Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7205/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2964/2023 nömrəli 31 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 dekabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin müəyyən edilmiş hallarına əsasən xx.xx.2023-cü il tarixdə saat 19:00-da “OKA” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna-Mərdəkan yolunda işıqforun qırmızı işığında hərəkəti davam etdirərək, yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı idarə etdiyi “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmasına səbəb olmuşdur.
2. Bakı şəhər Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* inzibati xəta haqqında protokola əsasən **-ME-*** dövlət qeydiyyat nişanlı “OKA” markalı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-453/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır.
4. 49429 nömrəli xx.xx.2023-cü il tarixli məxaric orderinə əsasən **-MF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” minik markalı avtomobilə texniki baxış keçirilməsi üçün "xxxx" MMC-yə 100 manat məbləğində pul ödənilmişdir.
5. "xxxx" MMC tərəfindən verilmiş Qüsur aktına görə “Mercedes Benz C 180” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 6715 manat göstərilmişdir.
6. 07.03.2023-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən sənədin notarial qaydada təsdiq edilməsi üçün 3 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6715 manat dəyərində avtomobilinə dəyən maddi zərərin əvəzi, əzilmiş avtomobilinin evakuasiyası üçün ödədiyi 35 manat xərcin, avtomobilinin müayinəsi üçün "xxxx" MMC-yə ödədiyi 100 manat xərcin və notariat təsdiqi üçün ödədiyi 3.4 manat rüsumun, cəmi olaraq 6853.4 manat xərcin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 19:00 idarə etdiyi “Mercedes Benz” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna-Mərdəkan yolunda hərəkətdə olan zaman Cavabdeh “OKA” markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman işıqforun qadağanedici işığından keçərək avtomobili düz üstünə sürmüş, nəticədə Cavabdeh inzibati xəta törətməsi nəticəsində onun idarə etdiyi “Mercedes Benz” markalı **-MF- *** dövlət qeydiyyat nişanlı avtomobil ön tərəfdən əzilərək yararsız hala düşmüşdür. Hadisə zamanı ona yüngül xəsarət dəymiş, avtomobilinə 6715 manat maddi ziyan dəymişdir. Cavabdehin idarə etdiyi avtomobilin icbari sığortası olmadığı üçün avtomobilinə dəymiş ziyanı icbari sığorta ödəməmişdir. Cavabdehdən dəfələrlə avtomobilinə dəymiş ziyam ödəməsini tələb etsə də nəticəsi olmamışdır. Yolnəqliyyat hadisəsi zamanı DYP əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə ilə bağlı avtomobillərə baxılmış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol və həmin protokol əsasında qərar tərtib olunmuşdur. Yol nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. X3 maşını onu xəstəxanaya aparmış və orada hadisə nəticəsində onda yüngül xəsarətlərin olması müəyyənləşdirilmişdir. O, müayinə və müalicələr aldıqdan sonra avtomobilinə və sağlamlığına dəymiş ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə ona bildirmişdir ki, “mən 1-ci qrup əliləm və heç kimə 1 manat da olsun ödəməyəcəm”. Cavabdehin idarə etdiyi “OKA” markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobilin icbari sığortası olmadığı üçün o, hazırda avtomobilini təmir etdirə bilmir. Hadisədən sonra cavabdeh onunla maraqlanmamış və sığorta ödənişi olmadığı üçün o, xx.xx.2023-cü il tarixli Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin sənədi əsasında əzilərək yararsız hala düşmüş avtomobilini evakuatora mindirərək müvəqqəti duracaqdan çıxarmış və "xxxx" MMC-nin Texniki Təminat Departamentinə aparmışdır. Evakuatora 35 manat pul ödəmişdir. "xxxx" MMC qəzaya uğramış ona məxsus olan “Mercedes Benz” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı müəyyən edərək, təyin etmişdir ki, onun avtomaşınının ilkin təmir işləri 6715 manat tutur. Həmin müayinə üçün o, "xxxx" MMC-yə 100 manat rüsum da ödəmişdir. Cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Lakin həmin 6715 manatı maddi ziyanı cavabdehdən tələb edəndə cavabdeh telefonlarına cavab verməməyə başlamışdır. Hadisədən sonra Xəzər Rayon Polis İdarəsi Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə onun iştirakı olmadan keçirilmişdir. Həmin məhkəmə işində Cavabdeh etdiyi əməli boynuna almış və qəzanın onun təqsiri ucbatından baş verdiyini təsdiqləmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 3(003)-453/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək 400 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi və ona qarşı bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmuşdur. Bu günə qədər o, piyada qalmış, taksilərə külli miqdarda pul xərləmiş, bu gündən sonra da külli miqdarda pul xərcləməlidir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdeh bu cür hərəkətləri nəticəsində o, ağır sarsıntı və iztirab keçirir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3409 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1995-ci il buraxılışlı “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5935,00 manat müəyyən edilmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli 2(008)-2964/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 5935 manat, avtomobilə texniki baxış keçirilməsi üçün ödənilmiş 100 manat və sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3.40 manat olmaqla, cəmi 6038.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, eləcə də məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı və “OKA” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır.
12. Məhkəmə iddia tələbinin avtomobilə texniki baxış keçirilməsi üçün ödənilmiş 100 manat və sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3.40 manat hissəsində qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, 100 manat və 3.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı avtomobilin evakuasiyası üçün 35 manat məbləğində pul vəsaiti ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-21.3, 1097.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı maşının “Turbo.az” saytında 4500 manata satışa çıxarmışdır. Belə olan halda ondan bu qədər pulun tutulması düzgün deyildir. Ekspertin rəyinin reallığı əks etdirmədiyi görünür. Bu da işin hərtərəfli, obyektiv araşdırılmaması deməkdir. Məhkəmə avtomobilə dəymiş zərəri müəyyən etməklə yanaşı eyni model, eyni yürüşlü avtomobilinin hazırkı bazar dəyərini də müəyyən etməli idi. O halda avtomobilin bazar dəyəri və təmir xərcləri arasındakı fərq müəyyən olunacaqdır. Yalnız təmir üçün tələb olunan vəsaitin miqdarının öyrənilməsi üçün ekspertizanın təyin olunması məhkəmənin nəticəyə gələrkən işin faktiki hallarını tam araşdırmamasına gətirmiş, sübutlara düzgün qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
18. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən, iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İşin müəyyən edilmiş hallarına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.
33. Cavabdehin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-453/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Qeyd edilən qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
34. Cavabdeh hazırda ekspertin rəyinin reallığı əks etdirmədiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
35. Vurulmuş ziyanın məbləği ilə bağlı isə ekspertiza keçirilmiş və ekspert rəyi ilə 5935 manat ziyan vurulduğu müəyyən edilmişdir.
36. İddiaçının maşını “Turbo.az” saytında 4500 manata satışa çıxarması barədə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, o, avtomaşını hadisədən sonra təmirsiz vəziyyətdə satışa çıxarmışdır. İddiaçı satış qiymətinin müəyyən edilməsində azaddır. Həmin qiymətin daha aşağı və yuxarı qeyd edilməsi vurulmuş ziyanın, eləcə də ekspert rəyinin mötəbərliyini şübhə altına alan xüsusat hesab edilə bilməz.
37. Cavabdehin hərəkətləri nəticəsində avtomobilinə ziyan dəydiyi üçün iddiaçı haqlı olaraq hazırda vurulmuş ziyanı cavabdehdən tələb edir.
38. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir.
39. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2964/2023 saylı iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh tərəfindən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.