Məhkəmə qərarları › İş №2(103)-721/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-721/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-721/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-5646/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı QSC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditorun xeyrinə 09R000012007 saylı kredit razılaşması üzrə 3184,13 manat məbləğində kredit borcu, 1183,79 manat məbləğində faiz borcu və 318,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4686,33 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3184,13 manat məbləğində əsas, 1183,79 manat faiz borcu, 318,41 manat cərimə borcu olmaqla, cəmi 4686,33 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması müəyyən edilmişdir.

3. Borclu Cavabdeh2 məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir.

4. Xətai Rayon Məhkəməsinin 2(011)-5646/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Lalə Rəhimli) ilə iddia qismən təmin edilmiş, 3184,13 (üç min yüz səksən dörd manat on üç qəpik) manat əsas borc, 1183,79 (min yüz səksən üç manat yetmiş doqquz qəpik) manat faiz borcu, 318,41 (üç yüz on səkkiz manat qırx bir qəpik) manat cərimə olmaqla, cəmi 4686,33 (dörd min altı yüz səksən altı manat otuz üç qəpik) manat məbləğində kredit borcu və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən zaminə münasibətdə iddia tələbi təmin edilməyərək “kredit xətti müqaviləsində mühüm şərtlərdən biri olan kredit vəsaitinin qaytarılması üçün nəzərdə tutulan illik və ya aylıq faiz dərəcəsi göstərilmədiyindən, həmçinin həmin kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmasında verilmiş 6000 manat məbləğində kredit vəsaitinin qaytarılması üçün müəyyən edilmiş aylıq 2.3333% dərəcəsi barədə zaminin razılığı olmadığından, hazırkı iddia tələbinin əsas, faiz və cərimə borcunun Cavabdeh1 ilə yanaşı zamin Cavabdeh2 tutulması hissəsində rədd edilməlidir” ilə əsaslandırılmışdır.

6. İstinad olunan maddi hüquq normasının tələbi üzrə zaminlik müqaviləsinə xitam verilməsi üçün zaminin məsuliyyəti artmalıdır. Hazırkı mülki işin hallarından məlum olduğu kimi, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi kredit xətti müqaviləsi və kredit razılaşması bağlanan gündə, yəni xx.xx.2014- cü il tarixində bağlanmışdır. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsində xx.xx.2014-cü il tarixli 09L000005696 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, Cavabdeh2 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti çərçivəsində verilən bütün kreditlərin qaytarılmasına zəmanət vermişdir. Yəni Mülki Məcəllənin 477.0.1ci maddəsində nəzərdə tutulmuş zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verməmişdir.

7. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş maliyyə arayışından və ödəniş planından görünür ki, əsas borc və hesablanmış faiz məbləğləri ümumilikdə zaminin öhdəlik kimi götürdüyü 50000 ABŞ dolları limitini aşmır. Yəni zaminlik müqaviləsində zaminin ödənilməsinə zamin dayandığı pul öhdəliyinin 50000 (əlli min) ABŞ dolları çərçivəsində və 120 (yüz iyirmi) ay müddətində olması müəyyənləşdirildiyi üçün kreditin geri qaytarılması müddəti və məbləği zaminin zamin durduğu xx.xx.2014-cü il tarixli 09L000005696 saylı kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və məbləğ həddindədir.

8. Məhkəmə hazırkı iş üzrə Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadını nəzərə almamışdır.

9. Belə ki, yuxarıda istinad olunan qərardada əsasən həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

10. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi eyni tarixdə xx.xx.2014-cü il tarixində imzalanmışdır. Bununla yanaşı, məhkəmə əmri xx.xx.2016- ci il tarixində qəbul edilərək icraya yönləndirilmiş, iş məhkəmənin icraatından çıxmışdır. İş icra mərhələsində olarkən cavabdeh tərəfindən verilən əmrə etirazın nəticəsi olaraq iş məhkəmənin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuşdur və hazırki işə iddia qaydasında baxılaraq məhkəmə qətnaməsi xx.xx.2022ci il tarixində qəbul edilmişdir.

11. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı şəhəri X ətai rayon Məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə zaminin məsuliyyətinin artması qənaətinə gələrək səhvə yol vermişdir.

12. Bu səbəbdən, qətnamənin qismən –iddia tələbinin zamin Cavabdeh2 qarşı təmin edilməməsinə dair hissədə ləğv edilərək həmin hissədə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Hüseynova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, məhkəmə hazırkı işlə bağlı 2016-cı ildə məhkəmə əmri çıxarıb və icraya göndərib, belə olan halda rayon məhkəməsi Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarlarına əsaslanaraq iddia tələbini zaminə münasibətdə təmin etməməkdə haqlı olmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

15. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

17. , İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09L000005696 saylı kredit xətti müqaviləsi əsasında, bank tərəfindən Cavabdeh1 50000 ABŞ dolları məbləğində 120 ay müddətinə qaytarılmaq şərti ilə kredit xətti açılmışdır;

18. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 09R000012007 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2,3333% olmaqla, 18 ay müddətinə qaytarılmaq şərti ilə 6000 manat məbləğində kredit pul vəsaiti verilmişdir.

19. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 09S000010749 saylı kredit xətti müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə borclunun öhdəliklərini icra etmək məqsədi ilə Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.

20. Cavabdeh1 qeyd edilən müqavilə üzrə 3184,13 manat məbləğində əsas, 1183,79 manat məbləğində faiz, 318,41 manat məbləğində cərimə olmaqla, cəmi 4686,33 manat məbləğində kredit borcu vardır.

21. Mülki iş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə

22. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı:

24. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadı

26. Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

38. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

39. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən, Cavabdeh2 aid iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin Cavabdeh2 aid təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

44. İddia tələbini zaminə münasibətdə təmin etməyən rayon məhkəməsi öz möveyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Plenumunun qərarına istinad edərək belə əsaslandırmışdır.

45. İddiaçı apellyasiya şikayətində göstərir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadını nəzərə almamışdır.

46. Həmin qərardada əsasən, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

47. Hazırkı iş üzrə tərəflər arasında kredit və zamin müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, bundan əlavə hazırkı işə əmr icraatı qaydasında baxılaraq, iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri çıxarılaraq icraya yönəldilmişdir. Bununla da məlum olur ki, tərəflər arasında münasibət və iş üzrə çıxarılmış məhkəmə aktı Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarından əvvəlki dövrə aid olmuşdur. Rayon məhkəməsi isə Plenumun 11 oktyabr 2019-cu il tarixli qərardadını nəzərə almamış, iddia tələbini zaminə münasibətdə təmin etməmişdir.

48. Belə olan halda məlum olur ki, rayon məhkəməsi Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarlarına istinad edərək zaminə münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.-ci maddəsinə əsasən maddi hüquq normasının düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir.

50. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin Cavabdeh2 aid təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Nəticə:

51. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin Cavabdeh2 aid təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3184,13 (üç min yüz səksən dörd manat on üç qəpik) manat əsas borc, 1183,79 (min yüz səksən üç manat yetmiş doqquz qəpik) manat faiz borcu, 318,41 (üç yüz on səkkiz manat qırx bir qəpik) manat cərimə olmaqla, cəmi 4686,33 (dörd min altı yüz səksən altı manat otuz üç qəpik) manat məbləğində kredit borcu və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

53. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.

54. Qətnamənin 41-ci bəndinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı QSC -nin apellyasiya şikayəti təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-5646/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh2 aid təmin edilməyən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. Əsas borc üzrə 3184,13 (üç min yüz səksən dörd manat on üç qəpik) manat, 1183,79 (min yüz səksən üç manat yetmiş doqquz qəpik) manat faiz borcu, 318,41 (üç yüz on səkkiz manat qırx bir qəpik) manat cərimə olmaqla, cəmi 4686,33 (dörd min altı yüz səksən altı manat otuz üç qəpik) manat məbləğində kredit borcu və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 (qırx beş) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar