Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7203/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4718/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3084,6 manat əsas, 475,42 manat faiz, 7,07 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3567,09 manat borcun və 55,68 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-4718/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Hazırkı apellyasiya şikayətinə MPM-in 394-1-ci maddəsinə əsasən, yazılı icraat qaydasında baxılır. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı vaxtında iddia qaldırmamaqla onun maddi vəziyyətinin ağırlaşmasına şərait yaratmşdır. Halbuki borc gecikdirildiyi halda iki ay müddətində məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Eyni zamanda həddən artıq yüksək məbləğdə faiz hesablanmışdır ki, bu da onsuz da ağır vəziyyətdə olan cavabdehin maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Məhkəmə qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.219-cu il tarixli, 551 saylı Fərmanın tələbləri nəzərə alınmamış, əsas borc və ona hesablanmış faizlər sübut edilməiş, bununla əlaqədar ekspertiza təyin edilməmiş, qət edilən borc real kredit borcunu müəyyən etmir. Cavabdehin iclas barədə məlumatı olmadığından buna dair mövqeyini bildirə bilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi:
6. "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 1738nkİNSH/21 nömrəli “Kredit Müqaviləsi”-nə əsasən bank borcluya 60 ay müddətinə illik 25% olmaqla 3261 manat məbləğində kredit xətti açılmışdır.
7. "xxxx" KB ASC tərəfindən verilmiş 28 iyun may 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 3084,6 manat əsas borcu, 475,42 manat faiz borcu, 7,07 manat cərimə borcu və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3567,09 manat borcu vardır.
8. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, "xxxx" KB ASC Cavabdeh banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. Hüquqi dəyərləndirmə:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
10. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
11. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.
12. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir.
18. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində borcun məbləğinin şişirilməsini qeyd etmişdir.
19. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən borc məbləğinin şişirdilməsi ilə bağlı hər hansı əsaslı sübut təqdim edilməmişdir.
20. Cavabdehin apellyasiya şikayətinin işə onun iştirakı olmadan baxılması barədə dəlilinə münasibətdə isə kolegiya qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2022ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış xəbərnamədən məlum olur ki, hazırkı işə baxılması barədə cavabdeh lazımi qaydada məlumatlandrılmışdır (i/v 24). Nəticə:
21. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. MPM-in 394-1.3-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).
26. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4718/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev