Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7197/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması və müalicə xərci) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi-vəkili Vəkil və nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4719/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6568/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün hər ay 160 (yüz altmış) manat olmaqla, cəmi 320 manat, xx.xx.2018-ci il təvəllüdlü X6 3 yaşına çatanədək uşağa qulluq etməyə görə anaya hər ay 50 manat, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 xəstəliklərinin müalicəsinə görə hər bir uşaq üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(103)-3039/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 noyabr 2019-cu il tarixli qətnamə, “iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1487/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3039/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2764/2020 nömrəli xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən Kərimova (Həsənova) Aytən Ceyhun qızı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və 362 nömrə ilə Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 30 avqust 2014-cü il təvəllüdlü X5 və 10 dekabr 2018-ci il təvəllüdlü X3 anası Kərimova (Həsənova) Aytən Ceyhun qızının yanında qalması qət edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına görə X8 mərkəzdə OU c/ə sonrakı ortotropiya diaqnozu ilə müayinədən keçmişdir. Halhazırda davamlı müalicələr olunmalıdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa görə X8 mərkəzdə OU c/ə sonrakı ortotropiya mürəkkəb hipermetropik astigmatizm diaqnozu ilə müayinədə olmuşdur. 3 aydan gec olmayaraq müayinə və müalicələr mütləqdir.
6. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publik hüquqi şəxsdə həkim-epidemioloqun köməkçisi vəzifəsində işləyir və əmək haqqı 507.15 manat təşkil edir.
7. Xızı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh Xızı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru vəzifəsində xidmət edir. Onun bir aylıq vəzifə maaşı 847.04 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 30 avqust 2014-cü il təvəllüdlü X5 və 10 dekabr 2018-ci il təvəllüdlü Kərimova Nazlı (əvvəlki adı Reyhan) Məmməd qızının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6568/2019 saylı 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə hər ay üçün ödənilməklə iki uşağa görə 320 manat olaraq təyin olunmuş alimentin miqdarının hər uşaq üçün 250 manat olmaqla iki uşağa görə 500 manat olaraq müəyyən edilməsi, 30 avqust 2014cü il təvəllüdlü X5 müalicəsi üçün 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(008)-6568/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün uşaqlara münasibətdə müəyyən edilmiş yaşayış minimumu həddindən az olmamaqla yanaşı, uşaqlardan birinə münasibətdə onun davamlı müalicə olunmalı olduğu nəzərə alınmalıdır. Cavabdehin fiziki sağlamlığı uşağının, yaşayış minimumu həddindən də artıq alimentlə təmin olunmasına imkan verir. Eləcə də cavabdeh bir valideyn olaraq uşağının sağlam olmasında maraqlı olmalıdır ki, bu onun valideynlik borcudur.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 avqust 2023-cü il tarixli 2(008)-4719/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6568/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü Kərimova Nazlı (Reyhan) Məmməd qızının yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianin qalan hissədə rədd edilməsi, cavabdehdən 34.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə hazırda yaşayış minimumu məbləğinin bir uşaq üçün artmasını, yəni 220 manat olmasını, uşaqların mənafelərini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü Kərimova Nazlı (Reyhan) Məmməd qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə, 440 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir.
12. Məhkəmə iddia tələbinin əlavə xərclə bağlı iddianı rədd edərkən, tələbinin əsası kimi iddiaçının istinad etdiyi halları sübuta yetirə bilmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən 30 avqust 2014-cü il təvəllüdlü X1 müəyyən problemlərin olması müəyyən edilsə də, bu hal Ailə Məcəlləsinin 81.1-ci maddəsinin təsiri altına düşmür. X1 olan problemin müstəsna hal (ağır xəstəlik) olmasını təsdiq edən sübut iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən bu hal Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Çünki həmin maddənin tələbinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iş üzrə iddiaçı bu kimi xərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19cu maddələrinə, Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, hal-hazırda 860 manat maaş alır. Onun 320 manatını aliment ödəyir. 200 manat kirayə haqqı verir. Özü Xızıda işləyir. Hər gün Bakı şəhərindən taksi ilə Xızıya gedir və qayıdır. Bunlar hamısı böyük xərclər tələb edir. İddiaçı onu hər dəfə mənasız məhkəmə çəkişmələrinə cəlb edir. O da məcbur olub vəkillə müqavilə bağlayır. Bu hal da maddi vəziyyətinə pis təsir edir. Məhkəməyə ağır qəza keçirməsi və kirayə qalmasına dair aktı təqdim etmişdir. Məhkəmə həmin halları da nəzərə almamış və nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Müvafiq sənədlər təqdim edərək cavabdehin Hepatit C virusuna yoluxduğunu bildirmişdir.
18. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə onun apellyasiya şikayətinə münasibətdə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Cavabdeh apellyasiya şikayətində alimentin məbləğini mübahisələndirərək, iddianın rədd edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün uşaqlar yaşayış minimumu olan 220 məbləğində müəyyən etmişdir.
33. Kollegiya həmçinin qeyd edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (Ailə Məcəlləsi, maddə 78.2).
34. Təyin edilən aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
35. Cavabdehin dəlilləri qəbuledilən hesab edilmir.
36. Apellyasiya şikayətinin cavabdehin kirayə yaşaması, hər gün Xızı rayonuna gedibgəlməsi, qəza nəticəsində xəsarət almasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşaqların saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.
37. Əvvəlki məhkəmə qətnaməsi ilə hər uşağın saxlanması üçün müəyyən edilmiş 160 manat (cəmi 320 manat) aliment məbləği hazırki dövrdə iki uşağın saxlanılması üçün kifayət etmir.
38. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, alimentin məbləği hissəsində iddia tələbinin qismən təmin edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4719/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.