Məhkəmə qərarları › İş №2(103)-7212/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7212/2021

11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7212/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundani barət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19500 ABŞ dolları məbləğində maddi, 5000 manat məbləğində mənəvi ziyanın, cəmi 24500 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş N 2(011)-593/20) iddia tələbi təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və A.Tanrıverdiyev, iş N 2(103)-5421/20) Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iddia qismən təmin edilmiş, cavabdehdən 19500 ABŞ dolları məbləğində pulun məzənnə üzrə manatla tutulub iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov-sədrlik edən və məruzəçi, Ə.Nurməmmədov və V.Həsənov, iş N 2(102)- 2335/21) kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 İyul 2017-ci il tarixdə Cavabdeh 2014-cü il buraxılışlı ban nömrəsi Z8TGYKH40EM010976 olan X2 markalı avtomobili almışdır. Maşının qiymətini 19500 ABŞ dollarına danışıb pulu tam şəkildə ödəmişdir. Həmin vaxt Cavabdeh avtomobillə bağlı heç bir problemin olmadığını demişdir. 09 avqust 2019-cu ildə həmin avtomobillə ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasının Bolnisi rayonuna istirahətə gedərkən X3 X1 Respublikasına aid olan hissəsində polis əməkdaşları onu saxlamış, avtomobilin İnterpol tərəfindən axtarışda olduğunu və üzərinə həbs qoyulduğunu deyərək, avtomobili ondan almışlar. Ailəsi ilə birlikdə məcbur olub taksi ilə Bolnisi rayonuna getmiş, bütün istirahətləri korlanmış, istirahət etmək əvəzinə əsəbiləşmişdir. O, dərhal Bakıya qayıtmış və Cavabdeh zəng vurub, onunla görüşməyi təklif etmiş, lakin cavabdeh onunla görüşməmişdir. Telefon danışığında hadisə barədə ona hər şeyi danışmış, ondan aldığı pulun geri qartarılmasını xahiş etmiş, o, isə bundan imtina etmişdir. Qırmızı Körpüdə olan zaman Gürcüstanın polis əməkdaşları avtomobilin 2014-cü ildə Rusiya Federasiyasının İrkutsk şəhərində oğurlandığını, 2015-ci ildən Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyini bildirmişlər. Avtomobilin ailəsinin yanında, istirahətə getdiyi zaman sərhəddə ondan alınması əsəb gərginliyi və sarsıntı keçirməyinə gətirib çıxarmışdır. Cavabdehin avtomobilin interpol tərəfindən axtarışda olmasını bilməsi və bunu bilə-bilə həmin avtomobili ona satması səbəbindən keçirdiyi mənəvi sarsıntı və stresə görə ona dəyən mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirir. İddia ərizəsində göstərilənləri nəzərə alaraq, iddiaçı Cavabdeh 19500 ABŞ dolları məbləğində maddi, 5000 manat məbləğində mənəvi ziyanın, cəmi 24500 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Şahverdi iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddiaçı cavabdehdən aldığı X2 markalı avtomobili ilə əvvəl Gürcüstana problemsiz səyahət etsə də, sonuncu dəfə sərhəddən keçərkən ona bildirilmişdir ki, həmin əvvəlki mülkiyyətçisinin borcuna görə Rusiya Federasiyasının məhkəməsi tərəfindən avtomobilin üzərinə həbs qoyulmuşdur. Bununla bağlı olaraq avtomobil ondan alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və göstərmişdir ki, 2014-cü il buraxılışlı ban nömrəsi Z8TGYKH40EM010976 olan X2 markalı avtomobili 03.12.2015-ci il tarixdə Gürcüstanda almışdır. Azərbaycana gətirdikdə həmin avtomobil Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən yoxlamadan keçirilmiş və müvafiq uyğunluq sertifikatı verilmiş, 03.12.2015-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. O, həmin maşını 19500 ABŞ dollarına 20 iyul 2017-ci il tarixdə İddiaçı satmışdır. Avtomobil onda olduğu dövrdə dəfələrlə Gürcüstana səyahət etmişdir, lakin maşında hər hansı problemin olduğu aşkar edilməmişdir. Cavabdeh mübahisəli avtomobilin sənədləşdirilməsinə dair sənədləri məhkəməyə təqdim edərək, bildirmişdir ki, mübahisəli avtomobilin vicdanlı alıcısıdır, həmin avtomobili özü də əldə edərkən, cavabdehə də satarkən avtomobildə heç bir problem olmamışdır. Cavabdeh bir daha vurğulamışdır ki, mübahisəli avtomobil gömrükdə tam yoxlanılmış və ona uyğunluq sertifikatı verilmişdir. Həmin sertifikatda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən sifariş olunan buraxılış ili 2004 X2 markalı avtonəqliyyat vasitəsi normativ sənədlərin tələblərinə uyğundur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2014-cü il buraxılışlı ban nömrəsi Z8TGYKH40EM010976 olan X2 markalı avtomobili Cavabdeh tərəfindən 03.12.2015-ci il tarixdə Gürcüstanda alınmış, daha sonra 19500 ABŞ dollarına 20 iyul 2017-ci il tarixdə İddiaçı satılmışdır. 09 Avqust 2019-cu ildə İddiaçı həmin avtomobillə ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasının Bolnisi rayonuna istirahətə gedərkən X3 X1 Respublikasına aid olan hissəsində polis əməkdaşları tərəfindən saxlanılaraq, həmin avtomobilin İnterpol tərəfindən axtarışda olduğu və üzərinə həbs qoyulduğu bildirilərək, avtomobil cərimə meydançasına yerləşdirilmişdir. İddiaçı nümayəndəsi təsdiq etmişdir ki, iddiaçı mübahisəli avtomobillə daha əvvəl Gürcüstana səyahət etmiş və heç bir problemi olmamışdır. Cavabdeh məhkəməyə mübahisəli avtomobilin sənədləşdirilməsinədair sənədləri təqdim edərək, mübahisəli avtomobili qanunauyğun şəkildə 03.12.2015-ci il tarixdə Gürcüstanda lazımi sənədləşdirilmə aparılmaqla əldə etdiyini, Azərbaycana gətirdikdə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən yoxlamadan keçirildiyini və müvafiq uyğunluq sertifikatını aldığını sübut etmişdir. İddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq 25.09.2020-ci il tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianı qismən təmin etmişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə əvvəlki apellyasiya baxışı zamanı işə baxmış məhkəmə nəqliyyat vasitəsinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin nəqliyyat vasitəsinə dair iddiaçının adına verilmiş Şəhadətnamənin qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsinə, bu gün də nəqliyyat vasitəsinin daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatda qalmasına əhəmiyyət vermədən və ən əsası hazırkı mülki mübahisədə cavabdehin mülki məsuliyyətinin nədən ibarət olmasını kifayət qədər araşdırmadan, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşaraq iddianın qismən əsaslı olması nəticəsinə gəlmişdir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya üçüncü şəxsin hüququndan azad nəqliyyat vasitəsi verməməsi qənaətinə gəlsə də, iş materiallarında buna dair hər hansı sübut yoxdur. Sözügedən nəqliyyat vasitəsi üzərində üçüncü şəxsin hər hansı hüququnun olmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur və ümumiyyətlə üçüncü şəxsin şəxsiyyəti, kimliyi məlum deyil. İşin 10-12-ci vərəqələrində olan Akt və ona əlavə edilmiş sənədlər isə kserosurət olmaqla Azərbaycan Respublikası MPM-nin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab vermir. İşə əlavə edilmiş digər sübutlarla isə həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün deyil. Sadalanan mülki prosessual normaların mənasına görə, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilməlidir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, eləcə də kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə, sözügedən müqavilə üzrə cavabdeh üzərinə düşən vəzifəni tam icra edərək nəqliyyat vasitəsini, onun ləvazimatlarını, sənədlərini iddiaçının mülkiyyətinə vermiş, sonuncu isə nəqliyyat vasitəsini qəbul edərək əvəzində müəyyənləşdirilmiş 19.500 ABŞ dolları məbləğində pulu cavabdehə ödəmişdir. Bundan sonra iddiaçı, müqaviləyə əsasən nəqliyyat vasitəsini daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə öz adına qeydə aldıraraq müvafiq Şəhadətnamə almışdır. Göründüyü kimi, nəqliyyat vasitəsinin hüquqi qeydiyyatı və onun alqı-satıqısı zamanı cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusuna yol verilməmışdir. Belə olan halda sözügedən nəqliyyat vasitəsinin üçüncü şəxsdən oğurlanması sübuta yetirilərsə və bu hadisədə cavabdehin təqsiri müəyyən edilməzsə, onda iddiaçıya dəymiş maddi, mənəvi zərərə görə cavabdeh deyil, aidiyyəti qurumlar mülki məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin sənədlərdə mübahisəli nəqliyyat vasitəsinin həqiqətən üzərinə həbs qoyulması, axtarışa verilməsi və sair barədə hər hansı ölkənin qanuni qüvvəyə minmiş məhkəmə aktının olması görünmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə iş və mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 4.1-ci, Mülki Məcəllənin 158.3, 182.1-ci maddələrinə, eləcə də Avropa İnsah Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar