Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7201/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Məmmıd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-182/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qonşu olmaqla münasibətləri yaxşı olmuşdur. Cavabdehə pul lazım olduğuna görə ondan borc olaraq 13.000 manat pul istəmiş, o da cavabdehlə razılaşaraq sonuncuya 13.000 manat borc pul vermişdir. Cavabdeh həmin pulu ondan qəbul edərək, bu barədə ona yazılı qəbz vermiş və sentyabr ayına kimi həmin pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hazırkı vaxta qədər ona borclu olduğu pulu ödəməmişdir. Cavabdeh vədinə əməl etməmiş, o, pulu istədikdə hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-182/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, o, götürdüyü borc pulu tam olaraq iddiaçıya ödəmişdir. Həmçinin iddiaçı Qaradağ Rayon Polis Bölməsindən xx.xx.2017-ci il tarixdə aldığı cavab məkutubdan 2 il sonra, onun iddiaçıya pulu qaytarmayacağını bildikdək sonra isə 3 il 10 ay sonra ona qarşı məhkəmədə iddia qaldırmışdır. Onun məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etməsinə baxmayaraq onun ərizəsinə münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmaması və mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan tərixi göstərilməyən sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 13.000 manat borc götürmüş. Söz verir ki, sentyabr 8 ayda pulu qaytaracaq. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 78 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqəsində olan dama-dama şagird dəftəri vərəqinin üzərində «Mən. İbrahimova Mətət. Şakir qızı...» sözləri ilə başlayıb, «...qaytara bilməsə bi» sözləri ilə bitən qəbzdəki yazılar və qəbzin sonundakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, 070-16506H saylı məktubdan görünür ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2017-ci il tarixli müraciət mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı qarşısında 13 000 (on üç min) manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onun bu öhdəliyi etiraf etməsi barədə qəbz imzalamasını, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdehin borcunun olmadığı barədə arqumenti bağlı kollegiya qeyd edir ki, o, nə birinci instansiya, nə də apellyasiya instansiyasına həmin arqumentlərinin yoxlanılmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya cavabdehin iddia müddətinin ötürülməsi barədə arqumentini də əsassız hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçı cavabdehə 13000 manat məbləğində borcu 2017-ci ilin yanvar ayında 2 il müddətinə verdiyini bildirmişdir. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2019-cu il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsi E.Həkimovun şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddiaçı cavabdehin borcunu qaytarmadığını görən kimi l hüquqlarının müdafiəsi üçün ilkin olaraq polisə müraciət etmiş, həmin şikayət üzrə araşdırma xx.xx.2017-ci il tarixdə yekunlaşmış, ona məhkəməyə müraciət etməli olduğu izah edilmiş və bundan o, məhkəmədə iddia qaldırmışdır. Belə olan halda iddiaçının 3 il ərzində məhkəməyə müraciət etməyərək iddia müddətini ötürdüyü qənaətinə gəlmək işin hallarına uyğun deyildir. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-182/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7201/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7201/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver