Məhkəmə qərarları › İş №2(103)-7190/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7190/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7190/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyul 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi (atası) X2 və iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin tələb hüququnu qəbul etmiş (iddiaçının prosessual hüquq varisi) İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankının adından cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mobil qaydada bağlanmış "xxxx" üzrə xx.xx.2025-ci il tarixə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 137,27 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 23,64 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,01 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı Bank ilə onun arasında xx.xx.2023-cü il tarixdə mobil qaydada bağlanmış AGİD**********9 saylı “Kredit müqaviləsinə” əsasən Bankdan 35 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə illik 27,6 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit almış, bununla bağlı Bank tərəfindən cavabdehə “Leo bank” kredit kartı verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş, Banka olan əsas borcu və əsas borca hesablanmış faiz borcunu ödəməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçı Banka yuxarıda qeyd edilən növlərdə və məbləğlərdə borcu yaranmışdır. Borc ödənilmədiyindən, Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq cavabdehə 23,64 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bankı həmin məbləğlərin ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərib, borcun ödənilməsini tələb etsə də, cavabdeh yaranmış borcu Banka ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 32,01 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

3. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla Bank arasında mobil qaydada bağlanmış “Kredit müqaviləsinə” əsasən Bankdan kredit alsa və əsas kredit borcunun, kredit borcuna hesablanmış faiz borcunu müqavilənin şərtlərinə əsasən hissə-hissə və aybaay ödəməli olduğu halda bunu etməmiş, "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Öhdəliyin icra edilməməsinə görə cavabdeh iddiaçı Bank qarşısında mülki məsuliyyət daşıyır və öhdəliyi məcburi qaydada icra etməli, Banka olan borcu qaytarmalıdır. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, həmin "xxxx" üzrə cavabdehin xx.xx.2025-ci il tarixə yaranmış əsas kredit borcu 1.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcu 137,27 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) borcu isə 23,64 manat məbləğindədir. Buna görə də, həmin məbləğlər və iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,01 manat məbləğində pul cavabdehdən tutularaq Banka ödənilməlidir. c) apellyasiya şikayəti haqqında məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh, iddiaçı Bankdan kredit almaq niyyətində olmamışdır. O, Banka müraciət edərək, bank kartı sifariş etmişdir ki, həmin karta pul qoyub, rahat qaydada alışveriş edə bilsin. Kartı aldıqdan xeyli müddət keçdikdən sonra cavabdeh, “Leo bank” adlı İnstagram səhifəsində uduş elanına daxil olmuş və ertəsi gün onun kartından 245 manat vəsait silinmişdir. Cavabdeh məsələyə aydınlıq gətirilməsi üçün Bankla əlaqə saxladıqda ona bildirilmişdir ki, onun adına 1.000 manat kredit açılıb və həmin kredit məbləğinin cavabdeh tərəfindən götürülüb-götürülməməsi araşdırılmalıdır. Bankın əməkdaşları tərəfindən cavabdehin adına olan kart bloklanmış və cavabdehə hadisə ilə bağlı təcili olaraq müvafiq polis şöbəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh qeyd edir ki, onunla Bank arasında "xxxx" bağlanmamış, o bu kimi müqaviləni imzalamamışdır Lakin işə baxmış Rayon Məhkəməsi işin bu vacib halını araşdırmadan, cavabdehin polis orqanına etdiyi müraciətləri ilə bağlı materialları tələb etmədən, yalnız Bankın təqdim etdiyi sənədlərə əsaslanaraq iddianı təmin etmişdir. d) işə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması haqqında məlumat

7. Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla apellyasiya şikayəti üzrə apelyasiyanı mümkün hesab etmiş və işə yazılı icraat qaydasında (iş üzrə tərəflərin iştirakı olmadan) baxılmasını qərara almışdır. Lakin işə yazılı icraat qaydasında baxılan zaman Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2026-cı il tarixli qərardadla apellyasiya baxışının şifahi qaydada (iş üzrə tərəflərin iştirakı ilə) baxılmasını qərara almışdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh və apellyasiya baxışının növbəti iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (atası) Yalçın Hüseynov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişlər.

9. İş üzrə iddiaçı olmuş Bankın nümayəndəsi vəsatətlə Məhkəməyə müraciət edərək, Bankı, Bankın prosessual hüquq varisi – "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bank ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Tələb hüququnun satılması haqqında” 01/22 UB saylı müqavilə (müqavilə vəsatətə əlavə edilmişdir) əsasında Bankın bağladığı bir neçə "xxxx", o cümlədən hazırkı iş üzrə cavabdeh ilə bağladığı "xxxx" üzrə Bankın tələbetmə hüquqları MMC-yə keçmişdir.

10. Vəsatət əsaslı olduğundan Məhkəmə tərəfindən təmin edilmiş, "xxxx" KB ASC prosessual hüquq varislə - "xxxx" MMC ilə əvəz edilmiş, Bank isə iş üzrə üçüncü şəxs kimi saxlanılmışdır.

11. MMC-nin nümayəndəsi İlhamə Həsənova apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, borclu olan cavabdeh apellyasiya şikayətində qeyd edir ki, o, Bankdan kredit almaq niyyətində olmamışdır. O, Banka müraciət edərək, bank kartı sifariş etmişdir ki, həmin karta pul qoyub, rahat qaydada alış-veriş edə bilsin. Amma hazırda məlum olur ki, həmin kart Bank tərəfindən “kredit kartı” kimi rəsmiləşdirlmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Cavabdehin bu dəlili əsassızdır. Belə ki, cavabdeh ilə Bank arasında xx.xx.2023-cü il tarixdə mobil (distant) qaydada “Kredit müqaviləsinin” bağlanmasına əsasan cavabdehin şəxsən imzaladığı xx.xx.2022-ci il tarixli “Anket və imza nümunəsi” adlı ərizəsi olmuşdur. Həmin ərizədə və ərizəyə əlavə edilmiş “Bank xidmətlərinin təqdim edilməsinə dair” ümumi ofertada (təklifdə) aydın tərzdə qeyd edilmişdir ki, Bank tərəfindən cavabdehə ayrılan məbləğ “kredit məbləğidir”. Bu hal həmçinin Məhkəməyə təqdim edilmiş “Hesabdan çıxarışdan” da görünür. Belə ki, “Hesabdan çıxarışda” Bank tərəfindən cavabdehə 1.000 manat məbləğində pulun verilməsinin təyinatı “kredit” olaraq qeyd edilmişdir. Belə olan halda qəbul edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili əsassızıdır. Apellyasiya şikayətində cavabdeh daha sonra bildirir ki, Bank tərəfindən ona verilmiş “Leo bank” kartından pul oğurlanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bununla bağlı qeyd edilməlidir ki, Bank tərəfindən cavabdehə verilmiş “Leo bank” kredit kartı vasitəsi ilə hər hansı pul əməliyyatının həyata keçirilməsi mühafizə kodunun tətbiqi ilə həyata keçirilir. Həmin kod sirli saxlanılmalı və kartın istifadəçisindən başqa hər hansı şəxs onu bilməməlidir. Kod tətbiq edilmədən kart vasitəsi ilə pul əməliyyatının həyata keçirilməsi mümkün deyil. Bu kimi əməliyyat həyata keçirilibsə, deməli cavabdeh həmin kodu kiməsə bildirilib və ya hər hansı bir şəxs cavabdehin diqqətsizliyi nəticəsində öyrənib. Hər bir halda bu kimi halların baş verməsinə görə kreditor olan Bank deyil, borclu olan cavabdeh özü məsuliyyət daşıyır. Bu, cavabdehin şəxsən imzaladığı xx.xx.2022-ci il tarixli “Anket və imza nümunəsi” adlı ərizəsinə əlavə edilmiş “Bank xidmətlərinin təqdim edilməsinə dair” ümumi ofertada (təklifdə) “Müştərinin vəzifələri” adlı bəndində aydın tərzdə qeyd edilmişdir. Belə olan halda qəbul edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili əsassızıdır.

12. İşə üçüncü şəxs qismində Məhkəmə tərəfindən cəlb edilmiş "xxxx" KB ASC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

14. Belə ki, içdə olan sənədlərdən görünür ki, cavabdeh, onunla "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixdə mobil qaydada bağlanmış "xxxx" əsasən Bankdan 35 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə illik 27,6 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit almış, bununla bağlı Bank tərəfindən cavabdehə “Leo bank” kredit kartı verilmişdir.

15. “Leobankın” rəsmi internet saytından görünür ki, “Leobank” "xxxx" KB ASC-nin təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir. “Leobank” “mobile-only” (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır.

16. Cavabdeh bildirir ki, o, Bankdan kredit almaq niyyətində olmamışdır. O, Banka müraciət edərək, bank kartı sifariş etmişdir ki, həmin karta pul qoyub, rahat qaydada alışveriş edə bilsin. Amma hazırda məlum olur ki, həmin kart Bank tərəfindən “kredit kartı” kimi rəsmiləşdirlmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır.

17. Cavabdehin qeyd etdiyi bu dəlilin əsaslılığı ilə bağlı Məhkəmə iş materiallarına əsasən bildirir ki, Banka müraciət etmiş cavabdehin şəxsən imzaladığı (bu hal apellyasiya baxışı zamanı cavabdeh tərəfindən etiraf edildi) xx.xx.2022-ci il tarixli “Anket və imza nümunəsi” adlı ərizəsindən görünür ki, cavabdeh şəxsi istehlak məqsədləri üçün ona kredit ayrılmasını xahiş etmişdir.

18. Həmin ərizədə və ərizəyə əlavə edilmiş “Bank xidmətlərinin təqdim edilməsinə dair” ümumi ofertada (təklifdə) aydın tərzdə qeyd edilmişdir ki, Bank tərəfindən cavabdehə ayrılan məbləğ “kredit məbləğidir”.

19. Cavabdeh həmin ərizənin mətni və (və ya) təklifin şərtləri ilə tanış olmayıbsa belə, bu hal Bankın ziyanına şərh edilə bilməz. Çünki Bank mətni və şərləri ilə tanış olmaq üçün həmin sənədləri cavabdehə təqdim etmişdir. Onlarla tanış olub-olmama isə cavabdehin vəzifəsi deyil, hüququ olmuşdur.

20. MMC tərəfindən Məhkəməyə təqdim edilmiş “Hesabdan çıxarışdan” da görünür ki, Bank tərəfindən cavabdehə 1.000 manat məbləğində pulun verilməsinin təyinatı hesabatda “kredit” olaraq qeyd edilmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (maddə 405.2.). Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır (maddə 407.1.).

22. Hazırkı işdə olan sənədlərdən, o cümlədən “Hesabdan çıxarışdan” görünür və cavabdeh tərəfində də etiraf edilir ki, o, Bank tərəfindən ona verilmiş “Leo bank” kredit kartını qəbul etmiş və uzun müddət ərzində ondan istifadə etmişdir. Başqa sözlə cavabdeh bilirdi və ya bilməli idi ki, onunla Bank arasında mobil (distant) qaydada bağlanmış müqavilə "xxxx" idi.

23. Belə olan halda qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

24. İşin hallarından müəyyən edilir ki, cavabdeh, onunla Bank arasında bağlanmış həmin "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan əsas borcu və əsas borca hesablanmış faiz borcunu ödəməmişdir.

25. Bankın təqdim etdiyi hesablamadan görünür ki, xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçı Banka 1.000 manat məbləğində əsas kredit borcu, 137,27 manat məbləğində faiz borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi, yəni borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği isə 23,64 manat təşkil edir.

26. Bank tərəfindən cavabdehə ünvanlanmış və işdə materiallarında olan məktubdan görünür ki, Bank həmin borcların ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcu ödəməmişdir.

27. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

28. Cavabdeh, apellyasiya şikayətində daha sonra bildirir ki, Bank tərəfindən ona verilmiş “Leo bank” kartından pul oğurlanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

29. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Bank tərəfindən cavabdehə verilmiş kartı vasitəsi ilə hər hansı pul əməliyyatının həyata keçirilməsi mühafizə kodunun tətbiqi ilə həyata keçirilir. Həmin kod sirli saxlanılmalı və kartın istifadəçisindən başqa hər hansı şəxs onu bilməməlidir. Kod tətbiq edilmədən kart vasitəsi ilə pul əməliyyatının həyata keçirilməsi mümkün deyil. Bu kimi əməliyyat həyata keçirilibsə, deməli cavabdeh həmin kodu kiməsə bildirilib və ya hər hansı bir şəxs cavabdehin diqqətsizliyi nəticəsində öyrənib. Hər bir halda bu kimi halların baş verməsinə görə kreditor olan Bank deyil, borclu olan cavabdeh özü məsuliyyət daşıyır. Belə ki, cavabdehin şəxsən imzaladığı xx.xx.2022-ci il tarixli “Anket və imza nümunəsi” adlı ərizəsinə əlavə edilmiş “Bank xidmətlərinin təqdim edilməsinə dair” ümumi ofertada (təklifdə) “Müştərinin vəzifələri” adlı bəndində aydın tərzdə qeyd edilmişdir.

30. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi bu dəlil iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun kreditor tərəfindən borcalana verilməsidir. İşin hallarında görünür ki, kreditor olan Bank onunla cavabdeh arasında bağlanmış "xxxx" üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş pulu (hazırkı halda kredit məbləği kart vasitəsi ilə) cavabdehə vermişdir. Odur ki, həmin pul məbləği, Bank tərəfindən borcalana – cavabdehə verilən andan cavabdehin mülkiyyətində keçmişdir. Belə olan halda həmin pulun cavabdeh tərəfindən istənilən (nağd və ya nağdsiz) formada başqa şəxsə verilməsi, o cümlədən nağdsız şəkildə olan pulu əlçatan edən mühafizə kodunun bilərəkdən və ya ehtiyatsızlıqdan başqa şəxsə (şəxslərə) bildirilməsi həmin şəxsi (şəxsləri) Bank qarşısında “borclu şəxsə” və ya Banka münasibətdə “zərər vuran şəxsə” çevirməmişdir. Bu kimi halın hüquqi nəticələri kreditor olan Banka deyil, borclu olan cavabdehə aiddir. Başqa sözlə, cavabdeh, onunla Bank arasında bağlanmış "xxxx" üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır və həmin müqavilə üzrə yaranmış borcu ödəməlidir.

31. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

32. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən onun özünə aid edilməlidir.

35. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

36. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyul 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyin andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar