Məhkəmə qərarları › İş №2(103)-7221/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7221/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7221/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “sığorta ödənişi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş zərərə görə 3050 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-1227/21) iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.04.2020 ci il tarixdə Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi nəticəsində ona məxsuz “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Zərər vuran “Kia Cadenza” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası "xxxx" şirkətində yazılmışdır. X7 və sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət olunmuş, tərəflərindən hadisə qeydiyyata alınmışdır. X7 tərəfindən hadisə araşdırılıb və sığorta şirkəti tərəfindən ödənişin həyata keçirilməsi üçün tələb olunan Forma 4 icbari sığorta bürosu vasitəçiliyi ilə 25.04.2020 ci ildə sığorta şirkətinə təqdim olunmuşdur. İyul ayında yazılı sürədə şirkətə məktub ünvanlamış, cavab olaraq qeyd edilmişdir ki, DYP əməkdaşı tərəfindən hadisə zamanı alkoqol testi nəticəsi və hadisə zamanı hal şahidləri qeyd edilməmişdir, tələb olunan sənədləri təqdim etməyəcəyi halda ödənişə imtina veriləcəyini bildirmişlər, lakin icbari sığorta haqqında qanunda qeyd edilməyib ki, sığorta şirkəti zərərçəkən şəxsə sənədin çatışmamasına görə imtina verə bilər. 25.04.2020-ci il tarixində sığorta şirkətinə DYP tərəfindən yönləndirilmiş forma 4 sənədində tələb etdikləri sənədlər DYP əməkdaşı tərfindən sığorta şirkətinə təqdim edilmişdir. Sənədlərin DYP tərəfindən təqdim olunmasına baxmayaraq sənədlərin sürəti DYP sənədlərində çıxalıraraq sığirta şirkətinə poçt vasitəsi ilə təqdim edilmişdir. Sentyabr ayında sığorta şirkətindən nəqliyyat vasitəsinə dəyən zərərin 1050 AZN qiymətləndirildiyi bildirilmişdir. Təyin edilmiş 1050 AZN açıqlaması ilə tanış olmaq üçün sığorta şirkətinə yaxınlaşaraq qüsür aktını istədikdə, Hadisələr departamentinin rəisi Mahir adlı şəxs qüsür aktını təqdim etməkdən imtina etmişdir. Hadisədən uzun müddət keçdiyindən və hadisə sığota şirkətinin əməkdaşının bildirdiyi kimi, araşdırmada olduğundan nəqliyyat vasitəsini təmir etdirmişdir. Nəqliyyat vasitəsinə dəyən zərər rəsmi servis olan "Yeni Motors" tərəfindən 3051.22 AZN, məhkəmə ekspertizası mərkəzi tərəfindən 2435.17 AZN qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Kürdəmir şəhərində 17.04.2020-ci il tarixdə X1 idarə etdiyi “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada "xxxx" ASC-də sığortalanmış “KİA Cadenza” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Kürdəmir rayon DYPB-nin polis kapitanı X3 tərtib etdiyi 17.04.2020-ci il tarixli İnzibati xəta haqqında protokoldan və eyni tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “KİA Cadenza” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə ilə bağlı sənədlərə YNH iştirakçılarının sərxoşluq vəziyyətinin texniki vasitələrdən istifadə edilməklə yoxlanılması barədə protokollar əlavə edilsə də, həmin protokolların tərtib edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilməmişdir və bu səbəbdən sığortaçı hadisənin səbəblərini araşdırmaq imkanından məhrum edilmişdir. Qeyd edilən səbəblərdən Kürdəmir rayon Polis Şöbəsinə 13.08.2020-ci il tarixli məktubla müraciət edilərək, sərxoşluq vəziyyətinin müayinəsinə dair 17.04.2020-ci il tarixli, 00938 və 00939 saylı protokolların hansı səbəbdən hal şahidlərinin imzası və barəsində xüsusi texniki vasitələrdən istifadə edilən sürücülərin imzaları ilə təsdiqlənmədiyi barədə məlumat verilməsi xahiş edilmiş, 28.08.2020-ci il tarixli məktubla hal şahidlərinin imzası olan sənədlər əlavə edilərək göndərilmişdir. Bundan əlavə, hadisə nəticəsində “Mazda 6” markalı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək zərər məbləği 1050 manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən üç dəfə artıq olan 3051.22 manat tələb etmiş və təklif olunan 1050 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” Qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmis şəxs Qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Sığortaçı ilə razılaşdırmadan və onun iştirakını təmin etmədən özünün təyin etdiyi qiymətləndirmə rəyinə istinad edilməsi də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətində həmçinin göstərilir ki, ekspert tərəfindən hər hansı qiymətləndirmə keçirilməmiş, sadəcə iddiaçının özünün təqdim etdiyi qərəzli və zərər məbləğinin şişirdildiyi "xxxx" MMC-nin 22.09.2020-ci il tarixli aktında yazılanlar rəyə köçürülməklə kifayətlənmişdir. Yəni, ekspertizanın rəyində müəyyən edilən məbləğ iddiaçının təqdim etdiyi aktdakı məbləğdən bir manat da fərqlənməmişdir. Hazırkı halda ekspertin hər hansı müstəqil tədqiqat aparmadığı və iddiaçının qərəzli rəyinə istinad etməklə orada yazılmış məbləği olduğu kimi öz rəyinə köçürməsi aşkardır. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “KİA Cadenza” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Mazda 6” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi ziyan yetirmişdir. Sığorta təşkilatı iddiaçı tərəfindən tələb olunan məbləğdən yalnız 1050 manat məbləğində sığorta ödənişini ödəməyə razılığını bildirmişdir. Bununla razılaşmayan İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun tələbi avtomobilinə dəymiş zərərə görə 3050 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1268 saylı, 19.04.2021-ci il tarixli rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 24.1.6-cı maddəsi və s. normalarla əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1268 saylı, 19.04.2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 22.09.2020-ci il tarixli aktındakı məlumatlara əsasən avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Mazda 6” markalı, **-AJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3050 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 1528 manat; təmirbərpa işlərinin qiyməti 1522 manatdır. Apelyatorun mövqeyinə görə ekspert rəyi aşkar surətdə əsassızdır və rəyin şübhədən kənar rəy olmadığını sübut etməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası apelyatorun dəlilini əsassız sayır və qeyd edir ki, cavabdehin ekspert rəyi ilə razılaşmaması həmin rəyin əsassız və şübhəli olmasına dəlalət etmir. Cavabdeh tərəf dəymiş zərərin şişirdilmiş olduğunu, əslində daha az olduğunu iddia etsə də, bunu əsaslandıra, sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, ekspert rəyinin əsassız və şübhəli olduğunu bildirsə də, bunu da sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar