Məhkəmə qərarları › İş №2(103)-7208/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7208/2021

20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7208/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və daha sonra verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizədə 4 tələb irəli sürülüb: 1) maddi zərərin əvəzi kimi 14.838 manat ödənilməsi; 2) kommunal xidmətlərdən istifadə ilə əlaqədan yaranmış borca görə 374,95 manat ödənilməsi; 3) əmlakın kirayəyə verilməsinə görə əldən çıxmış fayda kimi 13.500 manat ödənilməsi; 4) mənəvi zərərin əvəzi kimi 50.000 manat ödənilməsi. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Bundan əvvəl mülki işə bir dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin 18.08.2020-ci il tarixli qətnaməsi ilə qət olunub ki, qətnamə ləğv edilsin, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 2.292 manat, kommunal xərclərə görə 374,95 manat, mənəvi zərərin əvəzi kimi 500 manat tutulsun, qalan hissədə iddia rədd olunsun. Ali Məhkəmənin 17.05.2021-ci il tarixli qərarı ilə həmin qətnamə qismən – maddi zərərin dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilib və həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Hazırkı apellyasiya baxışının predmeti maddi zərərin məbləğinə aid hissədir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 maddi zərərin məbləğinə aid hissədə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə maddi zərərin məbləğinə aid hissədə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə baxılan hissə ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı işin Ali Məhkəmə tərəfindən bir hissədə (maddi zərərin məbləğinə aid hissədə) yeni apellyasiya baxışına göndərilməsi onu təsdiq edir ki, maddi zərərin vurulması faktı artıq mübahisə doğurmur, yalnız maddi zərərin məbləği müəyyən olunmalıdır. Maddi zərərin əvəzinin ödənilməsi barədə tələb Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev № 15 “a”-da yerləşən 18 №-li mənzillə bağlıdır. Mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mənzil cavabdehin (iddiaçının atasının) sahibliyində olub, iddiasının iddiası əsasında qəbul olunmuş məhkəmə qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət olunub. 17.04.2019-cu ildə cavabdeh mənzili iddiaçıya təhvil verib. İddiaçı iddia edir ki, cavabdeh mənzili təhvil verməzdən əvvəl onu yararsız vəziyyətə gətirib, odur ki, maddi zərərin əvəzini ödəməlidir. İddiaçı maddi zərərin əvəzi kimi 14.838 manat tələb edir. İddiaçı zərərin məbləğini təsdiq etmək üçün "xxxx" MMC tərəfindən verilmiş 10.05.2019-cu il tarixli hesabatı məhkəmə təqdim edib (iş v. 59). Həmin hesabatda qeyd olunub ki, mənzilin təmirinə dəyən zərərin məbləği 14.838 manat təşkil edir. Məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12.05.2020-ci il tarixli rəyi ilə zərərin məbləğinin daha az - 2.922 manat olduğu müəyyən edilib (iş v. 181). Ekspert rəyi əsas götürülməklə zərərin məbləği 2.922 manat müəyyən edilməlidir. İki rəyin arasında kəskin fərq olması ilə bağlı kassasiya instansiyası məhkəməsinin göstərişinə münasibətdə məhkəmə qeyd edir ki, işdə iki rəy yoxdur, bir hesabat, bir rəy var. Hesabat və rəyin arasında fərqin olması işin düzgün həlli üçün əhəmiyyətli deyil. Belə ki, 1-ci, hesabat iddiaçının sifarişi əsasında qiymətləndirici hüquqi şəxs tərəfindən verilib, ekspert rəyi isə məhkəmə qərardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilib. Əgər iki ekspert rəyi arasında ziddiyyət olsayıdı, belə halda həmin ziddiyyətin səbəbi araşdırılmalı idi. 2-ci, mülki iş ekspertə göndərilərkən həmin hesabat iş materiallarında olub. Belə ki, ekspertiza təyin olunması barədə qərardada qeyd olunub ki, iş materialları ekspertə təqdim olunsun. Bu isə onu təsdiq edir ki, ekspert rəy verərkən hesabatla tanış olub. Başqa mülki iş üzrə keçirilmiş tikinti-texniki ekspertizanın 15.11.2013-cü il tarixli, 16506 nömrəli rəyinin surətinin hazırkı işə əlavə olunması ilə bağlı kassasiya instansiyası məhkəməsinin göstərişinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəyin surəti birinci instansiya məhkəməsində icraat zamanı, o cümlədən bundan əvvəlki apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilməyib. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsinə Mülki-Prosessual Məcəllənin 371-ci maddəsi icazə vermir. Buna baxmayaraq, hazırkı apellyasiya baxışı zamanı iddiaçının vəkili kassasiya instansiyası məhkəməsinin göstərişinə əsaslanaraq həmin ekspert rəyinin kserosurətini məhkəməyə təqdim etmişdir. Mülki-Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bu qayda başqa iş üzrə verilmiş, lakin hazırkı işdə məhkəməyə təqdim edilən ekspert rəyinə də aiddir. Ona görə də rəyin kserosurəti sübut kimi qəbul oluna bilməz. Məhkəmə isə tərəflərin əvəzinə sübut toplaya bilməz. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, maddi zərərin əvəzi kimi 2.922 manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli qətnaməsi maddi zərərin əvəzinin ödənilməsi barədə tələbə aid hissədə ləğv edilsin. Maddi zərərin əvəzinin ödənilməsi barədə tələb qismən təmin olunsun. Mənzilin yararsız vəziyyətə salınması ilə bağlı maddi zərərin əvəzi kimi 2.922 (iki min doqquz yüz iyirmi iki) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar