Məhkəmə qərarları › İş №2(103)-7215/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7215/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7215/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət etmişdir. Qusar rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərazi aidiyyətı ilə bağlı məsələ mübahisələndirilərək, həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 işi Qusar rayon Məhkəməsinə göndərdiklərindən, işin ərazi aidiyyatı üzrə Qusar rayon Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Qusar rayon Məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində göstərilən xx xxxx 1997ci il tarixdə, Qusar rayonu Hil kəndində anadan olmuş X2 hazırki iş üzrə cavabdeh deyildir. İş üzrə cavabdehlər xx xxxx 1979-cu il təvəllüdlü Cavabdeh1 və xx xxxx 1981-ci il təvəllüdlü X3 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli Q-massivindəki 24 saylı evin, 35-ci mənzilində yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İş materiallarından görünür ki, cavabdeh kimi qeyd olunmuş xx xxxx 1997-ci il tarixdə, Qusar rayonu Hil kəndində anadan olmuş X2 əsl cavabdehlə əvəz olunmamışdır. Digər tərəfdən Elektron Məhkəmə İnformasiya Sisteminin “Şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, digər cavabdeh- xx.xx.1981-ci ildə Laçın rayonunda doğulmuş Cavabdeh2 rəsmi qeydiyyatda olduğu yer Suraxanı rayonu deyildir. Onun Suraxanı rayonu ərazisində məskunlaşdığını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən məhkəmə aidiyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Kollegiya qeyd edir ki, məhkəmə aidiyyəti Prosessual Qanunvericilikdə dəqiq müəyyən edilmiş və bu norma məhkəmə müdafiəsindən istifadə edən subyektlər üçün tam aydın olaraq göstərilmişdir. Hazırki vəziyyətdə Qusar rayon Məhkəməsi tərəfindən işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi üçün prosessual əsaslar müəyyən olunmur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, hazırki mülki iş baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar