Məhkəmə qərarları › İş №2(103)-720/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-720/2020

12.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-720/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “borcun və mənəvi zərərin tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, mülkiyyət hüququnun tanınması” barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)-414/2019 saylı 22.08.2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 fevral 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin azaldılması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 30.000 ABŞ dollar əsas borcun tutulması, tutmanın xüsusi mülkiyyət hüququ əsasında X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m. olan mənzilə yönəldilməsi, mənzilə onun mülkiyyət hüququnun tanınması, onun adına dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, cavabdehdən onun xeyrinə 30.000 ABŞ dolları məbləğində faizlərin, 40.000 ABŞ dolları mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 04.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən 30.000 ABŞ dolları məbləğində pul borc verilmiş, sonuncu həmin borcu 04.09.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh pulu qaytarmadığından iddiaçıya maddi və mənəvi zərər vurmuşdur. Bundan başqa borcun təminatı olaraq ipoteka müqaviləsi bağlanmış, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m olan mənzili ipoteka ilə yüklü edilmişdir. Mənzilin dəyəri 100.000 manat müəyyən edilmişdir. Borcun tutulmasına dair icra qeydi 18.01.2018-ci il tarixdə aparılmışdır. Ödənilməyən əsas borcun illik uçot dərəcəsinə görə 15 faizi 6500 ABŞ dolları təşkil edir. Cavabdeh 2 il ərzində puldan qanunsuz istifadə etməsinə görə faiz borcu 30.000 ABŞ dolları məbləğindədir. Cavabdeh borc aldığı puldan qanunsuz istifadə etməsi, gəlir götürməsi nəticəsində iddiaçı mənəvi sarsıntı, iztirab keçirmiş, ona 40.000 ABŞ dolları məbləğində mənəvi zərər dəymişdir. İlk iddia üzrə Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təhdidi və hədə-qorxusu altında Cavabdeh kredit müqaviləsini bağlamışdır. Bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-414/2019 saylı 22.08.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, İddiaçı xeyrinə Cavabdeh 30.000 (otuz min) ABŞ dolları əsas, 9000 (doqquz min) ABŞ dolları faiz borcu, 39.000 (otuz doqquz min) ABŞ dolları məbləğində kredit borcu (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manat hissəsinin əvəzinin tutularaq ödənilməsi, tələbin X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m. olan mənzilə yönəldilməsi, evin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi və ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar arasında hər hansı pul alış-verişi olmamışdır. Aralarında bağlanmış kredit və ipoteka müqavilələri formal xarakter daşıyır. O, tikinti işləri ilə məşğul olur. Hər ikisi müəyyən vəsait qoyub tikinti işləri aparmalı və müəyyən gəlir əldə etməli idi. Lakin müəyyən problemlər yarandığı üçün qoyulmuş pul vəsaiti əldən çıxmış və işləri zərərə uğramışdır. Sonradan isə iddiaçı pulu ondan tələb etməyə başlamışdır. O isə iddiaçıya pul vəsaitini birlikdə qoyduqlarını, hər ikisinin də birgə məsuliyyət daşıdıqlarını bildirmişdir. Lakin iddiaçı ondan pulu tələb etməyə davam etdiyindən bu hala son qoymaq üçün o, formal olaraq kredit müqaviləsi və onun əsasında ipoteka müqaviləsi bağlamışdır. İddiaçı da bu haldan istifadə edərək ona qarşı iddia qaldırmışdır. O, özünün aldadıldığını hesab edir. Əgər həqiqətən də 54 saylı Notariat Kontorunda real olaraq kredit müqaviləsi bağlansa idi, notariat kontorunda həmin pulun banka keçirilməsi ilə bağlı hər hansı depozit hesabı olmalı idi. Lakin pulun nağd olaraq verilməsi ilə bağlı hər hansı bir depozit hesabı olmamışdır. İddiaçının iddia etdiyi borc real müqaviləyə əsaslanmamışdır. Həmçinin iddiaçı tərəfindən pul vəsaitinin verilməsi barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. 04.03.2016-cı il tarixli kredit müqaviləsi mövcud olsa da, pulun verilməsi və alınması barədə iş materiallarında heç bir subut yoxdur. Belə ki, kredit və ipoteka müqavilələri gələcəkdə onlar üçün hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq 12.02.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili hazırki işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddələrinin tələbinə görə işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi “faiz borcunun tutulması” barədə hissədə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti ilk iddia üzrə cavabdeh tərəfindən verilərək apellyasiya şikayətinin sonunda məhkəmə qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyant məhkəmə qətnaməsini ilk iddianın əsas kredit və faiz borcunun tutulması, qarşılıqlı iddianın isə rədd edildiyi hissələrdə mübahisələndirir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı məhz həmin hissələrdə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirməmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 3M-85 saylı 04.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 04.09.2016-cı il tarixədək qaytarmaq şərtilə 30.000 ABŞ dolları məbləğində borc vermişdir. Bakı şəhəri 54 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ipoteka saxlayan İddiaçı ilə ipoteka qoyan X4 və borclu Cavabdeh arasında bağlanmış 3M-86 saylı 04.03.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, qeyd edilən borcun təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m., dəyəri 100.000 manat olan mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri 39 saylı notariat kontorunun 21 saylı 18.01.2018-ci il tarixli məktubundan aydın olur ki, İddiaçı xeyrinə Cavabdeh müqavilədə qeyd olunan müddət üçün vaxtında ödənilməmiş 30.000 ABŞ dolları və tələbkar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, cəmi 30.000 ABŞ dolları və 10 manat məbləğində pula dair 18.01.2018-ci il tarixdə 7E-771 reyestrlə icra qeydinin təsdiq olunmuş surəti icra edilmək üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 01.02.2019-cu il və 06.02.2019-cu il tarixli məktublarından məlum olur ki, ipoteka müqaviləsi 29.03.2016-cı il tarixdə qeydə alınmış, İddiaçı ipotekaya dair çıxarışı İdarədən götürməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 13.04.2018-ci il tarixli məktubundan görünür ki, 14.09.2016-11.02.2018-ə qədər illik uçot dərəcəsi 15% təşkil etmişdir. 04.01.2019 və 17.01.2019-cu il tarixli bildirişlərdən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh borc qaytarılmadığından ipoteka predmeti olan mənzilin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin edildiyi (mübahisələndirilən) hissələrdə ona istinad etmişdi ki, cavabdehin borcu icra etmək öhdəliyi yaranmış, lakin o, iddiaçıya ödəməli olduğu pul vəsaitini qanunsuz şəkildə saxlayaraq ondan faydalanmış, bunun nəticəsində isə iddiaçı həmin pul vəsaitindən fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit borcu üzrə yaranmış faiz borcunun məbləğinə münasibətdə Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək cavabdehin pul vəsaitinin qanunsuz şəkildə saxlayaraq ondan faydalanması, bunun nəticəsində isə iddiaçı həmin pul vəsaitindən fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsaslanaraq iddiaçının tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitini qanunsuz saxladığına qiymət verərək hesab etmişdir ki, bu hərəkətinə görə cavabdehdən 30.000 ABŞ dollarının illik 15%-i, yəni (30.000:100)·15=4500 ABŞ dolları olmaqla, 2 il ərzində faiz borcunun 9000 ABŞ dolları təşkil etdiyini müəyyən etmişdir. Halbuki hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faiz borcunun tutulması üçün əsas verən hallar sübuta yetirilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlavə faiz borcunun tutulması ilə bağlı tələbinin qanuni əsası Mülki Məcəllənin 445.7-ci maddəsinə söykənir. Belə ki, həmin maddənin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdən görünür ki, iddiaçı cavabdehdən ona ödənilməli olan 30000 ABŞ dolları əsas borc tələb edir. Həmin məbləğ gecikdirilmiş vaxt üçün, yəni müqavilə müddətinin sonundan- 04.09.2016-cı il tarixdən iddiaçının tələb etdiyi iki il üzrə, yəni 11.02.2018-ci il tarixə qədər illik beş faiz dərəcəsi ilə faiz məbləği hesablanaraq 3000 ABŞ dolları (30000 ABŞ dolları x illik 5% = 1500 ABŞ dolları x 2 il = 3000 ABŞ dolları) təşkil edir. Belə olan halda qətnamə gecikdirilmiş vaxt üçün hesablanan faiz tələbinə aid hissədə maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilməli, cavabdehdən 30000 ABŞ dolları məbləğində faiz məbləğinin tutulması barədə iddia tələbi qismən təmin edilərək, tutulmalı olan faiz borcunun məbləği yuxarıda göstərilənlərə əsasən 3000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə birinci instansiya məhkəməsi ona istinad etmişdi ki, müqavilənin bağlanması zamanı İddiaçı Cavabdeh tərəfindən hədə-qorxu və təhdid edilməsi nəticəsində müqavilələr bağlanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də qarşılıqlı iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. O ki qaldı ilk iddia üzrə cavabdehin istinad etdiyi kimi, yəni müqavilə bağlanan zaman tərəflərdən birinin digərinə pul vəsaitini verməsinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməli olması barədə dəlilə, qeyd olunmalıdır ki, bu barədə müddəa 04.03.2016-cı il tarixli kredit müqaviləsi bağlanan dövrdə qüvvədə olmamışdır. Başqa sözlə, mübahisələndirilən müqavilə bağlanan zaman göstərilən şərtə əməl olunması ilə bağlı qanunvericiliyin tələbi olmamışdır. Belə ki, sözügedən müddəa “Notariat haqqında” Qanunun 74cü maddəsinə 18 noyabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən əlavə edilmişdi. Həmin maddəyə olunmuş dəyişikliyə görə, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Odur ki, hazırki işdə ilk iddia üzrə cavabdehin mübahisələndirdiyi müqavilə 04.03.2016-cı il tarixdə bağlanan zaman notarius qanunvericilikdə belə bir tələb olmadığına görə pul vəsaitinin depozit hesab vasitəsilə ödənilməsini və ya onun yanında real olaraq verilməsini tələb edə bilməzdi. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndində də öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, sözügedən maddi hüquq normalarında nəzərdə tutulan “notariusun yoxlaması” belə əqdin bağlanması zamanı bir tərəfin pul vəsaitini digər tərəfə notariusun yanında verməsi kimi başa düşülməməli, həmin yoxlama notarius tərəfindən əqd bağlanılarkən tərəflərin həmin əqdi bağlamaqda həqiqi niyyətlərinin olub-olmamasını, yəni iradə ifadələrinin yoxlanılmasını ehtiva edir. Beləliklə, hazırkı işdə mübahisələndirilən kredit müqaviləsinin etibarsızlığı üçün “əqdin etibarsızlığı”nı nəzərdə tutan meyarlar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qarşılıqlı iddiasını təmin etməməkdə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi üçün əsas ola bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdehdən 9000 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin olunmalı və cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 3000 ABŞ dolları məbləğində (Azərbaycan manatına olan məzənnə ilə) müəyyən edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392 və 393 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-414/2019 saylı 22.08.2019-cu il tarixli qətnaməsi qismən, “İddiaçı xeyrinə Cavabdeh 9000 ABŞ dolları məbləğində faiz borcunun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə tutulmalı faiz borcunun məbləği 3000 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) müəyyən edilsin. Qətnamə mübahisələndirildiyi qalan hissələrdə, yəni cavabdehdən əsas kredit borcunun tutulması və qarşılıqlı iddianın rədd edildiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilk iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar