 manat məbləğində borcunun olmasını təsdiq etmişdir. Cavabdehin iddiaçıya 7000 manat məbləğində borcunun olması öz təsdiqini tapdığından həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir». İlk növbədə məhkəmə nəzərə almamışdır ki, Cavabdeh əvvəllər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum olunmuşdur və bu hal iş materiallarında olan cavabdeh tərəfindən polisdə verilmiş izahatı ilə də təsdiq olunur. İş materiallarında cavabdehin xətti ilə yazılmış 4 ədəd yazılı qeyd vardır. Həmin qeydlərdə cavabdehin iddiaçıdan ümumilikdə 21000 (iyirmi bir min) manat və 5000 beş min) ABŞ dolları məbləğində pul alması əks edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclas protokolundan da görünür ki, cavabdeh öz izahatında bu məbləğləri borc kimi aldığını və hətta bu qeydlərdən əlavə 12.000 (on iki min) manatlıq da bir qəbzin olduğunu, işdə olan qeydlərdən 3-ün onun tərəfindən imzalandığını bildirmişdir. Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləliklə qanunvericiliyin tələblərindən görünür ki, borc sənədi iddiaçıda olduğundan və cavabdeh borc vəsaitlərinin ödənilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyindən məhkəmənin gəldiyi qənaət tamami ilə absurd və qanunsuzdur. Cavabdeh tərəf məhkəməyə sübut qismində yalnız bir nəfər şahid dəvət etmişdir. Həmin şəxs cavabdehin yaxın dostu olmaqla yanaşı cavabdehin iddiaçıdan ümumilikdə nə qədər pul alıb və nə qədər pul verməsi barədə məlumatlara malik olmamışdır. Bu hal tərəflərindən protokola dair verilmiş qeydləri qismən də olsa təsdiq edən Səbail rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə də öz təsdiqini tapır. İddia tələblərinin “gecikdirilmiş vaxt (2 il 8 ay) üçün illik 5 faiz olmaqla 666 ABŞ dolları və 4506 manat məbləğində pulun tutulması” hissəsinə gəlincə isə qeyd etmək istəyir ki, bu hissədə məhkəmə Mülki Məcəllənin 445 və 449-cu maddəsini düzgün şərh etməmiş və Konstitusiya Məhkəməsinin bu normalarla bağlı olan Qərarlarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəflər arasında verilmiş borc üzrə faizlərin ödənilməsi ilə bağlı razılaşma olmadığını və cavabdehin borca götürülmüş puldan faydalanması ilə bağlı iddia tərəfinin sübut təqdim etmədiyini əsas gətirərək, bu hissədə iddianı təmin etməmişdir. Halbuki, “Azərbaycan Respublikasının 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarında Mülki Məcəllənin 449-cu maddəsində borcun gecikdirilməsinə görə faiz tutulmasının bir neçə halının müyyənləşdiyi qeyd olunmuşdur: “Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama...... .... Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.» Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə yalnış olaraq belə qənaətə gəlmişdir ki, iddia tərəfi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etmişdir. Halbuki, iddia ərizəsinə diqqət yetirilən zaman iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci mədəsinə istinad edildiyi tam şəkildə görünür.Odur ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini qismən, “iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh pul götürüb, lakin geri ödəyib. Ödədiyi üçün də iddiaçı yenidən borc verib. Eyni zamanda qeyd etmişdir ki, əlyazmalar müqavilə deyil, notarial qaydada təsdiq olunmayıb, qanunvericiliyə uyğun deyil.Müqavilə birtərəfli yox, iki tərəfli iradə ifadəsidir.iş materiallarında olan bir hissəsi cırılmış qəbzi isə ümumiyyətlə qəbul etmirlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 mənzil 1 ünvanında qeydiyyatdadır. Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən edilmişdir ki, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 2017-ci ilin fevral ayında şəxsi biznes qurulması məqsədilə pul vəsaiti aldığını, əvvəl aldığı pulu ödədikdən sonra yenidən pul aldığını, əlavə faiz hesablandığını, bu günə 7000 manat borcu olduğunu bildirmişdir. Belə ki, iş materiallarında oan xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 3000 dollar və 2000 manat borc almış və borcunu xx.xx.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 13000 manat məbləğində 90 gün müddətinə borc pul almışdır. İş materiallarında oan yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 2000 dolları borc almış və borcunu xx.xx.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. İş materiallarında oan xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 6000 (pul vahidi bilinmir) borc almış və borcunu 60 gün müddətinə 100 (pul vahidi bilinmir) tarixədək qaytaracağına söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Xətai RPİnin 37-ci PB-də verilmiş izahatından görünür ki, o, İddiaçı 2017-ci ilin fevral ayından etibarən saça qulluq vasitələrinin satışı ilə məşğul olduğundan tanıyır.Münasibətləri yaxşı olduğundan şəxsi biznesi üçün ona borca pul verirdi. Əvvəlki borcu qaytarmaq və əlavə faiz vermək şərti ilə pul verirdi. 25.500 AZN və 3500 ABŞ dolları almış və həmin məbləğlərdən 18500 AZN və 3500 ABŞ dolları, faiz qismində isə 8500 AZN və 1500 ABŞ dolları ödədiyini bildirmişdir. Bu günə qalıq borcu 7000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan i/v 10, 11, 12 --Cavabdeh tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 13.000,0 manat məbləğində 90 gün müddətinə, 2000 ABŞ dolları xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən 3000 dollar və 2000 manat borc almış və borcunu xx.xx.2017-ci il tarixədək qaytaracağına söz vermişdir.Birinci instansiya məhkəməsində cavabdeh və apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili cavabdehin pul götürdüyünü, lakin geri ödədiyini, odədiyi üçün də iddiaçı yenidən cavabdehə borc verdiyini, eyni zamanda qeyd olunan əlyazmalar müqavilə olmadığını, notarial qaydada təsdiq olunmadığını, qanunvericiliyə uyğun olmadığını, iş materiallarının 13-cü vərəqində olan bir hissəsi cırılmış qəbzi isə ümumiyyətlə qəbul etmədiklərini bildirmişlər, bundan başqa heç bir arqumentlər irəli sürməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləliklə qanunvericiliyin tələblərindən görünür ki, borc sənədi iddiaçıda olduğundan və cavabdeh borc vəsaitlərinin ödənilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyindən iş materiallarında olan i/v 10, 11, 12 --Cavabdeh tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən 13.000,0 manat məbləğində, 2000 ABŞ dolları xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə, xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən 3000 ABŞ dolları və 2000 manat borcun cavabdeh tərəfindən qaytarılması öhdəliyi yaranmış və iddiaçının tələbi göstərilən hissədə -yəni 13.000,0 manat +2000,0 manat və 2000 ABŞ dolları + 3000,0 ABŞ dolları, cəmi 15.000,0 manat və 5000,0 ABŞ dolları hissədə əsaslıdır.(İddiaçının bildirdiyi cavabdehin borcdan ödəmiş olduğu 200 manatın həmin qəbzlər üzrə borcdan ödənilməsi müəyyən və sübut olunmur). İş materiallarının 13-cü vərəqində olan bir hissəsi cırılmış qəbzi isə cavabdeh ümumiyyətlə qəbul etmədiyindən, həmin qəbzdə 6000 yazılsa da hansı valyutanı ifadə etdiyini müəyyən etmək mümkün olmadığından, beləliklə də həmin qəbzə əsasən hansı məbləğdə borc verildiyini iddiaçı sübut edə bilmədiyindən iddia bu hissədə əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Kollegiya hesab edir ki, iddiaçı cəmi 15.000,0 manat və 5000,0 ABŞ dolları borcun tutulması hissəsində haqlı olduğundan, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini də tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda, Kollegiya müəyyən edir ki, cavabdeh xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən 13.000,0 manat məbləğində borcun ödənilməsini gecikdirdiyi üçün 1.754,0 manat (borc xx.xx.2017-ci il tarixdə qaytarılmalı olması barədə öhdəlik götürdüyündən 186 gün+360gün+360 gün+66 gün= 972 gün.; 13000 X 5 % : 360 X 972 =1754,0 manat), 2000 ABŞ dolları məbləğində borcun ödənilməsini gecikdirdiyi üçün 295 ABŞ dolları (borc xx.xx.2017-ci il tarixədək qaytarılmalı olması barədə öhdəlik götürdüyündən 277gün+360 gün+360 gün+66 gün=1063 gün ; 2000 ABŞ dolları x 5% :360 x1063=295 ABŞ dolları), xx.xx.2017-ci il tarixli yazılı qəbzə əsasən 3000 ABŞ dolları və 2000 manat borcunu xx.xx.2017-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürdüyündən gecikdirilmiş vaxt üçün 444 ABŞ dolları və 296 manat (282 gün+360 gün+360 gün+66 gün=1068 gün; 3000 ABŞ dolları x 5%:360x1068=444 ABŞ dolları); 2000 manat x 5%: 360x 1068=296 manat) iddiaçıya ödənilməsi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh cəmi 15.000,0 manat və 5000,0 ABŞ dolları, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 13.000,0 manat məbləğində borcun ödənilməsini gecikdirdiyi üçün 1.754,0 manat, 2000 ABŞ dolları məbləğində borcun ödənilməsini gecikdirdiyi üçün 295 ABŞ dolları, 3000 ABŞ dolları və 2000 manat borcun ödənilməsini gecikdirdiyi üçün 444 ABŞ dolları və 296 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail рayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, xx xxxxxxxx 2020cı il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh ümumilikdə 17.050,0 manat (cəmi 15.000,0 manat borc və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla cəmi 2050,0 manat) və ümumilikdə 5.739,0 ABŞ dolları (cəmi 5000,0 ABŞ dolları borc və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla cəmi 739 ABŞ dolları) ödəniş günü manatla ifadə olunan məzənnə ilə tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-719/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-719/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver