Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7227/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(004)-1682/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 222 manat, müstəqil ekspert üçün ödənilmiş 50 manat, 120 gün ödənişdən imtina etdikləri üçün dəbbə olaraq 30 manat, məhkəmənin hazırlıq və baxış iclaslarına gedib-gəlmək üçün 10 manat yol xərci, 20 manat dövlət rüsumu, iki dəfə işdən ayrılıb məhkəmə iclaslarına getdiyi üçün gəlirindən itirəcəyi 40 manat, ümumilikdə 372 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Mercedes BENZ 270” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil AC № 024996 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsusdur. Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X5 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli nəqliyyat vasitələrinin zədələnməsi barədə AYP seriyalı № 042581 saylı arayışa əsasən xx xxxxxx 2019-cu il tarixdə “Toyota Prius” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə zərər dəymişdir. Həmin avtomobil “avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən PXA********** saylı müqaviləyə əsasən sığortalanmışdır. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi dəvət olunmuşdur. Bütün sənədləri xx xxxxxxxx 2019-cu il tarixədək təqdim olunandan sonra cavabdehin işçiləri onu cuzi zərər məbləği ilə razı salmağa çalışmışlar. Buna görə də cavabdehə pretenziya məktubu ilə müraciət etmişdir. Əsasən narazılığı cavabdeh tərəfdən heç bir sənəd təqdim etmədən dəymiş zərərin məbləğinin təyin olunması və mövcud olmayan ekspertlərin rəy verməsi olmuşdur. X1 Nəzarət Palatasına müraciət etmişdir. X2 Palatası iki dəfə yazılı şəkildə “xxxxxxxxxxxx” ASC-dən müstəqil ekspertin təyin olunmasını tələb etsə də, bu rəsmi şəkildə baş verməmişdir. Belə ki, ekspert kimi ona zəng edən və zərərin müəyyən olunması üçün onu dəvət edən şəxsdən onun buna səlahiyyətinin olmasını tələb etsə də, belə bir sənədlər ona təqdim edilməmiş və onun bu tələbindən sonra həmin ekspert yoxa çıxsa da, sonradan rəy təqdim etmişdir ki, güya iddiaçı dəyərləndirmənin aparılmasına mane olmuşdur. Növbəti dəfə X2 Palatasına müraciətinə cavab olaraq ona Palatada qeydiyyatdan keçmiş müstəqil ekspertlərdən birinə müraciət etməsi və dəymiş zərərin müəyyən edilməsi tövsiyyə olunmuşdur. “xxxxxxxxxxxx” ASC-yə müstəqil ekspert ilə bağladığı müqaviləni, müqavilə üçün ödənilən məbləğin qəbzini və müstəqil ekspert tərəfindən tərtib edilmiş qüsur aktını Palataya təqdim etmişdir. “xxxxxxxxxxxx” ASC-dən qüsur aktı üzrə nəqliyyat vasitəsinə dəymiş zərəri ödəməyə hazır olduqları barədə cavab almışdır. Lakin sığortaçının əvəzinə müstəqil ekspertə ödədiyi xidmət haqqının ödənilməsindən cavabdeh imtina etmişdir. Sığortaçı rəsmi ekspert təyin etməmiş, “xxxxxxxxxxxx” ASC-nin fəaliyyətsizliyi nəticəsində ona maddi zərər dəymişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 222 manat sığorta ödənişi, 50 manat müstəqil ekspert üçün ödəniş, dəbbə olaraq 26,64 manat, 7,70 manat yol xərci, 19,80 manat dövlət rüsumu, iki dəfə işdən ayrılıb məhkəmə iclaslarına getdiyi üçün gəlirindən itirdiyi 40 manat olmaqla, ümumilikdə 366,14 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 6 ay ərzində məhkəmə tərəfindən araşdırılan iş süni xarakter daşımış və faktiki olaraq, iddiaçı tərəfindən əsassız tələb edilən 50 manatın ətrafında aparılmışdır. Belə ki, iddiaçı 2020-ci ilin yanvar ayında iddia ərizəsilə məhkəmə müraciət edərək, cavabdehdən 222 manat sığorta ödənişini tələb edəndən xeyli əvvəl, hələ xx xxxxxx 2019-cu il tarixində, xx xxxxxx 2019-cu il tarixində və xx xxxxxx 2019-cu il tarixində cavabdeh sığorta nəzarəti orqanına və iddiaçıya göndərdiyi xx/xx-1053, 05/011111 və xx/xx-1241 saylı məktublarla 222 manat sığorta ödənişinin edilməsinə razılığını bildirmişdir. Beləliklə, cavabdehin könüllü ödəməyə hazır olduğu məbləğlə bağlı 6 ay araşdırma aparılmışdır. İddiaçının digər tələbi ona 50 manat müstəqil ekspert xərcinin ödənilməsi tələbi olmuşdur ki, bu tələbin də heç bir əsası olmamışdır. Cavabdeh tərəfindən müstəqil ekspert təyin edilməsinin iddiaçının özü tərəfindən etiraf edilməsinə baxmayaraq, məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdeh müstəqil ekspert təyin etməsini sübuta yetirə bilməmişdir. İddiaçı yersiz tələblər irəli sürərək, avtomobilini müstəqil ekspertə təqdim etməmiş, kənar bir şəxsdən aldığı qüsur aktını cavabdehə təqdim etmişdir. Bu halda cavabdeh xoş məram nümayiş etdirərək, həmin aktı qəbul etmiş və orada göstərilmiş 222 manatı ödəməyə razı olduğunu bildirmişdir. Lakin iddiaçı qüsur aktının alınmasına görə könüllü surətdə sərf etdiyi 50 manatım da sığorta ödənişinin üzərinə gəlinməsini tələb etdikdə, cavabdeh bundan imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, əvvəla, zərərdən artıq sığorta ödənişinin edilməsi qanun pozuntusudur. Digər tərədən isə iddiaçı bu xərci çəkməyə məcbur deyildi və bunu öz istəyilə etmişdir. Nəhayət zərərin miqdarının müəyyən edilməsi qanunla sığortaçının səlahiyyətlərinə aid edilmişdir. Təəssüf ki, tərəflərin “mübahisəsinin” əsasını təşkil edən bu sadə halı məhkəmə 6 ay araşdırmış və nəticə olaraq, yuxarıda göstərilən qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Məhkəmə iddiaçının əlavə tələblərinin təmin edilməsinin əsaslandırılmasında da ciddi pozuntulara yol vermiş və faktiki olaraq bu tələbləri heç bir əsas olmadan təmin etmişdir. Belə ki, iddiaçının 7,70 manat məbləğində taksi xərclərinin və “gəlirindən itirəcəyi” 40 manat məbləğində vəsaitin cavabdehdən, tutulması barədə tələbini təmin edərkən, məhkəmə sübut kimi, birinci halda “Bolt” taksi şirkətinin ingilis dilində tərtib edilmiş və heç bir rekviziti olmayan hesablarına (invoice), ikinci halda isə “xxxxxxxx” MMC-nin, heç nəyi sübut etməyən məktubuna istinad etmişdir. Taksi xərcilə bağlı qeyd etmək istəyirik ki, iddiaçı tərəfindən çəkilmiş xərc, ona “Bolt” tərəfindən təqdim edilmiş hesablara deyil, vəsaitin ödənilməsi barədə mədaxil qəbzləri ilə təsdiq edilməli idi. İddiaçının “xxxxxxxx”dəki “gəlirindən itirəcəyi” vəsaitlə bağlı tələbinin təmin edilməsi isə, ümumiyyətlə, heç bir sağlam məntiqə sığmır. Əvvəla, hələ itirilməyib, gələcəkdə (nə vaxtsa) itiriləcək məbləğin indidən cavabdehdən tutulması özü özlüyündə, əsassız tələblərə yol açan mənfi bir presedentdir. Hələ bu da az imiş kimi, “xxxxxxxx” tərəfindən kommersiya sirri kimi gizlədilən iddiaçının əmək haqqından, məhkəmədə iştiraka görə tutma olacağı qənaətinə məhkəmənin nəyə əsasən gəlməsi məlum deyildir. Yeri gəlmişkən, qətnamənin nəticə hissəsindəki “gəlirindən itirəcəyi” ifadəsi, qət hissəsində “gəlirindən itirdiyi” ifadəsinə çevrilmişdir və bu da ona dəlalət edir ki, məhkəmə bu iki hal arasındakı prinsipial fərqi ya görmür ya da ki, bu fərqi əhəmiyyətsiz sayır. “xxxxxxxx”in arayışında iddiaçının əmək haqqından məhkəmədə iştirak saatlarına görə tutma olacağına heç işarə belə yoxdur. Belə bir halda, iddiaçının lazımi sübutlarla təsdiq edilməyən tələblərinin təmin edilməsi, ciddi pozuntu kimi dəyərləndirilməlidir. Məhkəmə araşdırması həm də qeyri-adi prosessual pozuntularla müşayət edilmişdir. Belə ki, hakim məhkəmə araşdırmasını başa vurub, müşavirəyə çıxdığını bildirmiş, tərəflərə qətnaməni elan edəcəyi vaxtı səsləndirmiş və bundan xeyli müddət keçəndən sonra, heç bir ciddi əsas göstərmədən, aydınlaşdırılmalı olan yeni halların nədən ibarət olduğunu səsləndirmədən prosesi yenidən bərpa etmişdir. Hesab edirlər, məhkəmənin nəticəsinə təsir etmiş mühüm amillərdən biri də iddiaçının əvvəlcə hakimə yazılı etiraz edərək, sonradan ondan imtina etməsi olmuşdur (bu etiraz iş materiallarında vardır). Bu halı məhkəmənin gedişatına təziq göstərilməsi kimi dəyərləndirirlər və hesab edirlər ki, əgər bu etiraz əsassız idisə - onun iddiaçı üçün hüquqi nəticələri olmalı idi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, “Mercedes BENZ 270” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Həmin avtomobil “avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən PXA********** saylı müqaviləyə əsasən sığortalanmışdır. xx xxxxxx 2019-cu il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən iddiaçının mülkiyyətində olan “Mercedes BENZ 270” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. İddiaçı “xxxxxxxxxxxx” ASC-yə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli pretenziya məktubunda bildirmişdir ki, şirkət tərəfindən müəyyən edilmiş onun avtomobilinə dəymiş zərər məbləği ilə razı deyil və zərərin miqdarının qiymətləndirilməsi üçün müstəqil ekspertin dəvət olunmasını tələb edir. X2 Palatası xx xxxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli məktublar ünvanlayaraq, “xxxxxxxxxxxx” ASC-dən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin miqdarı barədə əldə olunmuş razılığın, razılıq əldə olunmadığı təqdirdə isə müstəqil ekspertizanın keçirilməsi və keçirilmiş ekspertizanın nəticəsi barədə məlumatın 5 iş günü müddətində İddiaçı təqdim olunması xahiş olunmuşdur. İddiaçı ilə müstəqil ekspert X3 arasında bağlanmış avtomobilin qiymətləndirilməsinə dair 09 saylı müqaviləyə əsasən, ekspert İddiaçı məxsus avtomobilin texniki vəziyyətinin araşdırılmasını və qiymətləndirilməsini öhdəsinə götürmüş, avtomobilin qiymətləndirilməsi üçün xidmət haqqı olaraq 50 manat müəyyən edilmişdir. Həmin ekspert tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli qüsur aktından müəyyən olunur ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği 222 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin İddiaçı ünvanladığı xx xxxxxx 2019-ci il tarixli, xx/xx-1122 saylı məktubla bildirilmişdir ki, “xxxxxxxxxxxx” ASC iddiaçı tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən müəyyən olunmuş 222 manat məbləgində zərər məbləği ilə razılaşmış, lakin qiymətləndirmə xərci olan 50 manat xərcin ödənilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməsi üçün “Bolt” taksi xidmətindən istifadə etmiş, sonuncu tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli hesablara əsasən ümumilikdə 7,70 manat yol xərci ödəmişdir. Bundan əlavə, “xxxxxxxx” MMC tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, iddiaçı “xxxxxxxx” MMC-də aparıcı mühəndis vəzifəsində işləyir və onun fevral ayı üçün bir iş saatının dəyəri 24,17 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 925.1, 925.2, 925.3, 926.1, 1096.1, 1096.2 və 1097.1-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 13.1, 13.2, 16.4, 20.2, 24.1.4 və 24.1.6-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 926.1 maddəsinə əsasənsığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasəndelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4cümaddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 24.1.6-cı maddəsinə əsasən zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda X2 orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Həmin Qanunun 24.1.4cü maddəsinə əsasən zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır. Belə ki, İddiaçı tərəfindən ünvanlanmış yazılı tələbə əsasən, cavabdeh “xxxxxxxxxxxx” ASC tərəfindən müstəqil ekspertə müraciət etməsi, onunla bu barədə müqavilə bağlaması və həmin ekspertə qiymətləndirmə xərcinin ödənilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş və (ya) bu halları təkzib edən sübutları təqdim etməmişdir. Öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi ziyan dəydiyi sübuta yetirildiyi üçün cavabdehdən sığorta ödənişinin, müstəqil ekspert üçün ödənişin, yol xərcinin və dövlət rüsumunun tutulması barədə hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Kollegiya hesab edir ki, dəbbənin və iddiaçının iki dəfə işdən ayrılaraq məhkəməyə gəlməklə itirdiyi gəlirin əvəzinin tutulması hissəsində tələb əsassızdır və təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İş materialları ilə müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta ödənişinin ödənilməsindən boyun qaçırılmamış, sığorta ödənişinin sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi nəticəsində həyata keçiriləcəyi bildirilmişdir. Belə olan halda, iddia tələbinin dəbbə pulunun tutulması hissəsi təmin edilə bilməz. Bundan başqa, iddiaçı məhkəmə iclasında iştirak etdiyi dövr üçün itirdiyini bildirdiyi gəlirin əvəzinin tutulmasını xahiş edir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinin “ə” bəndinə əsasən, fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə, işçinin iş yeri və orta əmək haqqı saxlanılır. Beləliklə, məhkəmə iclasında iştirak etdiyi dövr orta aylıq əmək haqqı saxlanılmadığı olduğu üçün cavabdehdən həmin gəlirin əvəzinin tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - dəbbənin və itirilmiş gəlirin əvəzinin tutulması hissələrində ləğv edilməli, iddia həmin hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1682/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “dəbbə olaraq 26,64 manat pulun və iki dəfə işdən ayrılıb məhkəmə iclaslarına getdiyi üçün gəlirindən itirdiyi 40 manat pulun tutulması” hissələrində ləğv edilsin. İddia ərizəsi həmin hissələrdə təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1682/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7227/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7227/2020
06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver