Məhkəmə qərarları › İş №2(103)-7214/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7214/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7214/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. Mübahisə, İddiaçı mərhum oğlu Vahid Kərimovla Cavabdeh1 arasında Novxanı qəsəbəsində yerləşən bağ evinin alqı-satqısına dair şifahi razılaşma əsasında 2007-ci ildə sonuncuya verildiyi iddia olunan 87 000 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması tələbi ilə bağlıdır.

2. Həmin razılaşma notarial qaydada təsdiqlənməmiş, bununla belə qeyd olunan vəsaitin Cavabdeh1 verilməsinə dair 04.08.2009-cu il tarixdə tərtib edilmiş aktın surəti iddia ərizəsinə əlavə edilmişdir.

3. Sonradan tərəflər arasında mübahisə yaranmış, prokurorluq orqanında araşdırma aparılmış, Cavabdeh1 04.12.2012-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna verdiyi izahatında pul vəsaiti aldığını təsdiqləmişdir.

4. 01 noyabr 2013-cü ildə Vahid Kərimov vəfat etmiş, anası (hazırkı iş üzrə iddiaçı) İddiaçı ondan qalan mirasa 06.05.2014-cü ildə vərəsəlik şəhadətnaməsi almışdır.

5. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli 2(012)-189/2015 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Fərid Məmmədova qarşı alqı-satqı və ipoteka müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X6 Hüseynov arasında bağlanmış bağ evinin alqı-satqısının, habelə alqı-satqıya görə razılaşdırılmış 175 000 ABŞ dolları məbləğində puldan 121 000 ABŞ dollarının ödənilməsi və Vahid Kərimovun alqı-satqıya görə Cavabdeh1 54 000 ABŞ dolları məbləğində borclu qalmasının tanınması barədə tələbi təmin olunmamışdır.

6. Bakı şəhəri Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin 06.08.2017-ci il tarixli qərarı ilə İddiaçı eyni məsələ ilə bağlı Cavabdeh1 barəsində etdiyi şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 29.07.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmuş maddi ziyana görə 87 000 ABŞ dolları məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh1 2007-ci ilin dekabr ayında Abşeron rayonu, Novxanı kəndində 0,08 hektar torpaq sahəsinin üzərində yerləşən özünə məxsus fərdi bağ evini onun oğlu mərhum Vahid Kərimova satmış, bağ evinə görə X5 tərəfindən 87 000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 vermişdir. Cavabdeh1 Azərbaycan Respublikası Baş Prokurorluğuna 04 dekabr 2012-ci il tarixdə verdiyi izahatında X2 87 000 ABŞ dolları məbləğində pulun alınmasını etiraf etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli qətnaməsində qeyd edilir ki, Vahid Kərimov evin qiymətini 170 000 ABŞ dolları olmaqla, 93 000 ABŞ dolları ödənildiyini bildirmişdir. Şahid qismində dindirilmiş Elmira Kərimzadə evin alınmasına görə pulun Vahid Kərimov tərəfindən verildiyini göstərmişdir. Bundan əlavə Cavabdeh1 Baş Prokurorluğa verdiyi izahatında 87 000 ABŞ dolları məbləğində pulu Vahid Kərimovdan aldığını bildirmişdir. Cavabdeh2 Cavabdeh1 tərəfindən həmin pul məbləğinin alındığından xəbərdar idi və bu məbləğ ailənin ümumi büdcəsinə daxil edilmişdir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli qətnaməsi ilə bağ evinin alqı-satqısı barədə tələb təmin edilməmişdir. Belə ki, tərəflər arasında heç bir alqı-satqı müqaviləsi olmamışdır. İndiyədək aparılmış mülki icraata əsasən onun həmin evə qaytarılması barədə tələbi də rədd edilmişdir. Hazırda həmin evdə heç bir mülkiyyət hüquqları yoxdur. Buna baxmayaraq cavabdehlər aldıqları 87 000 ABŞ dolları məbləğində pulu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişlər. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.

9. Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir, 2007-ci ildə X5 ilə ona məxsus evin alqısatqısına dair (170 000 ABŞ dolları) qeyri-rəsmi müqavilə bağlamış, müqaviləyə əsasən X2 hər hansı məbləğdə pul almamış və onun bu şəxsə hər hansı məbləğdə borcu yoxdur. Bundan əlavə hesab edir ki, X3 anasının ümumiyyətlə ondan pul tələb etmək hüququ yoxdur. Olsa da belə X5 ilə aralarında olan qeyri-rəsmi alqı-satqıdan artıq 10 il, prokurorluqda 2012-ci ildə verdiyi izahatdan isə 7 il keçmişdir. Bu səbəbdən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş edir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər öz aralarında daşınmaz əmlakın alqı-satqısına dair ilk olaraq razılığa gəlsələr də, sonradan bununla bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlamamışlar. Hüquqi nəticə etibarilə Cavabdeh1 hər hansı hüquqi əsas olmadan X4 məxsus pulu özündə saxlamışdır və bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan X3 hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Başqa sözlə, əsassız varlanma obyektini qaytarmaq hüququna iki illik iddia müddəti tətbiq edilir. Bu səbəblə məhkəmə, qeyd edilən məbləğin 2009-cu il tarixdə verildiyini nəzərə alıb hesab etmişdir ki, X1 bu məbləği tələb etmək hüququndan istifadə etməmiş və nəticə etibarilə iddia müddətini ötürmüşdür. Cavabdeh iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəblə məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilməli və bu əsasla iddia “Cavabdeh1 pulun tutulması” hissəsində rədd edilməlidir. Cavabdeh2 isə həmin münasibətlərin tərəfi olmamış və X2 hər hansı məbləğdə pul almamışdır. Bu şəxsin Cavabdeh1 həyat yoldaşı olması isə həmin məbləğin ondan tutulması üçün əsas deyil.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, 06.08.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks etdirilmiş cavabdehin izahatından belə qənaətə gəlmək olur ki, onun 2009-cu il tarixə X4 87 000 ABŞ dolları məbləğində borcu yaranmış, bundan sonra tərəflər arasında bağ evinin alqı-satqısına dair razılıq əldə edilmiş və həmin borc məbləği evin dəyərinin bir hissəsinin əvəzi olaraq nəzərə alınmışdır. Rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər öz aralarında daşınmaz əmlakın alqısatqısına dair ilk olaraq razılığa gəlsələr də, sonradan bununla bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlamamışlar. Hüquqi nəticə etibarilə Cavabdeh1 hər hansı hüquqi əsas olmadan V.Kərimova məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan V.Kərimovun hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Bu baxımdan iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. Həmin norma əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Rayon məhkəməsində işə baxılarkən Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kollegiya mülki iş üzrə qeyd edilən məbləğin 2009-cu il tarixdə verildiyini nəzərə alıb hesab edir ki, X1 bu məbləği tələb etmək hüququndan istifadə etməmiş, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 29.07.2019-cu il tarixdə müraciət etmişdir. Bu səbəblə rayon məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı, mərhum oğlu Vahid Kərimovun 2007-ci ildə Novxanı qəsəbəsində yerləşən bağ evinin alınması üçün Cavabdeh1la razılaşdırılmış dəyərin bir hissəsi olan və sonuncuya verilmiş 87 000 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir. Bununla əlaqədar istinaq orqanlarında müvafiq araşdırmalar aparılaraq cinayət işinin başlanılması rədd edilmiş, habelə Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, 2(012)-189/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Fərid Məmmədova qarşı alqı-satqı və ipoteka müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X6 Hüseynov arasında bağlanmış bağ evinin alqı-satqısının, habelə alqı-satqıya görə razılaşdırılmış 175 000 ABŞ dolları məbləğində puldan 121 000 ABŞ dollarının ödənilməsi və Vahid Kərimovun alqı-satqıya görə Cavabdeh1 54 000 ABŞ dolları məbləğində borclu qalmasının tanınması barədə tələbi rədd edilmişdir. Hazırda isə İddiaçı, vərəsəsi olduğu (miras qoyan) Vahid Kərimov tərəfindən Cavabdeh1 verilmiş 87 000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaya əsassız varlanma ilə bağlı qaydaları tətbiq edərək, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iki illik müddətin keçməsinə görə tələbi rədd etmişlər. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə tələb edilən pul vəsaiti daşınmaz əmlakın alqı-satqısı ilə bağlı Cavabdeh1 verildiyi üçün belə tələblərə şamil olunan iddia müddəti nəzərdən keçirilməmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə dаşınmаz əşyаlаrlа bağlı müqаvilə tələbləri üzrə iddia müddəti аltı ildir. İddiaçı sözügedən bağ evinə dair qaldırdığı iddianın Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli qətnaməsi ilə təmin olunmaması, habelə polis orqanına etdiyi şikayət üzrə Bakı şəhəri Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin 06.08.2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edildiyi nəzərə alındıqda, 29.07.2019-cu il tarixdə irəli sürülmüş hazırkı tələb üzrə iddia müddəti müzakirə edilməmiş və müvafiq hüquqi qiymət verilməmişdir”.

d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar

16. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış cavabdehlər isə hər hansı səbəb bildirmədən məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 373.2. Müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа b3ğiı müqаvilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

25. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

26. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. İddiaçının bildirdiyi faktiki hallar nəzərə alındıqda məlum olur ki, Vahid Kərimov, 87 000 ABŞ dolları məbləğində pul vəsaitini Novxanı qəsəbəsində yerləşən bağ evinin alqı-satqısına dair razılaşma çərçivəsində Cavabdeh1 vermiş, lakin sonradan bu razılaşma baş tutmamışdır; hazırkı iddiada isə həmin pul vəsaitinin Cavabdeh1 alınması tələb edilir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin (bundan sonra MM-in) 447.7-ci, 337.5-ci, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər.

28. Tələb edilən pul vəsaitinin daşınmaz əmlakın alqı-satqısı ilə bağlı olmasına istinad edildiyi halda nəzərə alınmalıdır ki, iş üzrə pul tələb edən şəxs bağ evinin satıcısı deyil, onu almaq istəyən şəxsin vərəsəsi İddiaçıdır. Başqa sözlə iddiaçı, alınması istənilən predmeti deyil, alqı-satqının baş tutmamasına görə razılaşmadan imtina olunmaqla verilmiş vəsaiti tələb edir. Məsələyə bu aspektdən yanaşdıqda ikitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi ilə bağlı münasibətləri tənzimləyən MM-in 447.1-ci və 447.7-ci maddələri yoxlanıla bilər. Həmin normalara görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, həm bu normanın, həm də dаşınmаz əşyаlаrlа bаğlı tələblər üzrə iddiа müddətini аltı il müəyyən edən MM-in 373.2-ci maddəsinin dispozisiya şərtləri baxımından etibarlı bir müqavilənin bağlanmış olması lazımdır. Başqa sözlə, hər iki normaya görə tərəflər arasında etibarlı və hüquqi nəticə yaradan bir müqavilə olmalıdır ki, hüquqi baxımdan ondan imtina etmək və həmin müqaviləyə söykənməklə daşınmaz əşyaya dair altı il ərzində iddia irəli sürmək imkanı olsun. Ona görə də, həmin normaların tətbiqi üçün istinad olunan razılaşmanın hüquqi bir nəticə yaradan etibarlı müqavilə olub-olmaması yoxlanılmalıdır.

29. İşin hallarından məlum olur ki, iddiaçının miras qoyanı Vahid Kərimovla Cavabdeh1 arasında daşınmaz əşya olan bağ evinin alqı-satqısına dair notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmamışdır. Halbuki, MM-in 144.1-ci və 329.1-ci maddələrinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd isə etibarsızdır. Bu hallar sözügedən razılaşmanın forma tələbinin pozulmasına görə etibarsız (əhəmiyyətsiz) olmasına, dolayısı ilə mərhum Vahid Kərimovla Cavabdeh1 arasında hüquqi nəticə yaradan etibarlı bir müqavilənin bağlanmadığına dəlalət edir.

30. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (MM, maddə 337.3 və 337.4).

31. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi MM-in 447-ci maddəsi, eləcə də аltı illik iddiа müddətinə dair həmin Məcəllənin 373.2-ci maddəsinin tətbiqi mümkün deyil.

32. Mövcud vəziyyətdə pul vəsaitinin qaytarılması tələbi üzrə əsassız varlanma və restitusiya ilə bağlı qaydalar nəzərdən keçirilə bilər. Belə ki, sözügedən müqavilə etibarsız olduğundan (hüquqi nəticə yaratmadığından) Cavabdeh1 əldə etdiyi 87 000 ABŞ dollarının keçərli bir hüquqi səbəbi olmamışdır. Bu halda o, V.Kərimovun əmlakı hesabına əsassız varlanmış sayılır. Çünki, MM-in 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

33. Etibarsız əqdin tərəflərinin əvvəlki vəziyyətə qaytarılmasına dair MM-in 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

34. Göründüyü kimi, MM-in 354.1-ci maddəsi, razılaşma ilə icra edilmişlərin əqdin əhəmiyyətsiz olmasına görə əsassız varlanmış digər tərəfdən geri istənilməsi ilə bağlıdır. Belə ki, əvəzedilən əşyalar (o cümlədən pul) əldə edənin əmlakına qarşıdığı andan onun mülkiyyətinə keçir və hüquqi əsas olmadan belə əldə etmə əsassız varlanma əmələ gətirir. Ona görə də MM-in 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə əmələ gələn əsassız varlanma hallarında etibarsızlığın nəticələrinin tətbiqinə, yəni MM-in 337.5-ci maddəsindəki restitusiyaya şamil olunan bir illik iddia müddətini nəzərdə tutur. Bu baxımdan həmin maddələr əsassız varlanmaya dair ümumi normalar olan MM-in 1092.1-ci və 1095-ci maddələri ilə müqayisədə xüsusi normalardır. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda isə xüsusi norma tətbiq edilir (Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu, maddə 10.4).

35. Hazırkı işdə Cavabdeh1 əsassız varlanması əhəmiyyətsiz əqd əsasında baş verdiyi üçün İddiaçı tələbinə xüsusi norma kimi MM-in 337.5-ci və 354.1-ci maddələri tətbiq edilməlidir.

36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı 87 000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 MM-in 337.5-ci maddəsinə əsasən tələb edə bilər. Bununla belə, həmin tələbin irəli sürülməsi üçün bir illik müddət nəzərdə tutulmuşdur (MM, maddə 354.1).

37. Mübahisənin düzgün həlli üçün iddia müddətinin axımının başlanma anının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur.

38. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, bağ evi ilə bağlı tərəflər arasında mübahisə 2012-ci ildən başlamışdır. İddiaçı özü bildirir ki, Vahid Kərimov məsələ ilə bağlı prokurorluğa şikayət etmiş, Cavabdeh1 bağ sahəsinə görə V.Kərimovdan 87 000 ABŞ dolları pul almasını 04.12.2012-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna verdiyi izahatında etiraf etmişdir. Həmin izahatın surəti də işə əlavə olunmuşdur.

39. Bu hal ona dəlalət edir ki, Vahid Kərimov bağ evi alması üçün verdiyi pul vəsaiti ilə bağlı hüququnun pozulduğunu ən azı 2012-ci ildən bilmişdir, yaxud bilməli idi. Buna baxmayaraq, nə o, nə də onun ölümündən sonra vərəsəsi İddiaçı bir il ərzində pulun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmış, bununla da iddia müddətini ötürmüşlər. Belə ki, hazırkı iddia ərizəsi 29.07.2019-cu ildə Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur.

40. O da nəzərə alınmalıdır ki, hüququ pozulmuş şəxsin istintaq orqanına və ya aidiyyəti olmayan məhkəməyə müraciət etməsi, yaxud qanunun tələb etdiyi qaydadan fərqli şəkildə tələb irəli sürməsi axımı başlanmış iddia müddətinin kəsilməsinə səbəb olmur. Təsadüfi deyil ki, qanun iddia müddətinin axımının kəsilməsinə əsas kimi müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsini nəzərdə tutur (MM, maddə 380.1). Ona görə də, iddiaçının 2015-ci ildə Abşeron Rayon Məhkəməsində digər tələblərlə qaldırdığı iddia, yaxud 2017-ci ildə polis orqanına etdiyi şikayət hazırkı tələb üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hallar kimi qəbul edilə bilməz. Hətta şərti olaraq qəbul edilsə belə, yenə də iddianın irəli sürüldüyü 29.07.2019-cu il tarixədək bir illik müddət ötürülmüşdür.

41. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6381/2019 saylı iş üzrə 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar