Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7210/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli AİD-2023/4623 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı xx.xx.2024-cü il tarixində apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-1038/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı, onun tərəfindən xx.xx.2024-cü il tarixində xəbərnaməyə imza edilərək, rəsmi qaydada təqdim edilmişdir. Lakin hazırkı apelyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Beləliklə, İddiaçı apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti İddiaçı tərəfindən müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti və onlara əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Sonradan iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad qanunsuz və əsassızdır. Buna görə də həmin qərardad ləğv edilməli və apellyasiya şikayəti və onlara əlavə edilmiş sənədlər apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayətinin qaytarılma əsası apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsi olmuşdur. Halbuki, apellyasiya şikayəti məhkəmə qərardadında qeyd olunduğu kimi 24 sentyabr 2024-cü il tarixdə deyil, 06 avqust 2024-cü il tarixdə təqdim olunmuşdur (elektron məhkəmədən çıxarışlar şikayətə əlavə olunur). Məhkəmə qərardadında da qeyd olunduğu kimi sözü gedən qətnaməsi İddiaçı xəbərnaməyə imza edilərək, rəsmi qaydada, xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada 1 ay müddətində verilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Qeyd olunan istifadə qaydalarında da başqa qayda müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin birinci hissəsinə əsasən hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər Buna görə də hesab edirik ki, apellyasiya şikayəti vaxtında, yəni qanunvericiliklə müəyyən edilmiş qaydada 1 aylıq müddət ərzində verildiyi üçün məhkəmə apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli idi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, işin halları araşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı xəbərnaməyə imza edilərək, rəsmi qaydada, xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində əsasən apellyasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməsi qeyd olunmuşdur. İddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini rəsmi qaydada aldığı gündən xx.xx.2024-cü il tarixədək apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddiaçının nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətə əlavə edilmiş “Elektron Məhkəmə” Sistemindən çıxarışından görünür ki, şikayət xx.xx.2024-cü il tarixində “göndərilmiş” statusunu almışdır. Lakin “Elektron Məhkəmə” Sistemində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin xx.xx.2024-cü ildə daxil olması görünməkdədir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi mülki işin mübahisələndirilən hallarına düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin hansı tarixdə daxil olmasına tam aydınlıq gətirməmişdir. İddiaçının “Elektron Məhkəmə” Sistemində göstərilən apellyasiya şikayətinin göndərilmə tarixi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “Elektron Məhkəmə” Sistemində daxil olma tarixində olan 49 (qırx doqquz) gün fərqin hansı səbəbdən yarandığını müəyyən etməli idi. Məhkəmə tərəfindən apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olan müddətə verilib-verilmədiyini araşdırmaqla müəyyən etməli, yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, göstərilən xüsusatla nəzərə alınmalqa mülki iş apellyasiya şikayətinin vaxtında verilib-verilməməsi ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1038/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya şikayətinin vaxtında verilib-verilməməsi ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7210/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7210/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver