Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7207/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, “X3 a Car” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərdən vurulmuş ziyana görə 2.730 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 47,30 manat olmaqla, cəmi 2.777,30 manat pul vəsaitinin və eləcə də pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faizin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2023-cü il tarixində təxminən saat 08:10 radələrində ona məxsus “Audi Q8” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bilgəh qəsəbəsi 15-ci dalan ünvanında saxlamışdı. Bu zaman soldan yaxınlaşmaqda olan və Cavabdeh3 tərəfindən idarə olan “Hyundai Elantra” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Qəzadan qısa müddət sonra hadisə yerinə Sabunçu RPİ DYPŞ-nin əməkdaşları gəlmiş, hadisə ilə əlaqədar olaraq onların (sürücülərin) izahatlarını alınmış, yol-nəqliyyat hadisəsinin sxemi çəkilməklə müvafiq araşdırmalara başlamışlar. Aparılmış araşdırma nəticəsində Cavabdeh3 İnzibati Xətalar Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli İXP5230394 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli TP5565642 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da hadisənin törədilməsində Cavabdeh3 təqsirli olması öz təsdiqini tapmışdır. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. İddiaçıya məxsus avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri baxış keçirmiş və müəyyən etmişlər ki, avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 6.730 manat məbləğində vəsait tələb olunur. Bununla bağlı olaraq həmin MMC tərəfindən xx.xx.2023cü tarixli “Qüsur aktı” verilmişdir. "xxxx" ASC Sığorta Şirkəti tərəfindən iddiaçıya 4.000 manat məbləğdə pul ödənilmişdir. Sığorta Şirkəti tərəfindən ödənilmiş vəsait avtomobilin təmirinə lazım olan vəsaiti tam bağlamadığından, iddiaçı, ona məxsus avtomobilin təmiri üçün əlavə olaraq (6.730-4.000=) 2.730 manat məbləğində xərc çəkmişdir. Sabunçu RPİ DYPŞ tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, “Hyundai Elantra” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur və o, xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri 23 saylı Notariat Ofisində rəsmiləşdirilmiş etibarnamə (seriya: ƏN-Vİ; № 414927) əsasında avtomobil cavabdeh MMC-nin istifadəsinə verilmiş, MMC də öz növbəsində 01172 nömrəli “Avtomobili üçün yol vərəqəsi” əsasında avtomobili Cavabdeh3 istifadəsinə vermişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.730 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. İddiaçı hesab edir ki, 2.730 manat pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faiz də cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 47,30 manat məbləğində dövlət rüsumu manat ödəmişdir. İddiaçı hesab edir ki, bu xərcin əvəzi də cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. b) cavabdehin iddia tələbinə olan mövqeyi barədə məlumat
3. Cavabdehlərin iddiaya qarşı yazılı etirazları Rayon Məhkəməsinə daxil olmamışdır.
4. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh (yol-nəqliyyat hadisəsini törətmiş) Cavabdeh3 2.730 manat və dövlət rüsumu olaraq ödənilmiş 47,30 manat olmaqla, cəmi 2.777,30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Hyundai Elantra” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən etibarnamə əsasında idarə olunarkən iddiaçıya məxsus avtomobilə ziyan dəydiyindən, həmçinin qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmalı olduğundan iddia tələbi Cavabdeh3 münasibətdə təmin olunmalıdır. Qalan hissələrdə isə iddia tələbi əsassız olduğundan və sübuta yetmədiyindən təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh3 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğin şişirdilmişdir. Yol-nəqliyyat hadisəsindən dərhal sonra Cavabdeh3 tərəfindən çəkilmiş video və foto görüntülərdən görünür ki, iddiaçıya məxsus avtomobildə kiçik bir hissədə əzik vardır. Sığorta Şirkəti tərəfindən ödənilmiş sığorta ödənişi iddiaçının avtomobilinə dəymiş ziyanı tam qarşılayır. Lakin Rayon Məhkəməsi iş üzrə ekspertiza təyin etmədən, yalnız iddiaçının təqdim etdiyi “Qüsur aktına” əsaslanmaqla qətnamə qəbul etməkdə səhvə yol vermişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. İş üzrə tərəflər apellyasiya baxışı iclasında iştirak etməmiş və iclasa gəlməmələrinin səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
10. Göstərilənləri nəzərə alan Məhkəmə, işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh3 isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni, habelə qətnamənin məhkəmə xərcləri və məsrəfləri ilə bağlı hissəsini mübahisələndirmir. Digər iki cavabdeh, onlara qarşı iddia təmin olunmadığından, qətnamədən apellyasiya şikayəti verməmişlər.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh3 aid hissəsə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Cavabdeh3 tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinin zədələnməsi, "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü tarixli “Qüsur aktı” ilə hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə 6.730 manat məbləğində ziyanın vurulmasının müəyyən edilməsi, həmin ziyandan "xxxx" ASC sığorta şirkəti tərəfindən iddiaçıya 4.000 manat məbləğdə pulun sığorta ödənişi kimi ödənilməsi işin mübahisəsiz halıdır.
16. Cavabdeh3 apellyasiya şikayətində həmin “Qüsur aktı” ilə müəyyən edilmiş ziyanın miqdarının şişirdilmiş məbləğ olduğunu bildirərək, ziyanın ekspertizası keçirilməsi yolu ilə müəyyən edilməsini xahiş edir.
17. İş materiallarından görünür ki, Cavabdeh3 iddia ərizəsinin surətini almasına, Rayon Məhkəməsi tərəfindən keçirlmiş məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə iclaslarında iştirak etməmiş, şikayətdə qeyd etdiyi məsələ ilə bağlı iddiaya münasibət bildirməmiş və iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir.
18. Belə olan halda, Rayon Məhkəməsi işdə olan sübutlar əsasında işə baxmaqda və iddianı mübahisəlndirilən hissədə təmin etməkdə haqlı olmuşdur.
19. Bundan başqa, Cavabdeh3 iddiaçıya dəymiş ziyanın miqdarını şübhə altına ala biləcək hər hansı sübutu (məsələn: alternativ rəy) Məhkəməyə təqdim edilməmişdir.
20. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, müzakirə edilən bu dəlil sübuta söykənmədiyi üçün əsaslı hesab edilə bilməz (MPM; maddələr 77.1 və 14.2), “Qüsur aktında” göstərilənlər işdə olan digər sənədlər ilə təsdiq edildiyindən etibarlı sübut kimi qəbul edilməlidir (MPM; maddələr 88 və 103). Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (MPM; maddə 361.4.).
21. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.730 manat məbləğində pulun Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). h) apellyasiya baxışının nəticəsi
23. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
25. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.