Məhkəmə qərarları › İş №2(103)-7204/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7204/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7204/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 barət tərkibdə, iddiaçı "X3” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1713/2025 saylı, 6 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "X3” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6 may 2025-ci il tarixli, 2(007)-1713/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İş üzrə Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6 may 2025-ci il tarixli, 2(007)-1713/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunanlar kontekstində işin halları ondan ibarətdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1713/2025 saylı 6 may 2025-ci il tarixli qətnaməsi Cavabdeh ünvanına göndərilmiş və 26 may 2025-ci il tarixdə onun tərəfindən təhvil alınmışdır. Qeyd edilən qətnamə həmçinin icra edilməsi üçün 1 iyul 2025-ci il tarixdə Qaradağ rayon İcra Şöbəsinə ünvanlanmış və 9 oktyabr 2025-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. 6 noyabr 2025-ci il tarixdə isə Cavabdeh tərəfindən mübahisələndirilən qətnamə təkrarən təhvil alınmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən şikayət bir aydan artıq müddət keçdikdən sonra, onun adına açılmış elektron kabineti vasitəsilə 1 dekabr 2025-ci il tarixdə verilmişdir. Nəzərə alınmalıdır ki, qətnamədən Cavabdeh şikayət vermə müddəti 26 may 2025ci il tarixdən hesablanmalıdır. Cavabdehin sonradan qətnamənin surətini təkrarən alması prosessual müddətin axımını təzələmir. Bundan başqa qeyd edilməlidir ki, şikayəti verən cavabdeh tərəfindən prosessual müddətin bərpa olunması barədə vəsatət də şikayətə əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülmüş olmasının üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1713/2025 saylı, 6 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət ona qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1713/2025 saylı, 6 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar