Məhkəmə qərarları › İş №2(103)-7208/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7208/2025

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7208/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi-vəkili Nağıyev Faiq Yavər oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, e-2(007)-679/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: 05 oktyabr 2024-cü il tarixində Qələbə dairəsindən üzü Ziya Bünyadov prospektinə doğru hərəkət edərkən Salamzadə küçəsində “Mercedes Benz” sprinter yük markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh1 İXM-in 327.1-ci maddəsi ilə törətdiyi inzibati xətaya görə təqsirli bilinmiş və 40 manat cərimə olunmuşdur. “Mercedes Benz” sprinter yük markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı maşın Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh1 isə həmin maşını etibarnamə əsasında idarə etmişdir. Sığorta tərəfindən iddiaçıya icbari sığortaya görə 3370.79 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə pulun iddiaçının xeyrinə tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 6.375 manat məbləğində, iddiaçı tərəfindən taksi xidməti ilə əlaqədar ödənilmiş 1.000 manat pul vəsaitinin və 94 manat məbləğində dövlət rüsumunun, habelə vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində xidmət haqqı olmaqla ümumilikdə 7.769 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə dəqiqləşdirmə ərizəsi verərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsini iddiaçıya dəymiş zərərin əvəzi olaraq 6.990 manat pul vəsaitinin, iddiaçı tərəfindən taksi xidməti ilə əlaqədar ödənilmiş 1.000 manat pul vəsaitinin, 106 manat məbləğində dövlət rüsumunun, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində xidmət haqqı, habelə qiymətləndirmə üçün ödənilmiş 250 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 8.646 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən nümayəndəsi olduğu İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər vurulmuş, nəticədə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, iddiaçının verdiyi etibarnamə əsasında onun **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı minik avtomobilini idarə edən oğlu X4 05 oktyabr 2024-cü il tarixində Qələbə dairəsindən üzü Ziya Bünyadov prospektinə doğru hərəkət edərkən Salamzadə küçəsində maşınların sıxlığı səbəbindən aşağı sürətlə irəlilədiyi zaman **-MR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” sprinter yük maşınının sürücüsü olan Cavabdeh1 ara məsafəsi qaydalarını kobud surətdə pozaraq yüksək sürətlə iddiaçının avtomobilinə arxadan dəymiş, zərbənin təsirindən iddiaçının avtomobili də onun qarşısındakı avtomobilə dəymiş və nəticədə zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı aparılmış araşdırma nəticəsində Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi əsasında təqsiri müəyyən olunmuş və barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bununla bağlı inzibati tənbeh vermə haqqında qərarın surəti iddia ərizəsinə əlavə olunur. Yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə dəymiş zərərlə bağlı qüsur aktları tərtib olunmuşdur. İddia ərizəsinə əlavə edilən birinci qüsur aktında istifadə ediləcək ehtiyyat hissələrinin dəyəri və görüləcək təmir işləri ilə bağlı çəkiləcək xərclərin cəminə uyğun olaraq dəymiş zərərin məbləği 9.745 AZN, digər qüsur aktına əsasən isə 9.830 AZN müəyyən olunmuşdur. Cavabdeh hadisədən sonra dəymiş zərərin əvəzini ödəməkdən yayındığından hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onu da nəzərə çatdırır ki, baş vermiş sığorta hadisəsinə görə sığorta təşkilatı tərəfindən iddiaçıya dəymiş zərərin 3.370 AZN uyğun hissəsi qarşılandığından hazırda əvəzi ödənilməmiş zərərin iddiaçı lehinə cavabdehdən tutulması zərurəti yaranmışdır. Bu mənada iddiaçıdan tutulmalı olan pul vəsaitinin məbləği 6.375 AZN (“9745-3370”) təşkil edir. Eyni zamanda hadisə baş verdiyi vaxtdan indiyə kimi 50 gün keçdiyini və iddiaçının avtomobildən istifadə edə bilmədiyinə görə hər gün taksi xidmətindən istifadə etdiyi nəzərə alınsa müvafiq xidmətdən istifadə nəticəsində ödənilən xidmət haqları da cavabdehdən iddiaçının lehinə tutulmalıdır. Belə ki, iddiaçının hər gün taksi xidməti ilə əlaqədar ödədiyi xidmət haqqı ortalama 20 manat təşkil etdiyindən bu günə kimi ona dəymiş zərər 1.000 manat kimi qiymətləndirilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, e-2(007)- 679/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi ziyanın əvəzi 6.990 manat, hüquqi yardım üçün ödənimiş 300 manat, qiymətləndirmə üçün ödənilmiş 250 manat və ödənilmiş dövlət rüsumunun 93,31 manatı tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada, mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurmuş və tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Belə ki, avtomobilin hadisə baş verən anda mülkiyyətçisi Cavabdeh2 olmuşdur. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, “My Auto Service” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli avtomobilin qüsur aktından görünür ki, “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinə 9.745 manat, “HH Service” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli avtomobilin qüsur aktından görünür ki, “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinə 9.830 manat müəyyən edilmişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 10.360 manat müəyyən edilmişdir. İddiaçının icbari sığortası olduğuna görə "xxxx" Sığorta ASC tərəfindən 3370.79 manat məbləğində zərərin əvəzi X3 ödənilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı təqdim olunmuş və tədqiq edilmiş sübutları qiymətləndirərək, qeyd etmişdir ki, ekspert rəyi əsas götürülməklə və "xxxx" Sığorta ASC tərəfindən icbari sığortaya görə ödənilmiş 3370.79 manat məbləğ nəzərə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi ziyanın əvəzi 6.990 manat iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, hüquqi xidmət üçün iddiaçı tərəfindən 350 manat ödəniş edilmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “taksi xidməti ilə əlaqədar ödənilmiş 1.000 azn pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin Cavabdeh2 münasibətdə təmin edilməsi qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, həmin hissədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirinin ləğvinə dair verilmiş olan şikayətdə münasibət bildirilmişdir. Buna baxmayaraq Nizami rayon Məhkəməsi əsassız olaraq cavabdehlərin hər ikisindən zərəri müştərək qaydada tutulmasını qət etmişdir. İş materiallarından da görünür ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə əsasında qanuni olaraq üçüncü bir şəxsə vermişdir. Həmin şəxsin törətmiş olduğu deliktə görə mülkiyyətçinin də cavabdeh olması ümumiyyətlə Mülki Məcəllənin prinsiplərinə ziddir. Nizami rayon Məhkəməsi isə qanuni əsaslarla, yəni etibarnamə ilə başqa bir şəxsin istifadəsinə verilmiş nəqliyyat vasitəsi ilə həmin şəxsin törətmiş olduğu deliktdən mülkiyyətçini də məsul şəxs hesab etmişdir. Halbuki Mülki Məcəllənin digər normalarına, delikt institutunun ümumi ruhuna ziddir. Nizami Rayon məhkəməsi işin gedişində nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair qadağa qoysa da, məhz mülkiyyətçi tərəfindən verilmiş olan şikayət əsasən Bakı Apellyasiya məhkəməsi həmin müvəqqəti təminat tədbirinin qanunsuz olduğunu təsdiqləmiş və ləğv etmişdir. Bu halın özü əslində apellyasiya instansiya məhkəməsinin hazırki işlə bağlı mövqeyini açıqladığı anlamına gəlməlidir. Lakin Nizami Rayon məhkəməsinin hazırki formada qətnamə qəbul etməsi anlaşılan deyildir. Hazırki mülki işdə zərərvuran etibarnamə ilə qanuni sahiblik edən şəxsdir. Mülkiyyətçinin etmiş olduğu heç bir mülki hüquq pozuntusu olmamışdır ki, zərərin ödənilməsi də onun üzərinə qoyulsun. Məhkəmənin mövqeyindən o anlaşılır ki, artıq heç kəsə etibarnamə verməyin bir mənası yoxdur, çünki zərəri sürücü vursa da, məsuliyyəti mülkiyyətçi daşıyacaq. Halbuki etibarnamə tələbi qanunverici tərəfindən ləğv olunsa belə, yenə də məsuliyyəti birbaşa zərərvuran daşımalı olacaqdır. Mülkiyyətçiyə münasibətdə iddia o vaxt təmin oluna bilərdi ki, mülkiyyətçi və sürücü eyni şəxs olsun. Mövcud qanunvericilik, məhkəmə praktikası və Konstitusiya Məhkəməsinin mövqeyi də bu yöndədir. Mülki Məcəllənin istinad edilən 1108.2-ci maddəsində də qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bu maddədən də açıq-aşkar görünür ki, mənbə sahibi o zaman məsuliyyətə cəlb oluna bilər ki, həmin mənbənin hüquqazidd olaraq götürülməsində özü də təqsirli olsun. Hazırki işdə mülkiyyətçi qanuni olaraq etibarnamə verdiyindən burada qanunsuz olaraq sahiblikdən çıxmadan bəhs oluna bilməz və dolayısı ilə də mülkiyyətçi üzərinə heç bir zərərin ödənilməsi vəzifəsi qoyula bilməz. Bakı şəhəri Nizami rayon məhkəməsi mövcud qanunvercilik normalarını düzgün tətbiq etməyərək əsassız qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarından da göründüyü kimi etibarnamə əsasında qanuni sahiblik edən şəxsin törətmiş olduğu mülki hüquq pozuntusuna görə onun özü cavabdehdir. Qətnamənin 27-ci bəndinə diqqət yetirəndə görünür ki, mülkiyyətçinin hansı səbəbdən zərəri ödəməli olmasına dair heç bir əsaslandırma yoxdur. Yalnız son cümlədə mülkiyyətçinin Cavabdeh2 olması vurğulanmışdır. Buradan da aydın olur ki, məhkəməyə görə mülkiyyətçi olmaq delikt törətmək anlamına gəlməkdədir. Göründüyü kimi məhkəmə mülkiyyətçinin hansı əsasla məsuliyyət daşımalı olmasını açıqlaya bilməmiş, maddi hüquq normasını yanlış tətbiq etmiş, bununla da qətnamənin qanuni və əsaslı olmasına dair imperativ tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Həmçinin qətnamə iddiaçı və digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin Cavabdeh2 aid hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarının: 4.26. Delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Cavabdeh2 aid hissədə mülki işi kifayət qədər araşdırmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Cavabdeh1 “Mercedes Benz” sprinter yük markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. “Mercedes Benz” sprinter yük markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı maşın Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh1 isə həmin maşını notariat kontoru tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus minik maşınının əzilməsi nəticəsində ona maddi zərər vurulması, Cavabdeh1 yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilməsinə baxmayaraq, Cavabdeh1 onun işçisi olmasını bildirsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Başqa sözlə, Cavabdeh1 Cavabdeh2 mənafeyi baxımından avtomobili idarə etməklə hər hansı işi görməsi sübut olunmur. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 aid hissədə təmin etməklə düzgün olmayan nəticəyə gəlməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbləri baxımından zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki işin faktiki hallarından isə görünür ki, 05 oktyabr 2024-cü il tarixində Qələbə dairəsindən üzü Ziya Bünyadov prospektinə doğru hərəkət edərkən Salamzadə küçəsində “Mercedes Benz” sprinter yük markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və Cavabdeh1 **-MR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” sprinter yük markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. Yekunda məhz Cavabdeh1 İXM-in 327.1-ci maddəsi ilə törətdiyi inzibati xətaya görə təqsirli bilinmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı Cavabdeh2 aid hissədə təmin etməklə bir cümlə ilə “avtomobilin hadisə baş verən anda mülkiyyətçisi Cavabdeh2 olmuşdur” əsaslandırması düzgün olmamışdır. Çünki yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı). İş materiallarından da göründüyü kimi avtomobilin hadisə baş verən anda mülkiyyətçisi Cavabdeh2 olsa da, həmin avtomobil qanuni əsaslarla digər Cavabdeh1 tərəfindən idarə olunmuş və sonuncu məhz avtomobili qanuni əsaslar olmadan idarə edilməsi ilə deyil, İXM-nin 327.1-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) təqsirli bilinmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin “Mersedes Benz” Spinter yük markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 qarşı yönəlməsi əsassız olmuşdur. Həmçinin Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını Cavabdeh2 aid hissədə məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə Cavabdeh2 aid hissədə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə vurulmuş maddi ziyanın ödənilməsi hissəsi əsassız olduğundan iddianın digər hissələri, yəni hüquqi xidmət üçün ödənilmiş vəsaitin və ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutulmasının da əsası olmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını müəyyən etməyərək, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası bununla bağlı hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, e-2(007)- 679/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası Cavabdeh2 aid hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar