Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7208/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7208/2023 (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2175/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. QSC «Bank Standart» KB ilə Cavabdeh arasında 12 noyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/126044/14 saylı müqavilə bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2090 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli 1xx/xx/126044/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 590,44 manat məbləğində əsas borc, 383,11 manat məbləğində faiz borcu, 699,67 manat məbləğində cərimə, 171,20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1844,42 manat məbləğində borc pul vəsaitinin, 38,45 manat dövlət rüsumunun Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 12 noyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/126044/14 saylı müqavilə bağlanmış, bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2090 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 590,44 manat məbləğində əsas borc, 383,11 manat məbləğində faiz borcu, 699,67 manat məbləğində cərimə, 171,20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1844,42 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 4.4.5-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borcalanın vəzifəsidir. Kredit müqaviləsinin 4.4.8-ci bəndinə əsasən, müqavilə şərtlərini tam və vaxtında icra etmək borcalanın vəzifəsidir. Bundan əvvəl, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(002)-2966/2019 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır
4. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, “Bank Standard” Kommersiya Bankının ona qarşı olan iddia tələbini qəbul etmədiyini, qanunla nəzərdə tutulmuş 3 illik müddətin ötürüldüyünü bildirib, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli e-2(002)- 2175/2023 saylı qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 376, 377.2, 381.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bank tərəfindən ilk dəfə xx.xx.2019-cu il tarixində Qaradağ Rayon Məhkəməsinə müraciət edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-2966/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla baxılmamış saxlanılmışdır. İddiaçı cavabdehə qarşı “kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə yenidən xx.xx.2023cü il tarixində Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 380-ci maddəsində qeyd edilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Bank tərəfindən xx.xx.2019-cu il tarixində müəyyənləşdirilmiş qaydada Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(002)- 2966/2019 nömrəli qərardadı ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar mülki iş baxılmamış saxlamışdır. AR MPM iddia ərizəsinin baxılmamış saxlama əsasları qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 2(002)-2966/2019 saylı qərardadının baxılmamış saxlanıma səbəbi 13 əsasın heç birinə aid deyil. Yəni Bank tərəfindən qanunvericilikdə müəyyənləşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş lakin Fərmanla əlaqədar baxılmamış saxlamışdır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Belə ki, Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı maddəsinə əsasən, Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır Fərman qəbul edildikdən sonra məhkəmələrdə Fərmanın təsir dairəsinə düşmüş işlər baxılmamış saxlanılırdı, elə bu işdə də olduğu kimi. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verildikdə isə yuxarı instansiya məhkəmələrində qüvvədə saxlanılırdı. Həmin işlər üzrə sənədlər məhkəmədən alınaraq yenidən müraciət edildikdə də eyni nəticə baş verirdi. Bu da özlüyündə Bankların tələb etmə hüququnun Fərmanın qəbul edildiyi tarixdən xx.xx.2019-cu il tarixinədək məhdudlaşdırdığını (borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır), başqa sözlə Bankların öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəlmədiyini (kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır) göstərir. Hətta yeni müqavilənin bağlanması üçün müraciətlərin qəbulu müddəti 31 dekabr 2019-cu il tarixində başa çatsa da, sonrakı illərdə bəzi işlər üzrə məhkəməyə müraciət etdikde belə Fərmanın təsir dairəsinə düşməsini əsas gətirərək məhkəmələr tərəfindən baxılmamış saxlanılırdı. Göründüyü kimi Bank öhdəliyin icra edilməsi üçün mümkün olan bütün imkanlardan istifadə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
12. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir
14. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
15. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya qeyd edir ki, Cavabdeh ilə QSC «Bank Standart» KB arasında 12 noyabr 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 12 noyabr 2016-cı il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
26. Məhkəmə kollegiyası hesab edir ki, 12 noyabr 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 12 noyabr 2016-cı il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 12 noyabr 2016-cı il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 21 iyun 2023-cü il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarından Cavabdeh tərəfindən iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən hərəkətlərin edilmədiyi aydın olur.
27. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
28. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin Prezidentin 28 fevral 2019-cü il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanıyla bağlı məsələlərin tənzimlənməsini gözlədikləri üçün 3 ildən artıq müddət ərzində iddia verməmələri barədə dəlilləri əsasızdır.
29. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
30. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2175/2023 saylı iş üzrə 04 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova