Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7224/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması və əlavə xərc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4213/2023 nömrəli 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 19 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 989 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin məhkəməyə müraciət edilən gündən, yəni xx.xx.2020-ci il tarixdən tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
3. xx.xx.2014-cü il təvəllüdlü X5 “şəkərli diabet tip 1” və “diqqət çatmamazlığın hiperaktiv pozuntusu F90.1”diaqnozu qoyulmuşdur.
4. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Respublika Endokrinoloji Mərkəzi” X10 vəkil sorğusuna 37 saylı, 16 may 2023-cü il tarixli cavab məktubuna əsasən şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində min. 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin hər dəfə uşağın barmağının deşilməsi pasiyent üçün mənəvi və psixoloji travma deməkdir. Libranın əhəmiyyəti barmaq deşilmədən istənilən miqdarda ölçüm aparıb qlikemiyaları nəzarətdə saxlamaqdır. Bizim ölkədə rəsmi satışda yoxdur, xarici ölkələrdən gətizdirilir (kargo, poçt vasitəsilə). Qonşu ölkədən sifariş edərkən 1229TL-110 manat, satıcılardan alınma qiyməti 140 manatdır. Rəsmi olaraq 14 gün, xüsusi proqramlar var ki, 8 gün əlavə vaxtını uzatmaq olur. Əhəmiyyətli və vacibdir. Şəkərli diabet xəstələri üçün vacib olan tibbi ləvazimatların siyahısına salınması çox böyük əhəmiyyət kəsb etmiş olar.
5. xx.xx.2014-cü il təvəllüdlü X4 qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməli və bunu barmaq deşilmədən etmək üçün, ayda 2 (iki) ədəd freestyle libre sensor aparatına ehtiyac var. Həmin aparatın 2 (iki) ədədinin satış qiyməti 280 (iki yüz səksən) manat təşkil edir.
6. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi bağlı Çıxarışdan müəyyən edilir ki, X6 üçüncü dərəcəli əlildir.
7. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı yetkinlik yaşına çatmayan uşağı X3 əlilliyinə görə 100 manat pensiya məbləği (müavinat) alır.
8. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən cavabdeh "xxxx" MMCdə menecer vəzifəsində işləyir və 1012,57 manat əmək haqqı alır.
9. Təqdim edilmiş əmək kitabçasına əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə - tərəflərdən birinin təşəbbüsü (öz xahişi ilə) əsasən cavabdehin əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan 170 manat alimentin məbləğinin artırılaraq aylıq 500 manat məbləğində müəyyən edilməsi, barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X5 qulluğa görə cavabdehdən əlavə olaraq 200 manat məbləğində alimentin tutulması, 2022-ci ilin mart ayından indiyə qədər 34 ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq 4.760 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, orqanizm funksiyalarının 40% pozulmasına görə barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X1 üçün cavabdehin 140 manat məbləğində əlavə xərcə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, artıq 3 (üç) ildir cavabdeh yalnız aylıq 170 manat ödəməklə uşağın həyatında iştirak etdiyini zənn edir. Halbuki, artıq 2 ilə yaxındır ki, uşaqları Camalın orqanizm funksiyalarının 40 (qırx) % pozulmasına görə onun barəsində üçüncü dərəcəli əlillik müəyyən edilib. Belə ki, azyaşlı insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkir. O, həkim tərəfindən təyin edilmiş xüsusi pəhrizlə qidalanır və xəstəliyi ilə əlaqədar zəruri dərmanlar qəbul edir. Camalın qan şəkərinin davamlı izlənməsi üçün freestyle libre sensor aparatından istifadə edilir. Belə ki, şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin bunun üçün hər dəfə xüsusi iynə ilə uşağın barmağının deşilməsi fiziki və psixoloji travmaya səbəb olur. Azyaşlı uşağının gün ərzində ən azından 6-7 dəfə bu ağrıya məruz qalmaması məqsədilə qandakı şəkəri ölçə bilmək üçün iynəsiz freestyle libre sensor aparatından istifadə edir. O, həmin aparatı indiyədək özü və qardaşının vəsaiti hesabına Fransadan təmin edib. Uşağın qandakı şəkərini ölçmək üçün ayda 2 ədəd freestyle libre sensor aparatına ehtiyac vardır. Həmin aparatın 1 ədədinin satış qiymətinin 140 manat olduğu nəzərə alınsa, deməli uşağın qəbul etdiyi dərman vasitələri və xüsusi pəhriz qidaları xaric, sadəcə onun şəkərinin ölçülməsi üçün aylıq 280 manat məbləğində pul vəsaiti xərclənir. Bundan başqa, azyaşlı Camala diqqət çatmamazlığın hiperaktiv pozuntusu F90.1 tibbi diaqnozu da qoyulub. Bu cür diaqnoz qoyulmuş uşaqlarla həftədə 3 dəfə 1 saatlıq seanslarla xüsusi ixtisaslaşmış mütəxəssislər məşğul olurlar. 1 saatlıq seansın qiyməti 50 manat təşkil edir, bu isə həftədə 150 manat, ayda 600 manat məbləğində vəsait tələb edir. Bundan başqa, uşağın əlavə olaraq mütəmadi olaraq həkim müayinəsi və dərman ləvazimatlarına ehiyacı var və tərəfindən buna daimi olaraq vəsaitlər xərclənib və xərclənməkdə də davam edir. Uşaq mütəmadi olaraq baxıma ehtiyacı olduğu üçün hardasa daimi olaraq işləyə və qazanc əldə edə bilmir. Cavabdehin aylıq qazancı davamlı olaraq ən azı 2000-2500 manat məbləğində olur. O, bahalı brend mağazalarda satış meneceri və müdir vəzifəsində çalışır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 oktyabr 2023-cü il tarixli 2(004)-4213/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı hər ay 140 (yüz qırx) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin tutulma (dəyişdirilmə) vaxtının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
14. Məhkəmə iddia tələbinin orqanizm funksiyalarının 40 % pozulmasına görə barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh 140 (bir yüz qırx) manat məbləğində əlavə xərcə cəlb edilməsi hissəsinə münasibət bildirərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. İddiaçı iddia tələbində göstərdiyi əlavə xərclər (xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclər) müvafiq qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarla əlaqədar yaranmış xərclərə daxildir.
15. Məhkəmə iddia tələbinin barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X5 qulluğa görə Cavabdeh əlavə olaraq 200 (iki yüz) manat məbləğində alimentin tutulması, 2022-ci ilin mart ayından indiyə qədər 34 (otuz dörd) ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq iddiaçı tərəfindən təkbaşına 4.760 (dörd min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı yetkinlik yaşına çatmayan uşağı X3 əlilliyinə görə 100 manat pensiya məbləği (müavinat) alır. Həmçinin o, 2022-ci ilin mart ayından indiyə qədər 34 (otuz dörd) ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq tərəfindən təkbaşına 4760 (dörd min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə işin hallarını və eləcə də qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi (borcu) olduğunu nəzərə alaraq hesab etmişdir ki, uşağın aylıq müalicəsi üçün zəruri olan məbləğin yarısı, 140 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 78.1, 78.2, 81, 112.1, Uşaq Hüquqları haqqında Qanuna, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
19. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın alimentin artırılması, nikah pozulduqdan sonra keçmiş arvada aliment ödənilməsi və cavabdehin yetkinlik yaşına çatmayan uşağa görə faktiki çəkilmiş əlavə xərclərə cəlb edilməsi hissəsinə münasibətdə qismən ləğv edilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatanadək cavabdehdən tutulan 170 manat alimentin məbləğinin artırılaraq aylıq 500 manat məbləğdə müəyyən edilməsi; barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X5 qulluğa görə cavabdehdən əlavə olaraq 200 manat məbləğində aliment tutularaq ona ödənilməsi; 2022-ci ilin mart ayından indiyə qədər 34 ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq tərəfindən təkbaşına ödənilmiş 4.760 AZN məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi; orqanizm funksiyalarının 40 % pozulmasına görə barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X1 üçün cavabdehin 140 AZN məbləğdə əlavə xərcə cəlb edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmişdir.
20. Cavabdeh apellyasiya şikayətində qətnamənin uşağın müalicəsi üçün 140 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsinin əlavə xərclərə cəlb edilməyi ilə bağlı hissəsi ilə razı deyil. Həftə sonları, yəni şənbə və bazar günləri uşaq onun yanında qalır. X8 Respublika Endokrinoloji Mərkəzində laborant vəzifəsində işləyir. Uşağında şəkərli diabet xəstəliyini aşkar edən də anası olmuşdur. Şəxsən anası uşağı 6 saylı Uşaq Xəstəxanasına aparmış, uşağa şəkərli diabet xəstəliyi diaqnozu qoyulmuşdur. Daha sonra anası işlədiyi idarəyə uşağı uçota salmışdır və uşağa şəkərli diabet xəstəsi kimi lazım olan bütün tibbi avadanlıqlar və vasitələr hər ay gündəlik tələbatına uyğun olaraq verilmişdir. Uşağın qeydiyyata alınmasında, ona qulluğa görə müavinətin və 3-cü qrup əlilliyin alınması üçün anası iddiaçıya yaxından köməklik etmişdir. Həftə sonları, yəni şənbə və bazar günləri qida və geyim tələbatları ilə təmin edir. Uşağın səhhəti ilə bağlı onun vəziyyətini nəzarətdə saxlamaq üçün smartfonlar lazım olmuş, 4 il olar ki, hər il o və nənəsi uşağın telefonunu dəyişdirir. Telefonların alınması ilə bağlı “Kontakt Home”dan alınan qəbzlər və kredit ödəniş çekləri birinci instansiya məhkəməsinə yazılı etirazına qoşma olaraq göndərilmişdir. Onun qanında şəkərin ölçülməsi üçün proqramlar üçün smatfon mobil telefonlar lazım olmuşdur. Həmin telefonları kreditə anası və o, almışdır. Uşağın diqqət çatışmazlığının hiperaktiv pozuntusu ilə bağlı guya anası tərəfindən xüsusi seanslara aparılması ilə bağlı on minlərlə manat pul xərcləməsi ağ yalandır. Həqiqətdə isə uşağı nənəsi Respublika Psixi Sağlamlıq Mərkəzinə dəfələrlə konsultasiya aparmış, həmin müəssisə də dövlətin balansında olmaqla xidmətləri ödənişsiz olmuşdur. Uşağın qan şəkərinin ölçülməsi üçün iddiaçı tərəfindən xaricdən freestyle libresensor apartının gətirilməsi uşağın deyil, ananın özünün rahatlığı üçündür. Məhkəmədə iddiaçı tərəf guya özünün işləmədiyini qeyd etmişdir. Bu da həqiqətə uyğun deyil. Həftənin 4-cü günü iddiaçı uşağı dayəyə verir, özü isə işə çıxır. Uşağın dediyinə və onun telefonunda olan anası ilə olan səsli yazışmalarda anasının onun qayğısına heç də həssas ana kimi qalması görünmür. Əksinə uşaq evdə tək qalır, yeməyini özü yeyir, tək yatır. O, əslində xx.xx.2023-cü il tarixdən "xxxx" şirkətində menecer vəzifəsində müddətli əmək müqaviləsi əsasında işləyir. Əmək müqaviləsinin müddəti xx.xx.2023-cü ildə bitir, gələcəkdə işsiz qalmaq riski var. Bundan əlavə əmək haqqının ¼ hissəsinin tutulmasına razıdır. Uşağa hər dəfə telefon aldığı üçün ona görə kredit ödənişləri də var. Qeyri-rəsmi nağd formada da dəfələrlə özü də, anası da iddiaçıya uşaq üçün ödənişlər vermişlər. Məhkəmə onun iştirakını təmin etmədən, onu dinləmədən vəziyyətini ağırlaşdıran (əlavə xərclərə cəlb edilmə bağlı hissədə) qətnamə qəbul etmişdir. Uşağın müalicəsi dövlət tərəfindən təmin olunur, valideyn kimi nə onun, nə də ki anasının müalicə xərcləri olmur. İddiaçının öz istəyi ilə ona heç bir məsləhət etmədən xaricdən hansısa aparatın alınması sırf iddiaçının özünün rahatlığlıına hesablanmışdır. Artımla uşağına 250 manat aliment ödəməyə hazırdır, lakin təyinatı bilinməyən ayrıca 140 manat ödəməyi əsassız hesab edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz ünvanlayaraq, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
23. Cavabdehin nümayəndəsi-vəkili öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
24. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
25. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
26. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
27. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. İddiaçı alimentin məbləğinin artırılaraq 500 manat müəyyən edilməsini tələb etmiş, məhkəmə isə işin müəyyən edilmiş hallarına əsasən 250 manat sabit pul məbləğində aliment tutulması qənaətinə gəlmişdir.
37. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür.
38. İddiaçı 500 manat aliment tutulması tələbini onunla əsaslandırır ki, cavabdehin aylıq qazancı davamlı olaraq 2000-2500 manat məbləğdə olur. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, iş materiallarından isə belə bir hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, 2023-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimununu və tərəflərin vəziyyətini nəzərə alaraq haqlı olaraq 250 manat məbləğində aliment müəyyən etmişdir.
39. Bundan başqa iddiaçı uşağa qulluğa görə əlavə olaraq 200 manat aliment tutulmasını xahiş etmişdir.
40. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı uşağın əlilliyinə görə 100 manat pensiya (müavinət) alır. Ona görə də iddiaçının əlavə olaraq cavabdehdən də uşağa qulluğa görə 200 manat tələb etməsi əsassızdır.
41. 2022-ci ilin mart ayından indiyə qədər 34 ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq tərəfindən təkbaşına 4760 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməməsi əsası ilə iddianın bu hissədə rədd edilməsi də qanuni və əsaslı olmuşdur.
42. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
43. Apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlərə münasibətdə Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən apellyasiya baxışı zamanı yeni sübutlar qəbul edilmir, iddiaçı tərəfindən həmin sənədlər birinci instansiya məhkəməsi zamanı təqdim edilməli idi.
44. İddiaçı orqanizm funksiyalarının 40% pozulmasına görə barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh 140 manat məbləğində əlavə xərc tələb etmiş, qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi (borcu) olduğunu nəzərə alaraq məhkəmə uşağın aylıq müalicəsi üçün zəruri olan məbləğin yarısı olan 140 manatın cavabdehdən tutulması qənaətinə gəlmişdir.
45. Cavabdeh isə bu hissədə qətnaməni mübahisələndirmişdir.
46. Kollegiya cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Cavabdehin şikayətdə göstərdiyi hallar bu hissədə iddianın rədd edilməsi üçün əsas vermir. Uşağa aid çəkilən xərclərə görə valideynlər eyni həcmdə həm hüquq, həm də vəzifə daşıyırlar.
47. Beləliklə Kollegiya hesab edir ki, hər iki tərəfin apellyasiya şikayəti əsassız olmaqla, məhkəmənin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4213/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.