Məhkəmə qərarları › İş №2(103)-7223/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7223/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7223/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh T.Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5276,68 manat əsas borcu, 19,94 manat faiz borcu, 24,16 manat cərimə borcu olmaqla, ümumilikdə 5320,78 manat kredit borcunun və 73,21 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 1%-lə, 60 ay müddətinə, 10445,02 manat məbləğində kredit götürmüş, borcun təminatı olaraq digər Cavabdeh2 ilə 18 dekabr 2019cu il tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu zamin kimi kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, öhdəliyi lazımi qaydada icra etməmişdir. bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(001)- 3781/2023 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia təmin edilərək, cavabdehlərdən 5276,68 manat əsas borc, 19,94 manat faiz borcu və 24,16 manat cərimə borcu olmaqla, cəmi 5320,78 (beş min üç yüz iyirmi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun və 73,21 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdehlərdən Cavabdeh2 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, kreditor tərəfindən borcluya öhdəliyin icrası üçün əlavə vaxt verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, “Nikoyl” İKB ilə bağlanmış xx.xx.2014-cü il tarixli 3-MZ-1-0577-14 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 12709 ABŞ dolları məbləğində kreditin biznes fəaliyyətinin genişləndirmək məqsədi ilə verilməsi, lakin sonradan pandemiya səbəbindən Cavabdeh1 tərəifndən öhdəliyin tam olaraq yerinə yetirilməsində çətinlərin yaranması, bank tərəfindən əsas borcluya güzəşt olunmaması, kredit ödənişləri üçün möhlət verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətindən məlumatlı olmadığını, özü tərəfindən qətnamənin mübahisələndirilməməsini, qətnamə ilə razı olmasını, maddi vəziyyəti ilə bağlı uzun müddətdir kredit ödənişlərini həyata keçirə bilməməsini göstərmiş, həmçinin bildirmişdir ki, o, fərdi sahibkar olsa da, krediti istehlak məqsədilə götürmüş, həmin vaxtı VÖEN-i təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə aidiyyətini mübahisələndirmir. Sadəcə ona möhlət veriləcəyi təqdirdə kredit borcunun qalıq hissəsini tam ödəyə bilər. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, “Nikoyl” İKB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3- MZ-1-0577-14 saylı kredit müqaviləsi istahlak məqsədli olmuş, bu hal müqavilədə göstərilmişdir. Yəni, kredit sahibkarlıq məqsədilə verilməmiş, Cavabdeh1 VÖEN-i alınmamış və müqaviləyə daxil edilməmişdir. Ümumiyyətlə, bank təcrübəsində sahibkarlıq məqsədilə verilən kreditlər üçün təminat kimi girov, ipoteka götürülür. Hazırki 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi məhz Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3-MZ- 1-0577-14 saylı kredit müqaviləsi üzrə restrukturizasiyanın həyata keçirilməsi nəticəsində bağlanmışdır. Cavabdeh bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, uzun zamandır öhdəliyini yerinə yetirmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia təmin olunmuş, Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz digər cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli, 3-MZ-1-0-577-14 saylı “Bank hesabı, kredit və zaminlik müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 istehlak məqsədi ilə 24 ay müddətinə, illik 28% ödəmək şərtilə, 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” ilə bağlı xx.xx.2019-cu il tarixli, 3-MZ-1-0- 577-14 saylı Kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 5 il müddətinə, illik 1% olmaqla, 10445,02 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 3-MZ-1-0-577-14 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu xx.xx.2019-cu il tarixli, 3-MZ-1- 0-577-14 saylı Kredit verilməsinə dair müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 5276,68 manat əsas borc, 19,94 manat faiz borcu, 48,32 manat cərimə borcu olmaqla, 5344,94 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışlar. Cavabdeh2 apellyasiya şikayətində kredit borcunu mübahisələndirməmiş, yalnız Cavabdeh1 pandemiya dövründə maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit ödənişlərini lazımi qaydada həyata keçirə bilməməsini, bu səbəbdən də ona möhlət verilməli olmasını və s. göstrəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən həmin dəlillər özü-özlüyündə cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasından azad etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit ödənişlərini vaxtında həyata keçirməməsi, onu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad edə bilməz. Əksinə, bu hal, iddiaçıya kredit borcunun vaxtından əvvəl məhkəmə qaydasında tələb etmək hüququnu vermişdir. Eyni zamanda, “Covid-19” pandemiyasının baş verməsi halı da hazırki mübahisə üzrə fors-major halı kimi qiymətləndirilə bilməz. Pandemiyanın baş verməsi cavabdehin müqavilə şərtlərini yerinə yetirmək imkanından tamamilə məhrum etməmiş və ya öhdəliyin icrasını mümkünsüz etməmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, etirazını əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmış, qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması banklara tövsiyə edilmişdir. Məhz bu çərçivədə tərəflər arasında borclunun vaxtı keçmiş kredit borcunun restrukturizasiyasına dair yeni müqavilə bağlanmışdır. Lakin, cavabdeh tərəf müqavilə şərtlərini pozmuş, xəbərdalıq da göndərilməsinə baxmayaraq yenə ödənişləri müəyyən olunmuş qaydada həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcluya əlavə möhlət verilməsi ilə bağlı məsələlər isə müqavilə tərəflərin qarşılıqlı razılığı ilə öz həllini tapa bilər. Kollegiya, onu da vurğulayır ki, cavabdeh tərəf iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra (icra mərhələsində) qətnamənin hissə-hissə icra edilməsi və ya ona möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (MPM, maddə 231). Cavabdeh apellyasiya şikayətində həmçinin Cavabdeh1 sahibkar fəaliyyəti ilə məşğul olmasına, krediti də bu məqsədlə götürməsinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh1 fərdi sahibkar statusu olsa da, 04 avqust 2014-cü il tarixli kredit müqaviləsində kreditin məqsədi – istehlak kimi qeyd olunmuş, həmin müqavilədə sonuncunun sahibkar olması, kreditin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi və s. bu kimi zəruri hallar göstərilməmiş, müqavilədə Cavabdeh1 VÖEN-i belə qeyd olunmamışdır. Eyni zamanda, apellyasiya baxışında iştirak edən Cavabdeh1 qətnamə ilə razı olmasını, məhkəmə aidiyyətini mübahisələndirməməsini, krediti götürdüyü zamanı sahibkar olması ilə bağlı VÖEN-i banka təqdim etməməsini bildirmişdir. Cavabdeh apellyasiya şikayətində zaminlik müqaviləsini birbaşa mübahisələndirməsə də, az əmək haqqı aldığı halda onu necə zamin kimi qəbul etdiklərini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı da qeyd etməyi zəruri hesab edir ki, göstərilən hal özü-özlüyündə zaminlik müqaviləsinin qanuniliyini aradan qaldırmamaqla, onu etibarsız hala gətirmir. Mülki Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh2 etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh T.Musayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar